Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1243/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh, və maraqlı şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı ərazi İdarəsinə qarşı “miras əmlaka vərəsə tanınmaqla mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh və maraqlı şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış ünvan 1 A, mənzil 17 ünvanında yerləşən evə birinci növbə vərəsə kimi o İddiaçı tanımaqla daşınmaz əmlaka dair çıxarışın verilməsinin DƏDRX-in 3 saylı Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 A, mənzil 17 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında mərhum X2nın mülkiyyətindədir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anasının birinci növbəli vərəsələri o, Cavabdeh və X3dır. X3 özünə çatacaq miras payından onun xeyrinə notarial qaydada imtina etmişdir. Anası vəfat etdikdən sonra notarial qaydada vəsiyyətnamə verərək özünə məxsus olan əmlakı ona vəsiyyət etmişdir. Anası vəfat etdikdən sonra anasından qalmış miras əmlakda faktiki olaraq o yaşamış və eyni zamanda əmlakı hüquqi baxımdan qəbul etmişdir. X1 anasının sağlığında evlənib anasının evindən köçüb getmişdir. Anası öləndən sonra miras əmlakı o qəbul edərək idarə etmişdir. Cavabdeh anasından qalan miras əmlakın onun adına keçməyinə narazı olduğu üçün o məcbur olub hazırda miras qalmış əmlaka vərəsə tanınmaqla mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindir. Eyni zamanda diqqətə çatdırır ki, anası sağlığında xx.xx.2018-cu il tarixdə adına olan əmlakı ona vəsiyyət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia tələbinin dəlilləri onu deməyə əsas verir ki, miras əmlak iddiaçının sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. İddiaçı miras əmlaka vərəsəlik hüququnun tanınması barədə iddia irəli sürsə də mirasın qəbul edilməsi üçün ilkin olaraq notariat kontoruna müraciət etməmiş, notariat kontorunun onun mirası qəbul etməsini rəsmiləşdirməsindən imtina etməsi barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı mərhum X2ndan miras qalmış ünvan 1 A, mənzil 17 üzərində birinci növbə vərəsə kimi tanınmaqla daşınmaz əmlaka dair çıxarışın verilməsinin DƏDRXin 3 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə iddia tələbində qeyri-müəyyənlik yaratmış, iddia tələbinə cavab verməli olan şəxslərin dairəsini və yönələn tələbi müəyyən etmək mümkün olmamışdır. Belə ki, tərəflər arasında nə kimi mübahisə olmasını və nəyi xahiş etməsini iddia ərizəsinin dəlillərindən müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.4.-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Təqdim edilmiş iddia ərizəsində Cavabdeh poçt ünvanı olaraq ünvan 1 A, mənzil 17 göstərilmişdir. İddiaçı öz yaşadığı ünvanı cavabdehin poçt ünvanı kimi iddia ərizəsində göstərməklə yanaşı, iddia ərizəsində cavabdehin həmin ünvanda yaşamadığını qeyd etməklə qeyri müəyyənlik yaratmışdır. Belə olduğu halda cavabdehin poçt ünvanını müəyyən etmək və həmin şəxsə məhkəmə sənədinin çatdırılması mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair tələblərə də əməl edilmədən iddia ərizəsi məhkəməyə verilmişdir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin geri qaytarılması ilə bağlı göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar iddia ərizəsi ilə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh, və maraqlı şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı ərazi İdarəsinə qarşı “miras əmlaka vərəsə tanınmaqla mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1243/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1243/2021
05.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver