Məhkəmə qərarları › İş №2(043)-1400/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1400/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1400/2021 08.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 130 manat məbləğində vurulmuş zərər və 20 manat dövlət rüsumunun, cəmi 150 manat alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “RENAULT MEGANE” markalı, **-SS-*** (keçmiş dövlət nömrə nişanı **-SG-***) dövlət nömrə nişanlı avtomobil 22.02.2019-cu ildən 22.02.2020-ci ilədədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 22.02.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2019-cu il oktyabrın 14-də Cavabdeh idarə etdiyi “RENAULT MEGANE” markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Fizuli küçəsində X3 idarə etdiyi “DACİA LOGAN” markalı, **-LL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hamin hadisə ilə bağlı Nizami RPİ-nin DYPŞ-i tərəfindən 05.12.2019-cu il tarixinə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir.Nəsimi RPİ-nin DYPŞ-in inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 06.12.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “DACİA LOGAN” markalı, **-LL-*** dövlət nömrə nişanlı avtomobilə 130 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC 14.01.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X6 oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X2 məxsus “RENAULT MEGANE” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.02.2019-cu il tarixdə mülki məsuliyyətin icbari sığortası müqaviləsi üzrə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. Siğorta 22.02.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan 05.12.2019-cu il tarixli AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 14.10.2019-cu il tarixdə Şərifov X1 hərəkət edərkən manevr qaydasını pozaraq yolun sağında dayanmış vəziyyətdə olan “DACİA LOGAN” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomaşının güzgüsünü vuraraq hadisə yerini tərk etmişdir. Cavabdeh baş vermiş hadisədə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Avtomobillərin Texniki Xidmət Mərkəzinin qüsue aktından görünür ki, “DACİA LOGAN” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 130 manat təşkil edir. İş materiallarına əlavə edimiş PXA56097 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 130 manat məbləğində sığorta ödənişinin X3 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 yanvar 2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən X3 bank hesabına 130 manat köçürülmüşdür. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.8-ci maddələrinə əsasən bu Qanunun 63.2-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-cimaddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 05 dekabr 2019-cu il tarixdə Bakı şəhəri ərazisində Cavabdeh tərəfindən idarə olunan “RENAULT MEGANE” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil, “DACİA LOGAN” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş və hadisə yerini tərk etmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinə görə və yol nəqliyyatı hadisəsi yerindən yayınmasına görə Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə təqsiri bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən “DACİA LOGAN” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 130 manat zərər məbləği ödənilmişdir. Zərərin vurulmasında təqsirkar cavabdeh olduğuna görə və cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə iddiaçının zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də Cavabdeh 130 (yüz otuz) manat pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357-361-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh subroqasiya qaydasında 130 (yüz otuz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat olmaqla cəmi 150 (yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyət hesabına ödənilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar