Məhkəmə qərarları › İş №2(042)-584/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-584/2020

11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-584/2020 11.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Orucov Söhrab Yaqub oğlunun iştirakları ilə, X1 Cavabdeh qarşı “fərdi yaşayış evini həyətindən mal-qaranın aparılmasına qadağa qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu. Çaldaş kəndində yerləşən fərdi yaşayış evinin həyətindən Cavabdeh iri və xırda buynuzlu mal-qarasının örüş sahəsinə aparılmasına qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, onun Gədəbəy rayonu, Çaldaş kəndində Gədəbəy rayon AİK-in xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarı əsasında A № 135424 saylı Torpaq sahəsinin plan ölçü sənədi əsasında mərhum nənəsi X4 adına verilmiş 0,33 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Onun yaşadığı evlə cavabdehin yaşadığı evi qonşuluqda yerləşməklə hər iki bir gediş-gəliş yolu vardır. Eyni zamanda onların torpaq sahələri də həmsərhəddir. Lakin buna baxmayaraq Cavabdeh evinə avtomaşın və gediş-gəliş yolu olmasına baxmayaraq onun həyətindən özünə məxsus iri və xırda buynuzlu mal-qaranı örüş sahəsinə aparıb-gətirir. Onun evində üç azyaşlı nəvəsi var. Həmin heyvanlar demək olar ki, uşaqlar üçün təhlükə mənbəyidir. O, Cavabdeh və onun ailə üzvlərinə heyvanları onun həyətindən aparmasını dayandırmasını bildirsə də, cavabdeh buna məhəl qoymadan yenə heyvanlarını onun həyətindən örüş sahəsinə aparır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və bildirdi ki, iddiaçı onun qonşusudur. İstifadə etdiyi həyətyanı torpaq sahəsinin və evinin sənədi vardır. Mal-qarasını apardığı yol qanuni yol kimi nəzərdə tutulmuşdur. Ona görə də hesab edir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Çaldaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 239 saylı arayışdan görünür ki, X12 nümayəndəliyin Çaldaş kəndində qeydiyyatdadır. Hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Gədəbəy rayon X6 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə verilmiş AN-135424 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Çaldaş kəndi ərazisində X8 3297.4 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X1 yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə və Cavabdeh yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmuşdur. Cavabdeh (X2 A № 135423 saylı plan ölçü sənədinə əsasən) mal-qarasının keçirildiyi gediş-gəliş yolu X3na (X4 A № 135424 saylı plan ölçü sənədinə əsasən) məxsus torpaq sahəsinə düşmür və kompleks yerquruluşu xəritəsində həmin yer yol kimi nəzərdə tutulub. Həmin yoldan başqa cavabdehin evinə və həyətyanı torpaq sahəsinə gedən başqa yol yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçının Gədəbəy rayonu, Çaldaş kəndində Gədəbəy rayon AİK-in xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarı əsasında A № 135424 saylı Torpaq sahəsinin plan ölçü sənədi əsasında mərhum nənəsi X4 adına verilmiş 0,33 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Cavabdeh onun qonşusudur. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh evinə avtomaşın və gediş-gəliş yolu olmasına baxmayaraq iddiaçının həyətindən özünə məxsus iri və xırda buynuzlu malqaranı örüş sahəsinə aparıb-gətirdiyini bildirmiş və fərdi yaşayış evinin həyətindən cavabdehin iri və xırda buynuzlu mal-qarasının örüş sahəsinə aparılmasına qadağa qoyulması xahiş etmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, X1 yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə və Cavabdeh yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə avtomobil yolu nəzərdə tutulmuşdur. Cavabdeh (X2 A № 135423 saylı plan ölçü sənədinə əsasən) mal-qarasının keçirildiyi gediş-gəliş yolu X3na (X4 A № 135424 saylı plan ölçü sənədinə əsasən) məxsus torpaq sahəsinə düşmür və kompleks yerquruluşu xəritəsində həmin yer yol kimi nəzərdə tutulub. Həmin yoldan başqa cavabdehin evinə və həyətyanı torpaq sahəsinə gedən başqa yol yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehin mal-qarasını və gediş-gəliş üçün istifadə etdiyi mübahisəli torpaq sahəsi iddiaçıya məxsus deyildir. Həmin torpaq sahəsi gediş-gəliş üçün nəzərdə tutulmuş yoldur. Cavabdehin evinə başqa yol nəzərdə tutulmamışdır. İddiaçının cavabdehə gediş-gəliş yolundan istifadəyə qadağa qoyulması barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 518.12 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “fərdi yaşayış evinin həyətindən mal-qaranın aparılmasına qadağa qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu X3na aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 518.12 manat məbləğində pul vəsaiti X3ndan tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar