Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-154/2022 01.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı «pəncərə yerlərinin bağlanması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikilinin ona məxsus Gəncə şəhəri, N.Nərimanov küçəsi, 9-cu döngə, 23 saylı evin həyətinə baxan pəncərə yerlərinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Cavabdeh onun qonşusudur. O, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 96-98 saylı evdə yaşayır. Qonşu kimi əvvəllər münasibətləri normal olmuşdur. Lakin bu yaxınlarda cavabdeh yaşadığı həyətdə ev tikməyə başlamış və bu zaman onun həyətinə baxan böyük bir pəncərə düzəltmişdir. Həmin pəncərə yerləri onun evinə bitişik olmaqla birbaşa onun həyətinə baxır. Bununla bağlı o dəfələrlə cavabdehə müraciət etmişdir ki, onun həyətinə baxan həmin pəncərə yerlərini bağlasın. Lakin, cavabdeh bunu etməyəcəyini bildirir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia əizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehə məxsus evin pəncərəsindən onun həyəti göründüyünə görə hazırki iddianı irəli sürmüşdür. Həmin tikili başqa hər hansı formada onun hüquqlarını pozmur. Sadəcə cavabdehin evindən baxanda onun həyətinin görünməsini istəmir. Bu hal onun üçün əlavə narahatçılıq doğurur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında olan fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İddiaçı, mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evinə onun qonşuluğunda yaşayan cavabdeh tərəfindən pəncərə açıldığını və həmin pəncərələrinin onun həyətinə açıldığı üçün onu narahat etdiyini bildirərək, pəncərə yerlərinin bağlanmasını tələb etmişdir. Cavabdeh X3 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir, İddiaçı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında inşa etdiyi fərdi yaşayış evinin iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu Nəriman Nərimanov küçəsi, 9-cu döngə 23 saylı evin həyətinə baxan pəncərə yerlərinin bağlanmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, mülkiyyətində olan fərdi yaşayış evini sökərək yerində yeni ev tikmişdir. Həmin tikintiyə başlamamışdan əvvəl Gəncə şəhəri İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti Şöbəsinə müraciət edərək müvafiq icazəni almışdır. Belə ki, "xxxx" MMC-də çəkdirdiyi planı təsdiqlədərək tikinti işlərinə başlamışdır. Hazırda mülkiyyətində apardığı tikinti tam yekunlaşmışıdır. Tikinti aparılarkən tikinti razılaşdırılmış plan əsasında aparılmışdır. Mülkiyyətində tikdirdiyi fərdi yaşayış evinin heç bir pəncərəsi iddiaçının həyətyanı sahəsinə baxmır. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsini görmək üçün mənə məxsus fərdi yaşayış evinin dam örtüyünün üzərinə çıxmaq lazımdır. İddia ərizəsində göstərilən əsaslar həqiqəti əks etdirmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan foto şəkillərdən və fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, tərəflər qonşudurlar. Cavabdeh tərəfindən tikilmiş yeni yaşayış evininin pəncərəsi deyil, evin yuxarı mərtəbəsində yerləşən eyvanın sağ tərəfi iddiaçının evinin dam hissəsinə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin pəncərəsi deyil, evin yuxarı mərtəbəsində yerləşən eyvanın sağ tərəfindən iddiaçının evi görünür. Həmçinin həmin eyvan evin texniki pasportunda göstərilən tikinti layihəsinə uyğun quraşdırılmışdır. Cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus fərdi yaşayış evinə hər hansı formada zərər yetirmir, iddiaçının fərdi yaşayış evindən istifadə etməsinə hər hansı formada maneçilik törətmir. İddiaçının sadəcə cavabdehə məxsus evin pəncərə yerindən onun həyətinin görünməsinə əsaslanaraq, həmin pəncərə yerinin bağlanmasını tələb etməsi qonşuluq hüququnu tənzimləyən Mülki Məcəllənin 170 və 171-ci maddələrinin tələbinə ziddir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 qarşı «pəncərə yerlərinin bağlanması» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-154/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-154/2022
01.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver