Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1198/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin qarşısında cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz hasarın sökülməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşuları olan cavabdehlər onlar Bakı şəhərində xəstəxanada olarkən qanunsuz olaraq yaşayış evinin pəncərəsinin qabağında daşla hörgü işləri aparmışlar. O, yağış yağan zaman tikili aparılan yerə yağış suyu yığıldığını görmüş və qonşusu Arifə (ev ona məxsusdur) iradını bildirmişdir. O, tikilini sökmək istəmiş, 102 xidmətinə zəng vuraraq məlumat vermiş və ona izah olunmuşdur ki, mübahisə barədə məhkəməyə müraciət etsin. Ona görə də, cavabdehlər tərəfindən aparılmış qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş emişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının mənzilinin pəncərəsi onların həyətinə açılır, həyətdə isə onların hamam və ayaqyolu tikilisi var. Onlar dəfələrlə iddiaçıdan həyətə açılan pəncərənin bağlanmasını tələb etsələr də iddiaçı pəncərəni bağlamamışdır. Pəncərənin yanına iddiaçının qoyduğu kondisionerin suyu onların həyətinə tökülür. O da məcbur olub pəncərənin qabağına hasar çəkmişdir. Onlar hasarı tikinti qaydalarına uyğun inşa etmişlər, hətta zəruri olan məsafədən də artıq yer saxlamışlar. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X6 Cavabdeh ilə eyni məzmunlu izahat vermiş, hasarın özləri tərəfindən, iddiaçının pəncərəsindən həyətlərinin görünməsinin qarşısının alınması üçün tikildiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod, “A/Stroy” qəsəbəsində istifadədə olan 0.0301 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 1 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın və Texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 4 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli 10/2444 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilin pəncərəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş 3,70 metr uzunluğunda hasarın hündürlüyünün 2,20 metr olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.11.3-cü bəndlərinin tələblərinə uyğun inşa olunduğu müəyyən edilir. Mübahisəli hasar İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilindən (pəncərədən) 1 metr ara məsafəsində yerləşdiyini nəzərə alaraq həmin hasarın İddiaçı mülkiyyətində olan mənzildən sərbəst istifadə etməsinə maneə yaratmadığı müəyyən edilir. İddiaçı məxsus mənzilin yaşayış otağına (cavabdehin inşa etdiyi hasar tərəfdə) baxış keçirilən zamanı otağın pəncərəsi altında yerləşən divarı üzərində divar kağızının qopması və qabarması kimi halların müşahidə olunduğu müəyyən edilmişdir. Lakin həmin qüsurların əmələ gəlmə səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən mübahisəli ərazi və tikili yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər Gəncə şəhəri, Kəpəz rayonu, Təcrübə zavod, “A/Stroy” qəsəbəsində istifadədə olan 0.0301 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 3 və 4 saylı mənzillərində yaşamaqla qonşudurlar. Həm iddiaçı, həm də cavabdehlər tərəfindən binaya bitişik otaqlar inşa edilmiş və mənzillərin faktiki ölçüsü artırılmışdır. Eyni zamanda iddiaçı binanın küçəyə istiqamətlənən hissəsində, cavabdehlər isə əks istiqamətdə biri digərinin mənzilinin xaricini əhatə edəcək şəkildə torpaq sahəsini hasara almaqla həyət kimi istifadə edirlər. Tərəflər həyət kimi istifadə etdikləri torpaq sahəsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İddiaçının mənzilinin bir pəncərəsi binanın arxa tərəfinə, cavabdehlərin həyət kimi istifadə etdiyi əraziyə açılır, pəncərə binanın ilkin konstruksiyasında nəzərdə tutulmuş yerdə və ölçüdədir. Həmin pəncərənin qarşısında cavabdehlər tərəfindən mişar daşından 2,20 m hündürlükdə “L” şəkilli hasar inşa edilmişdir. Hasarın uzun tərəfi başqa qonşu tərəfindən həyət kimi istifadə olunan torpaq sahəsi ilə cavabdehlərin istifadə etdiyi torpaq sahəsini ayıran sərhəd hasarından başlayaraq iddiaçının mənzilinin pəncərəsinə paralel şəkildə mənzilin xarici divarından 1 metr aralı olmaqla uzanır və daha sonra 90 dərəcə bucaq altında mənzilin xarici divarına perpendikulyar dönərək mənzilin xarici divarına bitişir. Mənzilin pəncərəsinin qarşısındakı ərazi dörd tərəfdən divarla əhatə olunmaqla atmosfer yağıntılarının axıb getməsi üçün hər hansı tədbir görülməmişdir. Mənzilin həmin hissədə olan otağının divarının daxili hissəsində divar kağızları qabarmış və rütubət əlamətləri müşahidə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 72.1-ci maddəsinə əsasən, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 72.2-ci maddəsinə əsasən, divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 4 ünvanda yerləşən 3 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzilinin pəncərəsinin qarşısında cavabdehlər tərəfindən hasarın mənzilin divarına paralel olan hissəsi ilə divar arasında 1 metr ara məsafəsi saxlanılmaqla 2,20 metr hündürlükdə “L” şəkilli hasar tikilmişdir. Ekspert rəyində həmin hasarın mənzildən istifadəyə mane olmadığı, hasarın tikinti norma və qaydalarına zidd olmadığı, iddiaçıya məxsus mənzilin divarında rütubət olsa da həmin rütubətin səbəbinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə ekspertin rəyi ilə qismən razılaşmır. Belə ki, rəydə hasarın tikinti norma və qaydalarına uyğun inşa edildiyi göstərilsə də ekspert hasarın yalnız mənzilin divarına paralel olan hissəsini nəzərə almış, mənzilin divarına perpendikulyar inşa edilmiş və divara bitişdirilmiş hissəsini isə nəzərə almamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda istinad olunan 72.1-ci maddəsindən də göründüyü kimi bu cür divarın inşa edilə bilməsi üçün qonşunun notarial qaydada təsdiq edilmiş yazılı razılığı tələb olunur. Belə razılıq olmadığından divarın həmin hissəsinin qanunvericiliyin tələblərinə uyğun inşa edilmədiyi müəyyən olunur. Digər tərəfdən divarın qeyd olunan formada inşa edilməsi iddiaçının mənzilinin pəncərəsinin qarşısında faktiki olaraq dörd tərəfdən bağlı sahənin yaranmasına səbəb olmuş, həmin sahədən atmosfer yağıntılarının axıb getməsi üçün hər hansı tədbir görülmədiyindən burada atmosfer yağıntılarının yığılmasına şərait yaranmışdır. İstisna olunmur ki, iddiaçının mənzilinin divarında rütubətlənmənin səbəbi də məhz bu cür qapalı hövzənin yaranmasıdır. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin 72.2-ci maddəsinin tələbinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən inşa edilmiş hasarın mənzilin divarına bitişik inşa edilmiş 1 metr uzunluğunda olan hissəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələblərinə cavab vermədiyindən tikili həmin hissədə sökülməlidir. Hasarın mənzilin divarına paralel olan hissəsi isə tədqiq edilmiş ekspert rəyinə əsasən iddiaçının mənzilindən istifadə etməsinə hər hansı maneə yaratmadığından və zəruri ara məsafəsi saxlanıldığından həmin hissənin sökülməsi üçün əsas yoxdur. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri olan 100 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 60 manat hissəsi iddiaçıdan, 40 manat hissəsi isə müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikasıı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 3 saylı mənzilin qarşısında cavabdehlər tərəfindən inşa edilmiş daş hasarın mənzilin xarici divarına bitişik (perpendikulyar) olaraq inşa edilmiş 1 metr uzunluğu və 2,20 metr hündürlüyü olan hissəsi sökülsün. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 60 (altmış) manat hissəsi iddiaçıdan, 40 (qırx) manat hissəsi isə müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1198/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1198/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver