Məhkəmə qərarları › İş №2(043)-1437/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1437/2021

08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1437/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər 7 saylı tam orta məktəbin direktoru X2 qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər 7 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində verilmiş 11.02.2020-ci il tarixli, 01 saylı əmrin qanunsuz hesab edilərək həmin əmrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 28 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının vəsatəti üzrə Gəncə şəhəri 7 saylı tam orta məktəbin direktoru X6 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhəri 7 saylı tam orta məktəbdə məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini işləyir. 10 fevral 2021-ci il tarixdə məktəbin direktoru Sevda müəllimə, ona növbətçilik cədvəlinin hazırlamasını bildirmişdir. O, həmin növbətçilik cədvəlini hazırlayaraq imzalanması üçün məktəbin direktoru Sevda müəlliməyə təqdim etdikdə Sevda müəllimə cədvəldən yaşlıların çıxarılmasını tələb etmiş, ikinci dəfə isə ona görə imza etməmişdir ki, təqvim günlərində «bazar ertəsi»nin «birinci» günü kimi düzəliş edilməsi barədə göstəriş vermişdir. Növbəti günü 11 fevral 2021-ci il tarixdə məktəbə gələndə məktəbin təsərüffat işləri üzrə müavini Müşfiq müəllimə demişdir ki, cədvəl hazırdır, düzəldib divara vurulması üçün ona verəcəkdir. Həmin gün həmkarların sədri Tahirə müəllimədən cədvələ imza etməsini xahiş etmiş,Tahirə müəllimə isə direktor imzaladıqdan sonra cədvəli imzalayacağını bildirmişdir. O, Tahirə müəllimdən cədvəli imzalamasını təkid etdikdə Tahirə müəllimə cədvəli ondan alıb Sevda müəllimənin katibəsinə vermişdir. Daha sonra Sevda müəllimə onu otağına çağırmışdır. Tahirə müəllimə ilə Sevda müəllimənin otağında olakən Sevda müəllimə yenə də cədvəli imzalamamışdır. Bunun səbəbini Sevda müəllimədən soruşanda «mən bunu sənə demyə məcbur deyiləm» deyərək cədvəli imzalamamışdır. Daha sonra Sevda müəllimə qərəzli şəkildə iki problemli valideyini onun otağına göndərmişdir ki, problemi Könül müəlliməyə desinər. Habuki, həmin valideynlərin uşaqları 2020-ci ildə dalaşmışlar. Onun həmin valideynlərlə söhbəti 3 saat çəkmişdir. Sonra bilmişdir ki, ona akt tərtib ediblər. O isə Təhsil Nazilyinin qaynar xəttinə zəng etmişdir. Beləliklə həmin gün onun vəziyyəti pisləşdiyi üçün xəstəxanaya aparmışdırlar. Daha sonra bilmişdir ki, həmin gündə ona töhmət verilib. Məktəb direktoru qeyd etmişdir ki, guya ondan izahat tələb edilib lakin o izahat verməkdən imtina etmişdir. Belə ki, intizam tənbehi ona 11 fevral 2021-ci il tarixdə verilmidir. Həmin vaxt mübahisə olduğuna görə onun vəziyyəti pisləşmiş və onu təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddiaçının göstərdiklərinə uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Gəncə şəhər Təhsil İdarəsi 7 nömrəli tam orta məktəbin direktoru X6 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini işləyir. Pandemiya ilə əlaqədar məktəbdə sanitar-gigiyena qaydalarına düzgün riayət edilməsi üçün 01.02.2021-ci il tarixli əmrlə komissiya yaradılmışdır. Komissiyanın üzvlərindən biri də İddiaçı olmuşdur. Bundan başqa məktəbdə növbətçilik xidmətini təşkil edərək növbətçilik işinə nəzarət etmək iş bölgüsü üzrə İddiaçı aid olduğundan, 01.02.2021-ci il tarixli 16 nömrəli əmrlə növbətçilik cədvəlinin tərtib edilməsi İddiaçı tapşırılmışdır. Lakin İddiaçı məktəb daxili intizam qaydalarının qorunmasına xidmət edən vəzifə borcunu yerinə yetirmədiyinə görə akt tərtib olunmuş və 11 fevral 2021-ci il tarixli əmrlə ona töhmət verilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş cədvələ imza etməməsinin səbəbi cədvəldə dəyişiklik aparılması və cədvəlin düzgün tərtib olunmaması ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər 7 saylı tam orta məktəbdə texniki işçi kimi çalışır. Mübahisədən onun da məlumatı olmuşdur.Belə ki, Sevda müəllimənin göstərişi ilə Könül müəllimə növbətçilik cədvəlini hazırlamışdır. Sevda müəllimlə “birinci günü” “bazar ertəsi” kimi yazıldığı üçün cədvəlin dəyişilməsini tələb etmişdir. Könül müəllimə yenidən cədvəli tərtib etmişdir. Daha sonra isə Sevda müəllimə yaş həddi məsələsinə görə yeni cədvəlin tərtib edilməsini tələb etmişdir. Sevda müəllimə ilə Könül müəllimə arasında təxminən bir il bundan əvvəl mübahisə yaranmışdır. Sevda müəllimə valideyinlərlə rəftarına görə Könül müəlliməyə irad bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, fevral ayının 1-dən dərslər başladı, həmin vaxtdan bütün sənədlər və cədvəllər hazır olmalı idi. Belə ki, növbətçilik cədvəli önəmli sənədlərdən biridir və onu Könül müəllimə hazırlmalı idi. 2-3 gün ərzində növbətçilik cədvəli hazır olmalı idi. Bu haqda Könül müəlliməni məlumatlandırmışlar. Fevral ayının 9-da cədvəl hazır deyildi. Könül müəlliməyə cədvəli hazırlamasını dedikdə hazır edəcəyin bildirdi. Ancaq nə ayın 10-u nə də 11-i cədvəl tərtib olunub asılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 11 fevral 2021-ci il tarixdə saat 11 radələrində məktə gələn zaman Sevda müəllimə ona demişdir ki, növbətçilik cədvəlinin hazır olmasına baxsın və ona desin.O isə gedib baxmış və cədvəlin asılmadığını görmüşdür. Bu haqda Sevda müəlliməni məlumatlandıran zaman Sevda müəllimə Könül müəllimənin növbətçilik cədvəli hazırladığını lakin yanlışlıqlar etdiyini söyləmiş yenidən düzəlişlər edilməsinə baxmayaraq yenə də natamam etdiyini bildirmişdir.Həmin gün bu barədə Könül müəllimə haqqında akt tərtib edilmsini həmin aktın onun tərəfindən də imzalandığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, həmkarların sədri olduğu üçün Könül müəllimə 11 fevral 2021-ci il tarixdə onun yanına gələrək cədvəli imzalamasını ondan xahiş etmişdir. Lakin o, cədvəli imzalamamışdır ki, əvvəlcə məktəbin direktoru imzalamalıdır. Könül müəllimə ona bildirmişdir ki, direktor imzalamır. O Könüllə birlikdə direktor Sevda müəllimənin otağına getmiş, cədvəli imzalamaq üçün Sevda Müəlliməyə təqdim etdikdə Sevda müəllimə tam hazır olmadığını bildirərək cədvəli imzalamamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər Təhsil İdarəsi 7 nömrəli tam orta məktəbin 15 sentyabr 2020-ci il tarixli 09 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbdə növbətçilik xidmətini təşkil edərək növbətçilik işinə nəzarət etmək iş bölgüsü üzrə İddiaçı aid olmuşdur. Gəncə şəhər Təhsil İdarəsi 7 nömrəli tam orta məktəbin 01 fevral 2021-ci il tarixli 16 nömrəli əmrindən çıxarışdan görünür məktəbdaxili nizam-intizam qaydalarına nəzarəti gücləndirmək üçün növbətçilik cədvəlinin tərtib edilməsi İddiaçı tapşırılmışdır. 11 fevral 2021-ci il tarixli, aktın surətindən görünür ki, İddiaçı vəzifəsinə aid iş bölgüsündə nəzərdə tutulmuş məktəbdə növbətçilik xidmətini təşkil etmək və növbətçilərin işinə nəzarət etmək borcu olduğu halda müxtəlif bəhanələr gətirərək növbətçilik cədvəlini tərtib etməmişdir. Gəncə şəhər Təhsil İdarəsi 7 nömrəli tam orta məktəbin 11.02.2021-ci il tarixli 01 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı məktəbdə növbətçilik xidmətini təşkil etmədiyi və xüsusi karantin rejimi dövründə məktəb daxili intizam qaydalarının qorunmasına xidmət edən vəzifə borcunu yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. 12.02.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi tərəfindən verilən ambulator, stasionar xəstənin tibb kartasından görünür ki, İddiaçı 11.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixədək nevrotik isterik sindromu diaqnozu ilə xəstəxanada olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, məhkəmə isdasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, məktəbdə növbətçilik xidmətini təşkil edərək növbətçilik işinə nəzarət etmək iş bölgüsü üzrə İddiaçı aid olduğundan, məktəbin 01.02.2021-ci il tarixli 16 nömrəli əmrlə növbətçilik cədvəlinin tərtib edilməsi İddiaçı tapşırılmışdır. Qeyd olunan əmr 01.02.2021-ci iltarixdə tərtib olunsa da növbətçilik cədvəlinin hansı tarixdən tərtib olunması əmrdə göstərilməmişdir. Məktəb direktorunun 10 fevral 2021-ci il tarixdə şifahi göstərişi əsasında İddiaçı tərəfindən cədvəl tərtib olunsa da cədvəldə düzəliş edilməsi ilə əlaqədar təkrarən məktəbin direktoru tərəfindən imzalanmamışdır. Bununla bağlı məktəb daxili intizam qaydalarının qorunmasına xidmət edən vəzifə borcunu yerinə yetirmədiyinə görə akt tərtib olunmuş və 11 fevral 2021-ci il tarixli əmrlə iddiaçıya töhmət verilmişdir.Halbu ki, istər məhkəmə iclasında dindlirilmiş şahid ifadələri istərsə də video görüntünü əks etdirən disqə baxış keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən 2 dəfə növbətçilik cədvəli tərtib olunmuş hər dəfə düzəliş səbəbi ilə cədvəl məktəbin direktoru tərəfindən imzalanmamış, cədvəlin düzgün tərtib olunmamasının nədə ifadə olunması məktəbin direktoru X6 tərəfindən göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində göstərilir:

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı intizam tənbehi verilməmişdən əvvəl onun izahatı alınmamış, İddiaçı tərəfindən 2 dəfə növbətçilik cədvəli tərtib olunsa da hər dəfə düzəliş səbəbi ilə cədvəl məktəbin direktoru tərəfindən imzalanmamaqla, cədvəlin düzgün tərtib olunmamasının nədə ifadə olunması məktəbin direktoru X6 tərəfindən göstərilməmişdir. İddiaçının məktəb daxili intizam qaydalarının qorunmasına xidmət edən vəzifə borcunu yerinə yetirmədiyi əsas götürülərək Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, işçi (iddiaçı) tərəfindən 2 dəfə növbətçilik cədvəli tərtib olunsa da hər dəfə düzəliş səbəbi ilə cədvəl məktəbin direktoru tərəfindən imzalanmamaqla, cədvəlin düzgün tərtib olunmamasının nədə ifadə olunması məktəbin direktoru X6 tərəfindən göstərilməmişdir. Qanunvericilikdən görünür ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona göstərilən intizam tənbehlərindən birini verə bilər. Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi qaydalarından bəhs edən 187-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi İddiaçı intizam tənbehi verilməmişdən əvvəl onun izahatı alınmamış, İddiaçı üzərinə qoyulmuş tapşırığın yerinə yetirməməsinin səbəbi ondan asılı olmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı barəsində Gəncə şəhər Təhsil İdarəsi 7 nömrəli tam orta məktəbin direktoru X6 tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 01 nömrəli əmr ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

İddia təmin olunsun. İddiaçı barəsində Gəncə şəhər Təhsil İdarəsi 7 nömrəli tam orta məktəbin direktoru X6 tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 01 nömrəli əmr ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar