Məhkəmə qərarları › İş №2(042)-531/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-531/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-531/2024 10.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobil yolundan istifadəyə edilən maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh inzibati qaydada cəza verilməsi və ona dəyən maddi və mənəvi zərərə görə 600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə aparılması barədə ərizə verərək, ona dəyən maddi və mənəvi ziyan olaraq 600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və evinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən maneələrin aradan götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, 1985-ci ildə inşa edilmiş fərdi yaşayış evi ata mülküdür. Qonşusu Cavabdeh yaşadığı fərdi yaşayış evinə gedən yola öz həyətyanı torpaq sahəsindən çıxan daşlar tökür. Beləliklə onun yaşayış evinə gedən yoldan istifadəsinə maneə yaradır. Bununla da cavabdeh həyətyanı torpaq sahəsini genişləndirmək məqsədi güdür. 10 ildən çoxdur ki, özü və ailə üzvləri Qüdrət tərəfindən təhqirlərə, nalayiq küçə söyüşlərinə məruz qalır. Bu barədə Gədəbəy rayon polis şöbəsinə və Arıxdam kənd Bələdiyyəsinə etdiyi müraciətlərə cavab olaraq ona iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə uzun müddətdir ki, avtomobil yoluna görə mübahisələr olmuşdur. Cavabdeh dəfələrlə onu təhqir etmişdir. Cavabdeh avtomobil yoluna daşlar tökərək, avtomobil yolundan istifadələrinə maneələr yaratmışdır. Foto şəkilləri ərizəsinə əlavə etmişdir. Foto şəkillərdə olan daşları cavabdeh həyətindən çıxararaq avtomobil yoluna tökmüşdür. Onun adına olan daşınmaz əmlakları ilə bağlı iki çıxarış mövcuddur. Avtomobil yolu ona məxsus torpaq sahələrinin arasından keçir. Ona görə də adına ayrıayrılıqda iki çıxarış verilmişdir. Həmçinin o iddiaçı ilə aralarında olan avtomobil yolu mübahisəsi ilə bağlı məhkəməyə gəlib-getməklə işindən qalması, sənədlərin poçt vasitəsi ilə məhkəməyə göndərilməsi və sənədlərin çıxarılaraq ərizəyə əlavə edilməsi nəticəsində ona ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu Arıqdam Bələdiyyəsi və Gədəbəy rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktublardan görünür ki, İddiaçı, Cavabdeh tərəfindən avtomobil yoluna daş düzməsi və yolu kəsməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********96 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.24 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına ümumi birgə payları olmaqla xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********94-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına ümumi birgə payları olmaqla, 136.40 kv.m sahəsi olan fərdi yaşayış evi isə İddiaçı adına tam payı olmaqla xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. Məhkəmədə iddiaçının izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.03 ha və 0.24 ha torpaq sahələri İddiaçı və ailə üzvlərinin, 136.40 kv.m sahəsi olan fərdi yaşayış evi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, fərdi yaşayış evinə gedən avtomobil yolundan istifadə etməsinə Cavabdeh tərəfindən maneələr yaradıldığını və cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulduğunu iddia etmişdir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması tələb olunan avtomobil yolu, qanunla nəzərdə tutulmuş yol olmalı, həmin yolla bağlı iddia qaldırılması üçün iddiaçının subyektik hüququ olmalı, həmin yoldan iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradılmalı və həmin maneələr qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbinə görə, iddiaçı avtomobil yolunun gedişgəlişinə maneələrin aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsinin (evin) mülkiyyətçisi olmasını, həmin torpaq sahəsinə (evə) gedən yolun qanunla nəzərdə tutulmuş yol olmasını və cavabdeh tərəfindən həmin yoldan istifadəsinə maneələrin yaradılmasını sübut etmə vəzifəsi daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının avtomobil yolunun gediş-gəlişinə maneə aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsi, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində, fərdi yaşayış evi isə tam olaraq iddiaçının xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. İddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə qanunla nəzərdə tutulmuş avtomobil yolunun hazırki iş üzrə mübahisəli avtomobil yolu olmasını mübahisələndirilmir. İşdə olan foto şəkillərdən və iddiaçının izahatdan aydın olur ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə gedən avtomobil yoluna cavabdeh tərəfindən daşlar tökülməklə iddiaçının avtomobil yolundan istifadə etməsinə maneələr yaradılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarını rahat və maneəsiz şəkildə həyata keçirmək üçün həmin yoldan istifadə etməkdə və istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə qiymət verərək aşağıdakılar qeyd etməyi zəruri hesab edir: “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Üzərinə sübutetmə yükü düşən iddiaçı qeyd olunan halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədi. Həmçinin məhkəmə iddiaçının maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etsə də, iddiaçı maddi ziyanın nədən ibarət olması, yaranma səbəbləri və onları təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının maddi və mənəvi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomaşın yoluna Cavabdeh tərəfindən yaradılan maneələr yola tökülmüş daşların yığılması və götürülməsi yolu ilə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomaşın yoluna Cavabdeh tərəfindən yaradılan maneələr yola tökülmüş daşların yığılması və götürülməsi yolu ilə aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar