Məhkəmə qərarları › İş №2(043)-1549/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1549/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1549/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 650 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış «İveco yük» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 06 sentyabr 2019-cu il tarixdə Bakı-Qazax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Mercedes Benz C220” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədəmişdir. Gəncə şəhər DYPŞ-nin qərarı ilə cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verən zaman cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkmiş şəxsin avtomobilinin zədələnməsi ilə bağlı 650 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı nümayəndəsinin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında 01.04.2019-cu il tarixdə PGU********** nömrəli İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus “İVECO YÜK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 01.02.2020-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə edilmiş AB seriyalı, 710933 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «İveco yük» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cəfərova Munisə Yunis qızıdır. İş materiallarına əlavə edilmiş AD seriyalı, 322203 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C220” markalı, **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. İş materiallarında olan 06.09.2019-cu il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş Şəmkir rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Quliyeva (Cəfərova) Munisə Yunis qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, «Mercedes Benz» markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 650 manat təşkil edir. İş materiallarına əlavə edimiş PGU191599 saylı sığorta aktından görünür ki, «xxxx» ASC tərəfindən 650 manat məbləğində sığorta ödənişinin X1 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» Açıq Səhmdar Cəmiyyətinin 01 oktyabr 2019-cu il tarixli 03458 saylı ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən X1 bank hesabına 650 manat köçürülmüşdür. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin 18 iyun 2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş X3 24.06.2019-cu il tarixdə sürücülük hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 06 sentyabr 2019-cu il tarixdə Bakı- Qazax yolunda cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan “İveco yük” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi “Mercedes Benz C220” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və sonuncu avtomobilə maddi zərər vurulmuşdur. Cavabdehin əməlində inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında icraat aparılmış, məhkəmənin qərarına əsasən nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə o, İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. “xxxx” ASC tərəfindən “Mercedes Benz C220” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 650 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə cavabdehə qarşı, hadisə zamanı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 650 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 650 (altı yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 30,40 manat (otuz manat qırx qəpik) pul tutularaq “xxxx”ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar