Məhkəmə qərarları › İş №2(042)-688/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-688/2020

21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-688/2020 21.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsinin hakimi Kazımov Marif Sabir oğlu, İddiaçı Cavabdeh qızına qarşı “suyun bərabər şəkildə bölünməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qızına qarşı məhkəmədə iddia qaldıraraq “suyun bərabər şəkildə bölünməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı aidiyyət qaydalarına riayət etmədən müvafiq inzibatiiqtisadi məhkəməsinə müraciət etməli olduğu halda, Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdirlər. Belə ki, iddiaçının iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı cavabdehlə aralarında suyun bərabər şəkildə bölünməsini istəyir. O, bununla bağlı ərizəsində Gədəbəy rayon Qoşabulaq bələdiyyəsinə və Gədəbəy rayonu İHB-nin Moruqlu kənd İƏD üzrə nümayəndəliyinə müraciət etmiş, lakin həmin təşkilatların ona köməklik etmədiyini bildirmişdir. MPM-in 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir . Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında suyun bərabər şəkildə bölünməsi üçün Gədəbəy rayon Qoşabulaq bələdiyyəsinə və Gədəbəy rayonu İHB-nin Moruqlu kənd İƏD üzrə nümayəndəliyinə müraciət etmişdir. İddiaçı iddia tələbində Gədəbəy rayon Polis Şöbəsinin və Gədəbəy rayonu İHB-nin Gərgər kənd İƏD üzrə nümayəndəliyin hərəkət və ya hərəkətsizliyini mübahisələndirmişdir. Qeyd olunanlara əsasən, iddiaçının iddia tələbi Gədəbəy rayon Qoşabulaq bələdiyyəsinin və Gədəbəy rayonu İHB-nin Moruqlu kənd İƏD üzrə nümayəndəliyinin hərəkət və ya hərəktsizliyi ilə əlaqədar olduğundan hazırkı mübahisəyə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmə icraatı qaydasında ixtisaslaşdırılmış məhkəmələrdə baxılmalıdır Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə rayon məhkəməsində baxılması yol verilməzdir. MPM-in 153.2 və 153.2.1-ci maddəsinə əsasən, məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-153.6-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qızına qarşı “suyun bərabər şəkildə bölünməsi” tələbinə dair ərizəsini icraata qəbul etməkdən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar