Məhkəmə qərarları › İş №2(042)-658/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-658/2020

12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-658/2020 12.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “İddiaçı” İstehsalat Birliyinin (bundan sonra “İddiaçı” İB-nin) nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayonu, Misdər yaşayış massivində yerləşən ünvan üzrə Cavabdeh Şəmkir RQİİ-yə borclu olduğu 358.62 manat vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumunun “İddiaçı” İstehsalat Birliyinin (ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İb, VÖEN 990000291.601, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, Gədəbəy rayonu, Misdər yaşayış massivində yerləşən Cavabdeh adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına - sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməklə - müdaxilə edilmişdir. Şəmkir RQİİ-də qeydiyyatda olan sözügedən qaz sayğacına-müdaxilə faktı barədə Gədəbəy XS-nin mütəxəssislərinin və Cavabdeh iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən, müdaxilə edilməklə istismara yararsız vəziyyətə salındığı üçün sayğac dəyərinə görə 67,02 manat və itirilmiş 2916 m3 qaz sərfinə görə 291.60 manat Şəmkir RQİİ-nə dəymiş ziyan müəyyənləşdirilmişdir. Vurulmuş ziyanın ödənilməsi barədə idarənin rəhbərliyi tərəfindən cavabdehə qanunun tələbləri izah edilməsinə, rəsmi qaydada xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh ziyanı ödəməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsində təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan idida tələbini etiraf etmədi və izahatında göstərdi ki, Gədəbəy şəhəri, Misdər yaşayış massivində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evə qaz xətti çəkilmiş və sayğac quraşdırılmışdır. Sayğac yolun kənarında quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə onun qaz sayğacına baxış keçirilmiş, sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Həmin vaxt qaz sayğacında hər hansı nasazlıq və ya qüsur olduğu ona deyilməmişdir. Sonradan əsassız olaraq sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməklə sayğaca müdaxilə olunduğu bildirilərək 291.60 manat məbləğində ziyan hesablanmışdır. Lakin o, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Həmçinin, bildirir ki, xx.xx.2019-cu il tarixdə sayğaca baxış keçirilməsində iştirak etməmiş və bundan məlumatı olmamış, akt onun yanında tərtib olunmamış, akt ona təqdim edilməmişdir. Dəfələrlə maraqlanmış, lakin ona bu barədə heç bir məlumat verməmişlər. Ona görə də iddia tələbini qəbul etmir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən istehlakçının istifadəsində olan təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, baxış keçirilən zaman G-4 markalı, ******* nömrəli sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi aşkar olunmuş, dəymiş ziyanın ödənilməsi tələb edilmiş, istehlakçının nümayəndəsi olan Cavabdeh həmin aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. İşdə olan Şəmkir RQİİ tərəfindən tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə”nin təsdiq edilmiş surətindən görünür ki, G-4 markalı, ******* nömrəli sayğacın sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi nəticəsində qaz itkisinə görə 291.60 manat ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə cavabdehin) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesаb edir ki, Cavabdehyaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda yolun qırağında hər hansı qoruyucu qutuda yerləşdirilmədən quraşdırılmışdır. İddiaçı təşkilat bu halı mübahisələndirmir. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə cavabdehin məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Yəni, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Sayğac sökülərkən cavabdeh iştirak etmiş, həmin vaxt sayğaca hər hansı müdaxilə edilməsi barədə cavabdehə bildirilməmişdir. Eləcə də sayğacın laboratoriyada müayinəsi zamanı cavabdehə məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, qüsur aktı tərtib edilərkən onun iştirakı təmin edilməmiş, sadəcə aktda “imtina” qeydi formal yazılmaqla kifayətlənmişlər. Bununla da qaz sayğacına müdaxilənin istehlakçı tərəfindən edilməsi qanuni və tam araşdırılmamış və sübuta yetirilməmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, xx.xx.2019-cu il tarixli, ******* saylı aktda cavabdehin iştirakını təsdiq edən heç bir qeyd aparılmamış, həmin aktda istehlakçının nümayəndəsi kimi Abbasova Leylanın aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. Lakin, cavabdeh bu halı məhkəmə iclasında təkzib etmiş, sayğaca baxış keçirilməsində iştirak etmədiyini və bundan məlumatının olmadığını, aktın onun yanında tərtib olunmadığını, aktın ona təqdim edilmədiyini bildirmişdir. Bu da onu göstərir ki, “İddiaçı” İBnin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən həmin akt tərtib edilərkən istehlakçının nümayəndəsinin və ya cavabdehin iştirakı təmin edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, istehlakçı Cavabdeh yaşadığı Gədəbəy şəhəri, Misdər məhəlləsində yerləşən fərdi yaşayış evində sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi aşkar edilsə də, qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin məsuliyyəti müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi istismara yararsız vəziyyətə salındığı üçün sayğac dəyərinə görə ziyanın və itirilmiş qaz sərfinə görə ziyanın ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-241, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar