Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-631/2025 03.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlu, İddiaçı “verilmiş etiraza rəsmi cavab verilməsi vəzifəsinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunması” tələbinə dair ərizəsinin mümkünküyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək belə məzmunda xahiş etmişdir: “Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov və icra Probasiya Şöbəsinin rəisi Elxan Abbasova vermiş olduğum etiraza rəsmi cavab verilməsinin vəzifə olaraq Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması barədə qərar qəbul etmənizi xahiş edirəm.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 151.1-ci və 151.3-cü maddələrində qeyd edilir ki, iddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Mülki prosessual qanunvericiliyin tələbindən görünür ki, müvafiq icraat növündən asılı olaraq məhkəməyə iddia ərizəsi və ya ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən belə məlum olur ki, hazırki mübahisəyə eyni tərəflər arasında eyni əsaslarla əvvəllər baxılmışdır. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil bundan əvvəl xx.xx.2025-ci il tarixdə hazır ki tələblə, yəni “verilmiş etiraza rəsmi cavab verilməsi vəzifəsinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunması barədə” iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(042)-504/2025 saylı qərardadı ilə, İddiaçı “verilmiş etiraza rəsmi cavab verilməsi vəzifəsinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunması barədə” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi, Vəkil həmin qərardaddan verdiyi şikayət məhkəmə tərəfindən təmin edilməyərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-843/2025 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-504/2025 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-504/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil eyni tələblə xx.xx.2025-ci il tarixdə təkrarən məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-564/2025 saylı qərardadı ilə təkrarən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Eyni zamanda qəbul edilmiş məhkəmə qərardadlarında iddiaçıya (vəkilinə) qeyd edilən mühahisə ilə bağlı Gədəbəy rayon İcra və Probasiya şöbəsinin hərəkətindən (hərəkətsizliyindən) məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında məhkəməyə şikayət vermə bilməsi hüququ izah edilmişdir. Buna baxmayaraq İddiaçı nümayəndəsi, vəkili Vəkil hazırda eyni tələblə təkrarən məhkəməyə müraciət etmişdir. Ərizənin başlığının “şikayət” olaraq qeyd edilməsinə baxmayaraq bu ərizənin mahiyyətini dəyişmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; - 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(042)-504/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2(042)-564/2025 saylı qanuni qüvvəyə minmiş qərardadları mövcud olduğundan, İddiaçı “verilmiş etiraza rəsmi cavab verilməsi vəzifəsinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanları və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (nümayəndəsi (vəkil) Vəkil) “verilmiş etiraza rəsmi cavab verilməsi vəzifəsinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-631/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-631/2025
03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver