Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1318/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki cavabdehlər Kəlbəcər rayonundan məcburi köçkündürlər. Onların hazırda yaşadıqları, ünvan 1 ünvanında 1,4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1.558,8 kvm. təşkil edən qeyri- yaşayış sahəsi (əmlak kompleksi) onun mülkiyyətindədir. 12 ildir ki, o, bu cavabdehlərin təqsirindən öz mülkiyyətindən istifadə edə bilmir. Əksinə, cavabdehlər mülkiyyətində olan tikintiləri sökərək özləri üçün onun torpaq sahəsində və onun hüdudlarından kənarda evlər, digər yardımçı tikintilər tikib, tikinti obyektinin torpaq sahəsini zəbt ediblər. Mülkiyyətində olan istehsalla bağlı tikintiləri söküb yararsız vəziyyətə salıblar. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər onun mülkiyyətindən çıxmırlar, mülkiyyətində olan özbaşınalıqları dayandırmırlar. Hazırda onun öz mülkiyyətindən istifadə etməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər biri ayrılıqda izahat verərək bildirdilər ki, digər cavabdehlər onların ailə üzvləridir. Hazırda onlar iddiaçı ilə qarşılıqlı razılığa gəlmişlər və iddiaçıya məxsus qeyri-yaşayış sahəsini tərk edəcəklər. Odur ki, iddianın təmin edilməsinə etiraz etmirlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 1,39115 ha torpaq sahəsində yerləşən 1558,8 kvadratmetr ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq xx.xx.2008-ci il tarixdə dövlət reyestrində 1 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 2 ünvanında 1,39115 ha torpaq sahəsində yerləşən əmlak kompleksi xx xxxxxxx 2008-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdehlər qeyd olunan torpaq sahəsi və əmlak kompleksini qanunsuz olaraq zəbt etmişlər. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus torpaq sahəsində əmlak kompleksində olmaları onun iradəsinə ziddir. Cavabdehlərin qeyd olunan əmlak kompleksini zəbt etməkdə davam etmələri və oranı tərk etməmələri iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlər iddiaçıya məxsus əmlak kompleksindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (əmlak kompleksindən) çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1318/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1318/2021
13.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver