Məhkəmə qərarları › İş №2(042)-877/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-877/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-877/2021 15.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3027 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Mercedes 21 OD” markalı, **-CV-*** dövlət nömrə nişanlı mikroavtobus 10.11.2019-cu ildən 10.11.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 10.11.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il dekabrın 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi, “Mercedes 210D” markalı, **-CV-*** dövlət nömrə nişanlı mikroavtobusla Bakı-Quba yolunun 26-cı km-də, “Volkswagen polo” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı BDYPİnin YPXA-nın İ Tağımının polis baş serjantı X5 tərəfindən 21.12.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 25.12.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən, hadisə nəticəsində “Volkswagen polo” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobilə 3027 manat məbləğində zərər dəymişdir. İddiaçı 28.01.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə teleqram vuaraq, işə onların iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Maps arayışından görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, hazırda həmin kənddə kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy RİHB-nin Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 241 saylı arayışdan görünür ki, nümayəndəliyin Böyük Qaramurad kəndində qeydiyyatda olan X4 uzun müddətdir ki ərazidə yaşamır, ailəlikcə Sumqayıt şəhərində yaşayır. İşdə olan 10.11.2019-cu il tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın təsdiq edilmiş surətindən görünür ki, “Mercedes 210D” markalı, **-CV-*** dövlət nömrə nişanlı avtomobili 10.11.2019-cu il tarixdən 10.11.2020-ci il tarixinədək "xxxx" ASC-də sığortalanmışdır. Müqaviləyə əsasən, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, sağlamlığa vurulan zərərə görə bir hadisə üçün 50000 manat müəyyən edilmişdir. İşdə olan PXA57113 saylı sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, 21.12.2019-cu il tarixdə “Mercedes Benz 210D” markalı, **-CV-*** dövlət nömrə nişanlı avtomobil Bakı-Quba yolunun 26-cı km-də, “Volkswagen polo” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sığortalı avtomobilə 3027 manat məbləğində zərər dəymişdir. İşdə olan “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən verilmiş 25.12.2019-cu il tarixli qüsur aktına əsasən, “Volkswagen polo” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 3027 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 25.12.2019-cu il tarixli arayışın surətindən görünür ki, 21.12.2019-cu il tarixdə saat 1750 dəqiqədə avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh idarə etdiyi “Mercedes Benz 210D mikroavtobus” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 26-cı km-də, yol nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 210D mikroavtobus” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen polo” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. İşdə olan 21.12.2019-cu il tarixli, İXP № ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332 və 327.2-ci maddələrini törətməkdə təqsirli bilinmişdir. İşdə olan 28.01.2020-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 3027 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər . Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Qeyd olunan maddi hüquq norması baxımından məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında 10.11.2019-cu il tarixli PXA********** saylı sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, “Mercedes 210D” markalı, **-CV-*** dövlət nömrə nişanlı avtomobili 10.11.2019-cu il tarixdən 10.11.2020-ci il tarixinədək "xxxx" ASC-də sığortalanmış və sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, sağlamlığa vurulan zərərə görə bir hadisə üçün 50000 manat müəyyən edilmişdir. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 2019-cu il dekabrın 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi, “MERCEDES 210D” markalı, **-CV-*** dövlət nömrə nişanlı mikroavtobusla Bakı-Quba yolunun 26-cı km-də, “Volkswagen polo” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə “Volkswagen polo” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3027 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 21.12.2019-cu il tarixli, İXP № ******* seriyalı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən “Volkswagen polo” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə X2 3027 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının X2 ödədiyi 3027 manat sığorta ödənişini Cavabdeh subroqasiya qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3027 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 3057 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar