Məhkəmə qərarları › İş №2(043)-1516/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1516/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1516/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “səhhətə xəsarət yetirilməsi nəticəsində dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “səhhətə xasarət yetirilməsi nəticəsində dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun səhhətinə cavabdeh tərəfindən xəsarət yetirilməsi nəticəsində sağlamlığına dəyən ziyanın əvəzi olaraq Cavabdeh 800 (altı yüz) manat və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat, cəmin 5600 (beş min altı yüz) manat pulun alınıb ona verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun iş yoldaşıdır. 29 sentyabr 2020-ci il tarixdə saat 10:00 radələrində xidmətçi kimi işlədikləri Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin F.Əmirov parkında yerləşən məntəqəsində istirahət otağında olan zaman Cavabdeh çaydanın altlığı kimi istifadə olunan dəmir parçası ilə onun gicgah nahiyəsindən qəsdən zərbə vuraraq ona sol alıngicgah nahiyəsinin yarası sol dirsək nahiyəsinin qançırı yaraları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına "yüngül" zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərən xüsusatlar məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Məhkəmə zamanı ona zərərin əvəzi olaraq cavabdeh tərəf 500 (beş yüz) manat ödəyəcəyini söz vermiş və bu məbləğdən 150 (bir yüz əlli) manat ödəyərək qalan məbləği də noyabrın axrında verməyə söz vermişlər. Onlar demişlər ki, ailələrində uşaq dünyaya gələcək, vəziyyətləri pisdir, ayın axırında qalan pulu ödəyəcəkdir. Bu cür onu aldadaraq xitam üçün ərizə yazdırmışlar. O, cavabdehə inanmışdır ki, səhhətinə dəyən zərəri tam ödəyəcəklər. Lakin, cavabdeh onu aldatmışdır. Başında hələ də güclü ağrılar var. Pulu olmadığı üçün müvafiq müayinə oluna bilməmişdir. Gicgahında hələ də çapıq izi durur. Həm ailə daxilində, həm də tanışlarının yanında, cəmiyyət içində utanır. Səhhətinə cavabdeh tərəfindən vurulmuş zərər həm maddi, həm də mənəvidir və bu zərər aradan qaldırılmamışdır. O cavabdehdən tələb etsə də, o zərərin əvəzini ödəmək istəmir. Cavabdeh bu zərərə görə 150 (bir yüz əlli) manat ödəməklə hesab edir ki, ona bu cür hücum edib, gicgahına zərbə vurub, səhhətinə bu cür xəsarətlər yetirməyin əvəzini guya ödəmişdir. Halbuki ona vurulan zərər qat-qat çoxdur və insan səhhətini 150 (bir yüz əlli) manata qiymətləndirmək heç bir maddi və mənəvi hüquq normalarına sığmır. Cavabdeh zərəri ödəmədiyi üçün o məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Başında hələ də ağrılar var və üzündəki iz də onu çox narahat edir, cavabdehlə bacara bilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, başının yarılması nəticəsində ona maddi və mənəvi zərərin əvəzi olaraq 500 manat ona ödənilməsi şərti ilə cavabdehlə razılaşmışlar. Cavabdeh ona 500 manatdan cəmi 150 manat pul ödəmiş, həmin məbləğdən 350 manat ödənilməmişdir. Onun səhhətinə vurulmuş zərər və müalicəsi ilə bağlı çəkdiyi xərclərlə bağlı sübutu yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 150 manat pul vermiş və aralarında barışıq əldə olunmuşdur. O bundan sonra iddiaçıya demişdir ki, gedib həkim yoxlanışından keçsin, əgər əlavə yenə müalicəsi ilə bağlı pul lazım olarsa köməklik edər. İddiaçı bununla razılaşmış və onun barəsində olan cinayət işinə baxılarkən ona qarşı şikayət və tələbinin olmamasına dair ərizə vermişdir. Onlar arasında 500 manata dair razılaşma olmamışdır. Bu müddət ərzində Esmira ona müalicə olunması və ya əlavə xərc çəkməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. İddia tələbini qəbul etmir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-171/2020 saylı, 05.11.2020-ci il tarixli qərarın surətindən görünür ki, həmin cinayət işinə baxılarkən zərər çəkmiş şəxs İddiaçı ərizə verərək ona dəymiş zərərin tam ödənildiyini, Cavabdeh qarşı şikayət və tələbinin olmadığını və onun barəsində olan işə xitam verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Cavabdeh barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsanhüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yenə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 29.09.2020-ci il tarixdə saat 10 radələrində xadiməçi kimi işlədiyi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin F.Əmirov parkında yerləşən məntəqəsində istirahət otağında olan zaman iş yoldaşı İddiaçı ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı istirahət otağında olan çaydan altlığı kimi istifadə olunan dəmir parçası ilə İddiaçı gicgah nahiyəsinə qəsdən zərbə vuraraq ona, sol alın-gicgah nahiyəsinin yarası, sol dirsək nahiyəsinin qançırı yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarəti yetirmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsində baxılmış və həmin vaxt zərər çəkmiş şəxs və hazırki iş üzrə İddiaçı ərizə verərək ona dəymiş zərərin tam ödənildiyini, Cavabdeh qarşı şikayət və tələbinin olmadığını və onun barəsində olan işə xitam verilməsini xahiş etmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-171/2020 saylı, 05.11.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Cavabdeh barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı Cavabdeh qarşı “səhhətə xasarət yetirilməsi nəticəsində dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun səhhətinə cavabdeh tərəfindən xəsarət yetirilməsi nəticəsində sağlamlığına dəyən ziyanın əvəzi olaraq Cavabdeh 800 (altı yüz) manat və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat, cəmin 5600 (beş min altı yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək İddiaçı vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 150 manat pul verdiyini və aralarında barışıq əldə olunduğunu, ona qarşı şikayət və tələbinin olmadığını bildirdiyini, bundan sonra iddiaçının müalicəsi ilə bağlı əlavə xərclərin ortaya çıxmasına dair ona sübut təqdim edilmədiyini bildirib, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iddia tələbinin dəlillərini işin faktiki halları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 150 manat pulun verilməsi, İddiaçı ərizə verərək ona dəymiş zərərin tam ödənildiyini və Cavabdeh qarşı şikayət və tələbinin olmamasını bildirməsi, bundan sonra iddiaçının əlavə müalicəyə ehtiyacı olması və müalicəsi ilə bağlı əlavə xərc çəkməsinə dair mötəbər sübutlarını iddia ərizəsində əsaslandırmamaqla əlavə etməməsi, həmçinin işə baxılarkən də məhkəməyə təqdim etməməsi onu deməyə əsas verir ki, iddiaçının maddi və mənəvi zərərə görə cavabdehdən pulun alınaraq ona ödənilməsini tələb etməsi əsassızdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “səhhətə xəsarət yetirilməsi nəticəsində dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “səhhətə xəsarət yetirilməsi nəticəsində dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar