Məhkəmə qərarları › İş №2(042)-467/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-467/2021

17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-467/2021 17.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydaya və mənəvi ziyana görə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin ona məxsus “Opel Astra” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşının vurulması nəticəsində əldən çıxmış fayda kimi 3000 manat ziyanın, mənəvi ziyan kimi 5000 manatın və 31 manat ödənilmiş dövlət rüsumunun, cəmi 8031 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək göstərdi ki, 13 oktyabr 2019-cu il tarixdə “X3 yük” markalı LX112TR19 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhərinin Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən onun idarə etdiyi “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşınımı arxadan vurmuş, onun idarə etdiyi avtomaşın da qarşıdakı başqa bir maşınla toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomaşına xeyli miqdarda ziyan vurulmuşdur. Cavabdehin avtomaşınını vurması nəticəsində o artıq 2 ilə yaxındır ki, işləyə bilmir. Yəni o avtomaşınla yükdaşıma xidməti həyata keçirib, ayda təxminən 100-120 manat qazanmışdır. Taksı fəaliyyətinə icazəsi olmamış, yük daşıma ilə məşğul olmuşdur. Eləcə də 03.10.2019-cu il tarixdən bu yana avtomaşın dayanacaqda durmasına görə bir gün üçün 0.50 manatdan pul ödəməlidir. Bu müddətdə avtomaşının texniki baxış müddəti, sığorta müddəti, etibarnamənin müddəti bitmişdir. Həmçinin hər gün işə gedib-gəlməyə 1.50 manatdan pul xərcləyir. Gədəbəy rayonuna 4 dəfə gedib-gəlməyinə 100 manatdan artıq pul xərcləmişdir. Avtomaşının dayanacaqda sökülü halda qalması səbəbindən bəzi ehtiyat hissələri itibbatmış, maşının akumlyatoru sönmüşdür. Hazırda 2 ilə yaxındır ki, cavabdehin təqsiri üzündən o əldən çıxmış fayda kimi 3000 manat pul itirmiş və həmin ziyan bu gün də artmaqda davam edir. Eləcə də mən cavabdehin bu cür laqeyd münasibətindən əsəbləşdiyinə görə səhhətinə ziyan dəymiş, o həkimə, dava- dərmana pul xərcləmişdir. O, hadisə barədə 3 dəfə 102 xidmətinə müraciət etmişdir. Cavabdehin ona qarşı qərəzli hərəkətləri onu xəstə salmışdır. Bu mənəvi ziyan da 5000 manat təşkil edir ki, həmin məbləğ də cavabdehdən tutulub mənə ödənilməlidir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını hərtərəfli araşdıraraq və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan “Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında” 25.08.2019cu il tarixli etibarnamədən görünür ki, Əzizov Seydi-Əzim Məhəmməd oğlu tərəfindən “Opel Astra minik” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı 1 il müddətinə etibar edilmişdir. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilmsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dizpozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı iddia ərizəsində qeyd etdiyi onun idarə etdiyi “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh təqsiri ucbatından dayanacaqda saxlanması nəticəsində ona maddi zərər vurulduğunu sübut etməlidir. Lakin məhkəmə iclasında iddiaçı ona maddi zərər vurulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Belə ki, məhkəmədə müəyyən edildi ki, iddiaçı iddia ərizəsində və izahatında Cavabdeh təqsir ucbatından avtodayanacaqda saxlanılması nəticəsində 2 il müddətində taksi fəaliyyəti ilə məşğul ola bilməməsinə, dayanacaqda saxlanması üçün hər gün üçün 0.5 manat pul ödədiyininə, Gədəbəy rayonuna 4 dəfə gəlib-getməsinə, hər gün işə gedibgəlməsinə üçün 1.5 manat pul xərclədiyinə , bu müddət ərzində avtomobilin texniki baxış müddətinin, sığorta müddətinin, etibarnamə müddətinin bitməsinə və avtomaşının sökülü vəziyyətdə avtodayanacaqda saxlandığı üçün ehtiyat hissələrinin itməsinə görə 3000 manat məbləğində maddi ziyanın dəyməsini göstərmiş, lakin iddiaçı məhkəməyə taksi fəaliyyəti ilə məşğul olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının özünün də bildirmişdir ki, onun yükdaşıma taksi fəaliyyətinin qanuni icazəsi olmamışdır. Eləcə də, yol nəqliyyatı hadisəsinin 2019-cu ilin avqust ayında olmasına baxmayaraq nəqliyyat vasitəsinin təmir üçün uzun müddət dayanacaqda qalması, həm iddiaçının, həm də cavabdehin təqsiri ucbatından olmuşdur. Cavabdeh avtomaşının təmiri ilə əlaqədar öhdəliyi icra etmədiyi halda iddiaçı öz əmlakını götüb digər ustada təmir etdirə bilərdi. Lakin buna baxmayaraq iddiaçı öz avtomaşının sahibliyinə götürməmişdir. Həmçinin iddiaçı vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş Gədəbəy rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(042)-586/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, vurulmuş ziyana görə 170 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmçinin sadalanan digər hərəkətlərin və avtomobilin dayanacaqda uzun müddət saxlanmasını yalnız cavabdehin təqsiri ucbatından kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan zərərin əvəzini iddiaçıya ödəməyə borclu deyildir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə qiymət verərək aşağıdakılar qeyd etməyi zəruri hesab edir: “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Üzərinə sübutetmə yükü düşən iddiaçı qeyd olunan halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün hüquqi və fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydaya və mənəvi ziyana görə pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar