Məhkəmə qərarları › İş №2(043)-1500/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1500/2021

19.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1500/2021 19.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «ümumi mülkiyyətdə olan əmlakın hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara münasibət bölüşdürülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «ümumi mülkiyyətdə olan əmlakın hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara münasibət bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, mənzil 20 ünvanda yerləşən mənzilin açıq hərracda satılması və satış pulunun paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, mənzil 20 ünvanda yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında 2/6 hissəsi ona, 4/6 hissəsi qardaşı Cavabdeh məxsusdur. Fakt ondan ibarətdir ki, o mənzilin 2/6 hissəsinin qanuni mülkiyyətçisi sayılsa da, mənzil bu gün bütövlükdə qardaşı X1 və onun ailəsinin istifadəsindədir. O və anaları Maraqlı şəxs həmin mənzildə qeydiyyatda olsa da, cavabdeh onların oraya köçüb normal yaşamaqlarına təminat vermir. Onlar ümumi mülkiyyətdə olan həmin mənzilin, yaxud əmlakın ümumi dəyərinin, yaxud əmlakın ümumi dəyərinin paylara uyğun hissədə bir birilərinə ödəməsi yolu ilə mübahisələrini həll edə bilmirlər. Hesab edir ki, belə olan halda, onların mübahisənin həlli MM-nin 220.3 maddəsinə uyğun həll edilməlidir. Həmin maddədə göstərilmişdir ki, "paylı mülkiyyətin mülkiyyətçiləri, ümumi əşyanın bölünməsi və ya ondan payının alınması üsulu və şərtləri barədə razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payını naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini digər mülkiyyətçidən tələb etmək hüququna malikdir". Ümumi mülkiyyətlərində olan mənzildəki onun 2/6 payının naturada bölünməsi mümkün deyildir. Çünki, mənzil iki otaqlı olmaqla, cəmi iki yaşayış otağından ibarətdir. Onların mənzillərinin hazırki bazar dəyəri 30000 manat civarındadır. Ona görə də, o payının dəyərinin digər mülkiyyətçidən tələb etmək hüququndan istifadə edərək, cavabdehdən 10000 manat pul tələb etmişdir. Cavabdeh buna razılıq verməmişdir. Cavabdeh qardaşı bu şərtlərlə razı olmadığına görə, hesab edir ki, mübahisələri MM-nin 222.5 və 222.6 maddəsinə əsasən həll olunmalıdır. Yəni, bu halda məhkəmə mənzilin hərracda satılması və satış pulunun onların aralarında paylarına uyğun bölüşdürülməsi barədə qərar qəbul etmək hüququna malikdir. Əlavə olaraq bildirir ki, 3-cü şəxs qismində göstərdiyi anası Maraqlı şəxs onların mülkiyyətlərində olan mənzilin yaşayış sahəsindən istifadə hüququ vardır. Onun yaşayış sahəsindən istifadə hüququna Azərbaycan Respublikası MM-nin 228-ci maddəsinə uyğun olaraq, kompensasiya ödənməklə xitam verilə bilər. O anası ilə razılaşmışdır ki, onun yaşayış sahəsindən istifadə hüququnun onun payına münasibətdə əvəzləşdirilməsi üçün, onu yaşayış sahəsi ilə təmin edəcək. Cavabdehin payına münasibətdə isə, anası cavabdehdən onun xeyrinə kompensasiya ödənilməsi tələbi ilə işə barışmaq niyyətindədir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, mənzil 20 ünvanında yerləşən mənzil, iki otaqlı olmaqla ayrı-ayrılıqda deyildir, yəni bir otaqdan digər otağa keçmək mümkündür və həmin mənzilin naturada bölgüsü və birgə istifadəsi mümkün deyildir. Həmçinin mənzildə onun payına uyğun hissəsinin əvəzinin ödənilməsi barədə cavabdehlə razılığa gəlinməsi mümkün olmamışdır. Buna görə də məhkəmədən həmin mənzilin hərracdan satılmasını, satışdan əldə olunmuş vəsaitin paylara uyğun bölünməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddiaçının izahatına uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, mənzil 20 4/6 payla ona, 2/6 payla İddiaçı məxsusdur. Həmin mənzil onun ailəsinin yeganə yaşayış yeridir, mənzil iki otaqlı olmaqla ayrı-ayrılıqda deyildir, yəni bir otaqdan digər otağa keçmək mümkündür və həmin mənzilin naturada bölgüsü və birgə istifadəsi mümkün deyildir. Bundan başqa həmin mənzilin təmir xərclərini, habelə atasının dəfn və yas mərasiminin xərclərini o cəkmiş, iddiaçı həmin xərclərdə iştirak etməmişdir. Hazırda iddiaçıya 7000 manat kompensasiya verməyə razıdır, lakin iddiaçı həmin məbləğlə razılaşmır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 cavabdehin izahatına uyğun çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi. 26.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs Maraqlı şəxs iddia ilə razı olduğunu bildirdi və təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********92-05101-093039 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, 20 saylı mənzilin 2/6 hissəsi İddiaçı, 4/6 hissəsi Cavabdeh adına paylı mülkiyyətləri kimi qeydə alınmışdır. İş materiallarında olan Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, mənzil 20-də qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 oktyabr 2006-cı il tarixli 2-836/2006 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Maraqlı şəxs Gəncə şəhəri, H.Əliyev prospekti 113 nömrəli evin 20 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 iyul 2021ci il tarixli 01/21-385 nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı (2/6 hissə) və Cavabdeh (4/6 hissə) məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, mənzil 20 ünvanında yerləşən 2 otaqlı mənzilin 27.07.2021-ci tarixə olan bazar dəyəri 32000 (otuz iki min) manat, likvid dəyəri 25500 (iyirmi beş min beş yüz) manat təşkil edir. Ekspertizanın keçirilməsi üçün 400 (dörd yüz) manat xidmət haqqı təyin edilmişdir. Xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mülk paylı mülkiyyət hüququ əsasında iş üzrə tərəflərə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə, paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ödənilməsi barədə razılığa gələ bilməməklə, paylı mülkiyyətçilər tərəfindən mənzilin naturada öz aralarında bölünməsinin mümkün olmamasını bildirməklə razılıq əldə edilməmiş və həmçinin bu hal mübahisələndirilməmişdir. Bununla da tərəflərin bir-birilərinə paylarına mütənasib şəkildə kompensasiya vermələri də mümkün olmamışdır. İş üzrə təyin edilmiş qiymətləndirmənin rəyində mənzilin bazar dəyəri 32000 manat, likvid dəyəri 25500 manat müyəyyən edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, mübahisəli paylı mülkiyyətdə olan mənzil iki otaqlı mənzil olmaqla, ümumi sahəsi 43,5 kvadratmetr təşkil edir ki, bununla da həmin mənzilin naturada ayrılması da qeyri-mümkündür. Buna görə də iddia tələbi əsaslı hesab edilməklə, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında konstitusiya məhkəməsininn plenumu qərara almışdır ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, mübahisəli mənzil açıq hərracdan satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, həmçinin əmlakın qiymətləndirilməsi üçün ekspertizanın keçirilməsi üçün 400 manat xidmət haqqı da iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə, ekspertizanın keçirilməsi üçün xidmət haqqı kimi ödənilmiş 400 manat isə iddiaçı və cavabdehə aid edilməli, 200 manat ekspertiza xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 2/6 hissədə, Cavabdeh 4/6 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, mənzil 20 ünvanında yerləşən 2 otaqlı mənzil açıq hərracda satılsın. Mənzil açıq hərracda satıldıqdan sonra əldə olunmuş vəsait İddiaçı 2/6 hissədə, Cavabdeh 4/6 hissədə paylarına mütənasib surətdə bölüşdürülsün. Gəncə şəhəri, Kəpəz rayonu, X5 prospekti, ev 113, mənzil 20 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiyməti 25500 (iyirmi beş min beş yüz) manat müəyyən edilsin. Ekspertizanın keçirilməsi üçün xidmət haqqı kimi ödənilmiş 200 (iki yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev “düzdür” Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar