Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-647/2020 12.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “məscidə gedən suya edilən maneələrin aradan qaldırılması və kəsilmiş boru xətlərinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Qoşabulaq kəndi ərazisində “Çay yatağı” adlanan sahədə yerləşən axar sudan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadəsinə və su çəkilişinə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə və dəyişiklik verərək Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən “Həzrət Əli” məscidinə gedən suya cavabdehlər tərəfindən edilən maneələrə son qoyulmasına və kəsilən boruların bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, mübahisəli su mənbəyinin qaynaqlandığı ərazi “Çay yatağı” adlanan ərazidə yerləşir. Həmin yerdən Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən “Həzrət Əli” məscidinə onun şəxsi vəsait hesabına rezin şlanq və borularla su xətti çəkilmişdir. cavabdehlər məscidə gələn həmin su xəttini tamamilə dağıdaraq və yararsız hala salaraq özləri istifadə edir. Cavabdehlərin bu hərəkətləri nəticəsində məscidin su təminatı məhdudlaşmışdır. Kənd ağsaqqalları, o və məscidin dini icmasının digər üzvləri cavabdehlərdən bu işə son qoymalarını dəfələrlə tələb və xahiş etsə də, cavabdehlər buna məhəl qoymurlar. Bununla bağlı kənd icra nümayəndəliyinə və bələdiyyəyə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır və həmin təşkilatlardan ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, iddiaçının həyətinə dörd ədəd bulaq gedir. O, məscidin adından istifadə edərək mübahisəli suyu da öz qapısına çəkmişdir. O və digər cavabdehlər həmin sudan əkin-səpin üçün istifadə edirlər. Çay suyundan onlar su mühərriki ilə həyətyanı torpaq sahələrini suvarırlar. İddiaçının mübahisələndirdiyi borudan su gedərkən onlar öz torpaq sahələrini əkib suvara bilmirlər. Ona görə də həmin borunu kəsmişlər. Onlar qeyd olunan çay suyundan suyun aparılmasına etiraz edirlər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasında onlara qarşı olan iddia tələbini etiraf etmədilər və Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Şahid X6 məhkəmə iclasında bildirdi ki, o, Qoşabulaq bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçı və cavabdehləri tanıyır. Onlar arasında Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən “Həzrət Əli” məscidinə gedən su xətti üstündə mübahisə yaranmışdır. Məscid bələdiyyənin hesabında və nəzarətindədir. Cavabdehlər su xəttini kəsmiş və məscidə gedən su dayanmışdır. İddiaçı suyun yarıbayarı istifadə olunmasını təklif etsə də, cavabdehlər razılaşmamışlar. O, tərəflərlə söhbət aparmış və sudan hər iki tərəfin istifadə etməsini tövsiyə etmişdir. Həmin suyun bələdiyyə mülkiyyətinə aidiyyəti yoxdur. Su meşə ərazisində yerləşir. Şahid X2 məhkəmə iclasında şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 100110A2-292 nömrəli qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən “Həzrət Əli” məscidi dini icması xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 5 saylı arayışdan və Gədəbəy RİHB-nin Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 264 saylı arayışdan görünür ki, Qoşabulaq kəndində 2004-cü ildə inşa edilmiş məscid var. Həmin məscid hal-hazırda Qoşabulaq bələdiyyəsinin hesabında və nəzarətindədir. Qoşabulaq kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 bir neçə ildir ki, məscidə gedən suyun şlanqını kəsmişlər. İşdə olan yerində müayinə protokolundan görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən “Həzrət Əli” məscidinə gedən su xəttinin rezin boruları (şlanqı) kəsilmiş və məscidə gedən su tamamilə dayanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və X1 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. X7 Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı iddia ərizəsində qeyd etdiyi mübahisələndirilən su obyektindən maneəsiz istifadəsinə cavabdehlər tərəfindən maneələr yaradıldığını və su borusunun kəsildiyini sübut etməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, şahid ifadələri və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, mübahisələndirilən su xətti Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən “Həzrət Əli” məscidinə çəkilmişdir. Hazırda iş üzrə cavabdeh olan Qoşbulaq kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin su xəttinin çəkildiyi rezin boruları kəsmişlər, nəticədə məscidə gedən su tamamilə dayanmışdır. Bununla da cavabdehlər məscidə gedən həmin su obyektindən istifadə etməyə maneələr yaradır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 11, 12 və 13-cü maddələrinə əsasən, su obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olar bilər. Dövlət mülkiyyətində olan su obyektlərinə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, sərhəd su obyektləri dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri və xüsusi qorunan su obyektləri aiddir. Su Məcəlləsinin 35-ci maddəsinə əsasən, su obyektləri içməli su və məişət təchizatı, müalicə, kurort və sağlamlaşdırma, istirahət və idman, sənaye, tikinti və energetika, kənd təsərrüfatı, meşə təsərrüfatı, hidroenergetika, nəqliyyat, balıqçılıq, o cümlədən akvakultura, ovçuluq, tullantı suların axıdılması, yanğından mühafizə və digər məqsədlər üçün istifadə edilə bilər. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən, ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Həmin Məcəllənin 38-ci madəsinə əsaəsn, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su Məcəlləsinin 51-ci maddəsinə əsasən, su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə, sudan istifadə limitlərinə riayət etməklə, ümumi və xüsusi məqsədlər üçün istifadə qaydasında həyata keçirilir. Məhkəmə iclasında işin mübahisələndirlməyən halları ilə müəyyən edildi ki, mübahisəli su obyekti Gədəbəy rayonu, Qoşabulaq kəndində “Çay yatağı” adlanan ərazidə yerləşir. Su obyekti iddiaçı və cavabdehlərin mülkiyyətinə, eləcə də bələdiyyə mülkiyyətinə aid deyil. Həmin su obyekti dövlət mülkiyyətinə aid olmaqla ümumi istifadədə olan yerli əhəmiyyətli yerüstü su obyektidir. Belə ki, həm iddiaçı məscidin su ilə təmin edilməsi üçün, həm də cavabdehlər kənd təsərrüfatı ehtiyacları üçün suya olan tələbatlarını məhz həmin “Çay yatağı” ərazisindəki axar su vasitəsilə təmin edirlər. Həmin suyun cavabdehlərdən alınaraq bütünlüklə məscidə verilməsi cavabdehlərin tamamilə susuz qoyulması ilə nəticələnə bilər. Hazırki mərhələdə mübahisənin həlli yolu həmin həmin “Çay yatağı” ərazisindəki axar sudan həm iddiaçı, həm də cavabdehlər tərəfindən birlikdə istifadə edilməsidir. Ona görə də cavabdehlər tərəfindən həmin suyun məscidə getməsinə yaradılan bütün maneələr aradan qaldırılmalı və məscidə su xətinin çəkildiyi borular cavabdehlər tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən “Həzrət Əli” məscidinə “Çay yatağı” adlanan ərazidən gedən su xəttinə edilən hər cür maneələr aradan qaldırılmalı və həmin su xətti ilə məscidə gedən su borusu cavabdehlərin hesabına bərpa edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən “Həzrət Əli” məscidinə “Çay yatağı” adlanan ərazidən gedən su xəttinə edilən maneələr aradan qaldırılsın və həmin su xətti ilə məscidə gedən su borusu cavabdehlərin hesabına bərpa edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınıb İddiaçı-yə verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-647/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-647/2020
12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver