Məhkəmə qərarları › İş №2(042)-817/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-817/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-817/2023 04.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Tovuz Regional X9 etibarnamə üzrə nümayəndəsi X7 və Cavabdeh iştirakları ilə, İddiaçı Tovuz Regional X9 Cavabdeh qarşı “qanunsuz çəkilmiş su xəttinin sökülməsi və suyun təbii axının bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Tovuz Regional X14 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Gədəbəy rayonu, Qoşabulaq kənd sakini Cavabdeh meşə fondu ərazisindən qeyri-qanuni çəkdiyi su xəttinin sökülərək suyun təbii axının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tovuz Regional X14 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu Qoşabulaq kənd sakini X1 və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt” xidmətinə müraciət edərək, həmkəndlisi Cavabdeh tərəfindən X19 X3 meşəbəyliyinin 47 saylı meşə dolayı ərazisində meşə fondu torpağında heç bir icazə sənədi olmadan, özbaşına su xətti çəkdiyini bildirmişdir. Müraciət araşdırılması zamanı yerində baxış keçirilərkən Cavabdeh tərəfindən Yanıxlı meşəbəyliyinin 47 saylı dolayının ərazisində “Şahzadə bulağı” adlanan dərədən d=20 mm-likplastik boru vasitəsilə müvafiq sənədləşmə işləri aparılmadan özbaşına su xətti çəkərək, xüsusi mülkiyyətinə aid həyətyanı sahəsinə apardığı, nəticədə Su Məcəlləsinin 47-ci və 103-cü maddələrinin, Meşə Məcəlləsinin 19-cu maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. Şikayəti araşdıran 2 saylı RETSİ tərəfindən Cavabdeh özbaşına çəkilmiş su xəttinin ləğv edilərək plastik boruların sökülməsi və suyun əvvəlki təbii axımının bərpa edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə məcburi göstəriş tətbiq edilmişdir. 2 saylı RETSİ-nin əməkdaşları tərəfindən 23 iyun 2023-cü il tarixdə məcburi göstərişə əməl edilməsi vəziyyətinin öyrənilməsi ilə bağlı yerində baxış keçirilərkən, Cavabdeh tərəfindən tələblərə əməl edilmədiyi məlum olmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq Cavabdeh barəsində AR İXM-nin 541-ci maddəsi üzrə inzibati protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə inzibati tənbehvermə haqqında qərar çıxarılaraq, fiziki şəxs qismində 600.00 manat məbləğində cərimə tətbiq olunmuşdur. Cavabdeh tərəfindən hal-hazıra kimi meşə fondu ərazisindən qanunsuz çəkmiş olduğu su xətti sökülərək, suyun təbii axını bərpa edilməmişdir. İddiaçı Tovuz Regional X9 etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Həmin kənddə yerləşən fərdi yaşayış evləri 1969-cu il tarixdə inşa edilmişdir. Elə həmin vaxtdan da onlar tərəfindən Tovuz rayonu ərazisində olan meşə ərazisindən çəkilmiş həmin su mənbəyindən istifadə edirlər. Suyun mənbəyi meşə ərazisindən təbii qaynama bulaqdır. Həmin su xəttindən onlar ilə birlikdə Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayan 11 ailə istifadə edir. Onların istifadə etmələri üçün başqa su mənbələri yoxdur. Onlar uzun müddətdir ki, həmin su xəttində istifadə edirlər. Həmin borular vasitəsi ilə çəkilmiş su xəttinin meşə ərizəsinə hər hansı ziyanı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Onların yaşadıqları kəndə dövlət tərəfindən su xətti çəkilməmişdir. Onlar və bir neçə Qoşabulaq kənd sakinləri cavabdeh tərəfindən meşə ərazisindən çəkilmiş su xəttindən istifadə edirlər. Həmin su xəttinin mənbəyi təbii qaynama bulaqdır. 40 ildir ki, o həmin kəndə gəlin gəlmişdir və həmin vaxtdan onlar həmin su xəttindən istifadə edirlər. Sudan istifadələri üçün başqa su mənbələri yoxdur. X4 məhkəmə iclasında eyni məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdıraraq və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh meşə fondu ərazisindən icazəsiz çəkdiyi su xəttinin sökülməsi ilə bağlı verilmiş məcburi göstərişin tələbinə əməl etmədiyinə görə İXM-nin 541-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. İşdə olan Tovuz Regional X14 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məcburi göstərişin surətindən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kənd sakini X8 “qaynar xəttə”ə müraciəti araşdırılarkən Cavabdeh meşə fonduna aid Tovuz RMTM-nin Yanıxlı meşəbəyliyinin 47 saylı meşə dolayının “Şəhzadə dərəsi” adlanan ərazisindən icazəsiz novalça düzəldərək, içmək məqsədilə istifadə etmək üçün plastik borcu vasitəsilə su xətti çəkilərək həyətyanı sahəsinə gətirməsi müəyyən olunmuş, Cavabdeh icazəsiz çəkilmiş su xəttinin ləğv edilərək, plastik boruların sökülməsinin təmin edilməsi və suyun təbbi axının bərpa edilməsi barədə göstəriş verilmişdir. İşdə olan Tovuz Regional X14 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktların surətindən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndi ucqar dağ kəndidir. Kənd ərazisində mərkəzləşidirlmiş su xətti mövcud deyildir. Əhali içməli suya olan tələbbatını ərazidə formalaşmış su mənbələri və bulaqların hesabına həyata keçirir. Cavabdeh tərəfindən Yanıxlı meşəbəyliyinin 47 saylı dolayının ərazisindən boru vasitəsilə rəsmi icazə almadan özbaşına su xətti çəkdiyi müəyyən edilmişdir. İşdə olan Gədəbəy rayonu, Qoşabulaq Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, ünvan 3t tərəfindən içməli su xətti çəkilməmişdir. İçməli suyu vətəndaşlar öz şəxsi hesabına Tovuz rayon meşə massivindən çıxan qaynama bulaqlardan su xətləri çəkərək öz həyətlərində istifadə edirlər. Qoşabulaq kənd sakinləri və bu kəndlə qonşu olan Tovuz və Şəmkir rayonunun kəndlərinin sakinləridə Tovuz rayon meşə massivindən çıxan qaynama bulaqlardan öz şəxsi hesablarına su xətti çəkərək istifadə edirlər. Cavabdeh ilə birgə meşə massivindən çəkdiyi içməli sudan həqiqətən 10dan artıq ailə istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci, 158.3 və 158.4-cü maddələrinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, Gədəbəy rayonu, Qoşabulaq kəndi ucqar dağlıq kənddir və həmin kənd sakinlərinin içməli sudan istifadələri üçün dövlət tərəfindən mərkəzləşdirilmiş su xətləri çəkilməmişdir. Kənd sakinləri içməli suya olan tələbatlarını kənd və kəndin ətraf ərazilərində olan su mənbələrindən və bulaqlardan çəkilmiş su xətləri ilə ödəyir. Cavabdeh da Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır və o da kənd ərazisində dövlət tərəfindən çəkilmiş su xətləri mövcud olmadığından Yanıxlı meşəbəyliyinin 47 saylı dolayının ərazisindən təbii olaraq çıxan su mənbəyindən boru vasitəsi ilə yaşadığı fərdi yaşayış evinə çəkərək istifadə edir. Eyni zaman da həmin su xəttindən 11 ailə istifadə edir. X19 X10 rayonu Qoşabulaq kənd sakini X8 Cavabdeh barəsində qanunsuz olaraq su xətti çəkərək istifadə etməsi barədə şikayəti əsasında araşdırma aparmış və Cavabdeh qanunsuz olaraq meşə fonduna aid ərazidən heç bir icazə olmadan su xətti çəkməsi qənaətinə gələrək həmin su xəttinin sökülməsi və suyun təbii axının bərpa edilməsi barədə iddia qaldırmışlar. Məhkəmə aşağıdakı əsaslara görə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 11, 12 və 13-cü maddələrinə əsasən, su obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olar bilər. Dövlət mülkiyyətində olan su obyektlərinə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, sərhəd su obyektləri dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri və xüsusi qorunan su obyektləri aiddir. Su Məcəlləsinin 35-ci maddəsinə əsasən, su obyektləri içməli su və məişət təchizatı, müalicə, kurort və sağlamlaşdırma, istirahət və idman, sənaye, tikinti və energetika, kənd təsərrüfatı, meşə təsərrüfatı, hidroenergetika, nəqliyyat, balıqçılıq, o cümlədən akvakultura, ovçuluq, tullantı suların axıdılması, yanğından mühafizə və digər məqsədlər üçün istifadə edilə bilər. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən, ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Həmin Məcəllənin 38-ci madəsinə əsaəsn, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən, su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə, sudan istifadə limitlərinə riayət etməklə, ümumi və xüsusi məqsədlər üçün istifadə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 47-ci maddəsinə, suyunun keyfiyyəti müəyyən edilmiş sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri əhalinin içməli su və məişət ehtiyaclarını ödəmək üçün verilir. Əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir. Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər. Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 50-ci maddəsinə əsasən, meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar: meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək; meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etmək; əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq; meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək; Qeyd edilən hüquq normalarına əsasən, əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir. Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndi ərazisində əhalinin içməli sudan istifadəsi üçün dövlət tərəfindən çəkilmiş mərkzələşdirilmiş su xətti mövcud deyildir. Ona görə də, cavabdeh tərəfindən uzun müddət bundan əvvəl yaşadıqları kəndin yaxınlığında, Tovuz rayonu ərazisində yerləşən meşə ərazisində təbii qaynama bulaqdan plastik borular vasitəsi ilə yaşadıqları fərdi yaşayış evinin həyətinə su xətti çəkmişdir. Hazırda həmin su xəttindən 11 nəfər ailə içməli suya olan tələbatlarını ödəyirlər. Mövcud qanunvericiliyə əsasən mərkəzləşdirilmiş su kəməri olmayan, içməli suya olan tələbatını yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələrindən istifadə edən şəxslər müvafiq icra hakimiyyəti orqanlarının razılığını almalıdır. Lakin məhkəmədə müəyyən edildiyi kimi cavabdeh tərəfindən çəkilmiş su xətti mövcud su qanunvericilik və bunu tənzimləyən qaydalar mövcud olmamışdan əvvəl çəkilmişdir. Eləcə də, həmin su borusunun çəkilməsinin meşə fonduna, ətraf mühitə, flora və faunaya hər hansı ziyanın olması məhkəmədən müəyyən edilmir. Həmçinin həmin su borusunun sökülməsi cavabdehin və digər həmin su borusundan istifadə edən şəxslərin sudan istifadələri məhdudlaşdıra və onların hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Su Məcəlləsinin 33-cü maddəsinə əsasən, su obyektləri üzərində istifadə və ya mülkiyyət hüququ verilmiş hüquqi və fiziki şəxslərin hüquqları ümumi və xüsusi su servitutları formasında başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər. Ümumi su servitutu formasında hər bir şəxs, əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, ümumi istifadədə olan su obyektindən və digər su obyektlərindən istifadə edə bilər. Maraqlı şəxslər digər şəxslərin xüsusi istifadəsində olan su obyektlərindən xüsusi su servitutu formasında istifadə edə bilərlər. Xüsusi su servitutu məhkəmə qərarı əsasında da müəyyən edilə bilər. Mülki qanunvericilikdə servitutlar haqqında nəzərdə tutulmuş ümumi qaydalar bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir. Ümumi və xüsusi su servitutları aşağıdakı məqsədlər üçün müəyyən edilə bilər: texniki vasitələr və qurğular tətbiq etmədən su götürmək; mal-qaranı suvarmaq və su obyektindən keçirmək; su obyektlərindən bərələr, qayıqlar və digər kiçik həcmli üzən vasitələr üçün su yolları kimi istifadə etmək. Azərbaycan Respublikasının su qanunvericiliyində digər su servitutları da müəyyən edilə bilər. Su servitutlarının həyata keçirilməsi üçün icazə tələb edilmir. Həmçinin məhkəmə qeyd edir ki, su qanuvericiliyinin qeyd edilən müvafiq normasına əsasən servitut qaydasında texniki vasitələr və qurğular tətbiq etmədən su götürmək üçün icazə tələb edilmir. Göründüyü kimi cavabdeh də mübahisəli su mənbəyindən hər hansı texniki vasitələr və qurğular tətbiq etmədən istifadə edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisəli su mənbətindən istifasi üçün icazəsinin olub-olmaması tələb edilə və onun həmin su mənbəyindən istifadəsi qanunsuz hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Tovuz Regional X9 Cavabdeh qarşı “qanunsuz çəkilmiş su xəttinin sökülməsi və suyun təbii axının bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar