Məhkəmə qərarları › İş №2(042)-657/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-657/2020

12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-657/2020 12.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “İddiaçı” İstehsalat Birliyinin (bundan sonra “İddiaçı” İB-nin) nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh Hatəm oğluna qarşı “dəymiş ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayonu, Misdər massivində yerləşən ünvan üzrə Cavabdeh Hatəm oğlunun Şəmkir RQİİyə borclu olduğu 573.82 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun “İddiaçı” İstehsalat Birliyinin (ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, Gədəbəy rayon Misdər massivində yerləşən Cavabdeh Hatəm oğlunun adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına - sayğacın çıxış plastmas borusu deşilməklə - müdaxilə edilmişdir. Şəmkir RQİİ-də qeydiyyatda olan sözügedən qaz sayğacına-müdaxilə faktı barədə Gədəbəy XS-nin mütəxəssislərinin və Cavabdeh Hatəm oğlunun iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən, müdaxilə edilməklə istismara yararsız vəziyyətə salındığı üçün sayğac dəyərinə görə 67,02 manat və itirilmiş 4644 m3 qaz sərfinə görə 464.40 manat Şəmkir RQİİ-nə dəymiş ziyan müəyyənləşdirilmişdir. Əlavə olaraq bildirir ki, həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 42.20 manat borc da dəymiş ziyana əlavə edilməklə cavabdehin ümumilikdə Şəmkir RQİİ-nə 573.82 manat borcu yaranmışdır. Bu barədə idarənin rəhbərliyi tərəfindən cavabdehə qanunun tələbləri izah edilməsinə, rəsmi qaydada xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh hal-hazıra qədər həmin məbləği ödəməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Hatəm oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan “abonentin saldosu” vərəqindən görünür ki, Cavabdeh Hatəm oğlunun adına qeydiyyatda olan qaz sayğacı vasitəsilə istehlak edilmiş qaza görə debitor borcu 42.20 manat təşkil edir. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktında surətindən görünür ki, İddiaçı” İstehsalat Birliyi tərəfindən G-4 markalı, ******* nömrəli qaz sayğacı xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh Hatəm oğlunun yaşadığı Gədəbəy rayonu, Misdər massivində yerləşən ünvandan çıxarılmış və yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın təsdiq edilmiş surətindən görünür kı, Cavabdeh Hatəm oğlununyaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən istehlakçının istifadəsində olan təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, baxış keçirilən zaman G-4 markalı, ******* nömrəli sayğacın çıxış plastmas borusu deşildiyi aşkar olunmuş, dəymiş ziyanın ödənilməsi tələb edilmiş, istehlakçının nümayəndəsi olan Rüstəmov Valehin həmin aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Aktın qeyd hissəsində mənzilin bağlı olduğu göstərilmişdir. İşdə olan Şəmkir RQİİ tərəfindən tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə”nin təsdiq edilmiş surətindən görünür ki, G-4 markalı, ******* nömrəli sayğacın çıxış plastmas borusu deşilməsi qaz itkisinə görə 464.40 manat ziyan hesablanmışdır. Məhkəmə iddiaçının iddia tələbinin təbii qaza görə yaranmış debitor borcun ödənilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1 -ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayonu, Misdər massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, Cavabdeh Hatəm oğlunun adına Şəmkir RQİİdə qeydiyyatda olan qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilib, tam ödəniş aparılmadığından cavabdehin Şəmkir RQİİ-nə 42.20 manat debitor borcu yaranmışdır. “İddiaçı” İstehsalat Birliyinin rəsmi məktubuna əsasən abonent Cavabdeh Hatəm oğlu istehlak etdiyi təbii qaza görə müəyyən vaxtlarda qismən ödəniş aparsa da, yaranmış 42.20 manat debitor borcun ödənişini təmin etməmişdir. İdarə rəhbərliyi tərəfindən qanunun tələbləri izah edilməsinə, borc barədə rəsmi xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh həmin borcu ödəməmişdir. Abonentin saldosunda abonentin aylıq qaz sərfiyyatı qaz sayğacının mexaniki və elektron göstəricilərinə uyğun olaraq, həmçinin qaz istehlakçısının ayın əvvəlinə olan borcu, etdiyi ödənişlər və qalıq borcu dəqiqliklə təsvir olunmuş, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş hesab fakturalar da cavabdeh tərəfindən edilmiş ödənişləri təsdiq etmişdir. Həmin sübutlara əsasən cavabdehin qalıq borcunu müəyyən etmək mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı debitor borcun cavabdeh tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunan hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh istehlak edilmiş təbii qaza görə yaranmış debitor borcu iddiaçıya ödəmək vəzifəsi daşıdığından, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddiaçının iddia tələbinin “istismara yararsız vəziyyətə salındığı üçün sayğac dəyərinə görə ziyanın və itirilmiş qaz sərfinə görə ziyanın ödənilməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə cavabdehin) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesаb edir ki, Cavabdeh Hatəm oğlunun yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda hər hansı qoruyucu qutuda yerləşdirilmədən quraşdırılmışdır. İddiaçı təşkilat bu halı mübahisələndirmir. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə cavabdehin məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Yəni, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin yaşayış sahəsinə qoyulmuş qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, istehlakçının iştirakı təmin edilməmiş, qaz sayğacına müdaxilənin istehlakçı tərəfindən edilməsi qanuni və tam araşdırılmamış və sübuta yetirilməmişdir. İddiaçı qaz sayğacına məhz cavabdeh tərəfindən müdaxilə edilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, xx.xx.2019-cu il tarixli, ******* saylı aktda cavabdehin iştirakını təsdiq edən heç bir qeyd aparılmamış, həmin aktda istehlakçının nümayəndəsi kimi Cavabdeh qeyd edilmiş, akt Cavabdeh tərəfindən imzalanmamışdır. Həmçinin, müəyyən edilir ki, akt tərtib edilərkən sayğac quraşdırlmış mənzilin qapısı bağlı olmuşdur. Bu barədə aktın qeyd hissəsində qeyd aparılmışdır. Belə olan halda aktın istehlakçının nümayəndəsi kimi Cavabdeh iştirakı ilə tərtib edilməsi və həmin aktı Cavabdeh imzalamaqdan imtina etməsi inandırıcı görünmür və aktı imzalamaqdan imtina barədə qeyd istehlakçı Cavabdeh iştirakı olmada formal olaraq yazılmışdır. Bu da onu göstərir ki, “İddiaçı” İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən həmin akt tərtib edilərkən istehlakçının nümayəndəsinin və ya cavabdehin iştirakı təmin edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, istehlakçı Cavabdeh Hatəm oğlununyaşadığı Gədəbəy şəhəri, Misdər məhəlləsində yerləşən fərdi yaşayış evində qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar edilsə də, qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin məsuliyyəti müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi istismara yararsız vəziyyətə salındığı üçün sayğac dəyərinə görə ziyanın və itirilmiş qaz sərfinə görə ziyanın ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayonu, Misdər massivində yaşayan Cavabdeh Hatəm oğlunun istehlak etdiyi təbii qaza görə borclu olduğu 42.20 manat təşkil edən debitor borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 72.20 manat məbləğində pul vəsaiti Cavabdeh Hatəm oğlundan tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin bank hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-241, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu, Misdər massivində yaşayan Cavabdeh Hatəm oğlunun istehlak etdiyi təbii qaza görə borclu olduğu 42.20 manat təşkil edən debitor borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 72.20 manat məbləğində pul vəsaiti Cavabdeh Hatəm oğlundan tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin bank hesabına (ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar