Məhkəmə qərarları › İş №2(043)-155/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-155/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-155/2021 23.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X14 və Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdehlərdən 100000 manat məbləğində maddi zərər və 50000 manat məbləğində mənəvi zərərin alının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, o, Cavabdeh1 sonuncunun qaynanası olan X8 digər cavabdeh Gəncə şəhər Nizami Rayon Hakimiyyətinin başçısı- Cavabdeh2 Sərəncamı əsasında ayrılmış torpaq sahəsini birgə nikah dövründə əri X15 adına Cavabdeh1 tapşırığı ilə etibarnamə əsasında torpaq sahəsini almış və həmin torpaq sahəsində özlərinin evləri olmadığından fərdi yaşayış evini tikdirmişlər. Lakin bir müddət sonra inşa etdirdikləri evləri çökməyə və çat verməyə başlamış, bundan sonra o, dərhal Cavabdeh1 ilə əlaqə saxlayaraq ona satdığı torpağın çökdüyünü bildirmişdir. Bir müddətdən sonra cavabdehin ona altı boş olan və sonradan torpaqla doldurulmuş torpaq sahəsinin satdığı və bu səbəbdən də inşa etdirdiyi evin çökdüyü məlum olmuşdur. O, əhəmiyyətli dərəcədə ziyana düşdüyünü və cavabdehlərdən pulun alınmasında çətinlik çəkəcəyini bildiyindən birtəhər evinin belindən və sütunlarından əlavə kəmər vermişdir ki, çatları aradan qaldırıb yaşaya bilsin. Bir müddətdən sonra inşa etdirdiyi ev yenə də çökməyə və evdə yaşamaqlarının çox təhlükəli olduğunu görüb əvvəl yaşadıqları yataqxanaya yenidən qayıtmış və artıq təngə gəlmişlər. O, hesab edir ki, cavabdehlərin 3də onu əlbir olaraq aldatmaqla ona əhəmiyyətli dərəcədə maddi zərər vurmuşlar. O, evin tikilməsinə 10000 manat məbləğində xərc çəkmişdir. Hazırda cavabdehlərin onu uzun müddət süründürməsi, evinə köçə bilməməsi, uzun müddət yenidən yataqxanada qalması ilə əlaqədar əsəblərinin gərginləşməsi, mənəvi narahatçılığı sağlamlığına mənəvi zərər vurulması və cavabdeh tərəfindən edilən haqsızlıqla bağlı mənəvi zərər tələb etməyinə hüquqi əsas verir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək maddi imkanı olmadığından evin bünövrəsi qoyulduqdan bir il sonra evi tikdirməyə başlamış, evin tikintisi 2018-ci ildə başa çatmışdır. Məhkəmə iclasında iddiaçının vəkili X26 iddia tələbini müdafiə edərək iddiaçının dedikləri ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində evin hansı tarixdə inşa edilməsi, hansı tarixdə torpağın alınması qeyd edilməmişdir. Həmçinin ev inşa edilən vaxt Hökümə cavabdeh Müşfiqə zəng edərək onu evin inşa olunduğu əraziyə çağırmışdır ki, Müşfiqə torpağın doldurulma olduğunu sübut etsin. Müşfiq də həmin əraziyə gedərək öz aralarında danışıqlar aparmış, daha sonra cavabdeh həmin ərazidən uzaqlaşmışdır. Əgər iddiaçı iddiasını əsaslı bilmişdirsə nəyə görə həmin vaxt iddia qaldırmamışdır? Vurulmuş ziyanın Müşfiq tərəfindən vurulması qəbuledilməzdir. Çünki qazıntı işləri aparılan zaman Müşfiqin iştirakı ilə torpağın dəyişdirilməsi təklif olunmuş, lakin iddiaçı razılaşmamış, əksinə tikintini davam etdirmişdir. Buna görə də, o, hesab edir ki, iddia tam əsassızdır və rədd olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, onun özünə məxsus obyekti İcra Hakimiyyəti tərəfindən sökülmüş və ona kompensasiya olaraq 10-15 ədəd hissə-hissə torpaq sahələri verilmişdir. O da həmin torpaq sahələrini satmağa başlamış, bir müddət sonra Arif adlı vasitəçi əlində olan torpaq sahələrini satmaq məqsədilə göstərməsi üçün Hökümə ilə tanış etmişdir. O da Hökümə ilə birlikdə mübahisəli torpaq sahəsinə getmiş, iddiaçı satın aldığı həmin yeri bəyənmiş və xatırlamadığı məbləğə həmin torpaq sahəsini iddiaçıya notarial qaydada satmışdır. Bir müddət sonra iddiaçı ona zəng edərək aldıqları torpaq sahəsindən zir-zibil çıxdığını və həmin yerin doldurulma torpaq olduğunu bildirmişdir. O da həmin yerə getmiş və iddiaçıya bəyənmirsə torpaq sahəsini dəyişməyi ya da ki, qaytarmağı təklif etmiş, həmin vaxt onların yanında olan usta, buna ehtiyac olmadığını, bünövrəni karkasla etsə heç bir problem olmayacağını bildirmişdir. Bir müddət sonra yenidən Hökümə ona zəng edərək evinin çökdüyünü və dağıldığını bildirmiş, o həmin tikinti olan yerə gedən zaman həqiqətən də evdə çöküntü olduğunu və iddiaçıya yazığı gəldiyi üçün kömək məqsədi ilə 200 manat pul vermişdir ki, çöküntü olan yerləri təmir elətdirsin. Bu söhbətdən bir müddət də keçdikdən sonra yenə Hökümə ona zəng edərək bu dəfə evin başqa tərəfinin çökdüyünü bildirmiş və evdə çöküntü olduğunu müşahidə elədikdən sonra, iddiaçının az təminatlı ailə olduğunu görüb bir nəfərdən alacağı borc pulu Höküməgilə gətirib çatdırmasını bildirmiş və buna görə də, onlara sənəd vermişdir. O, əslində iddiaçıya torpağı qaytarmağı təklif edəndə iddiaçı ona evin bünövrəsini karkasla elətdirəcəyi üçün xərcinin çox çıxacağını və buna görə də ondan əlavə 1 sot torpaq sahəsi də istəmiş, o da razılaşmışdır. Məhkəmə iclasında şahid X35 ifadə verərək bildirdi ki, tərəflərlə tanışdır. Belə ki, o, əvvəllər ara bir vasitəçilik etmişdir. Hökümə ondan torpaq almaq istədiyini və ona boş torpaq sahəsi tapmağını xahiş etmiş, o da Hökümənin xahişi əsasında münasib bir yerdə torpaq olarsa ona xəbər etməsini Müşfiqdən xahiş etmişdir. X38 ilə tanış etmiş, onlar birlikdə Hökümənin hazırda aldığı torpağa baxmağa getmişlər. Hökümə orada həmin torpaq sahəsini bəyənib almışdır. Hökümə torpaq sahəsinə baxmağa gedəndə və alqı-satqı zamanı orada olmamışdır. Müşfiq özü hansı torpağın doldurulmalı olduğunu bilmişdir, çünki torpaq sahəsini özü doldurmuşdur. Məhkəmə iclasında şahid X16 ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. O, Müşfiqin ərazisində gözətçilik etmişdir. Həmin ərazi zibillik olmuş, sonra Müşfiq həmin zibillik olan ərazini təmizlətdirib hissə-hissə ayıraraq satışa çıxarmışdır. O, həmin əraziyə torpaq doldurulmasını və torpaq dolduralacaq dərəcədə çökəklik görməmişdir. Sadəcə olaraq, hər tərəf zibillik olmuş, həmin zibillik olan ərazini də Müşfiq özü təmizlətdirmişdir. Məhkəmə iclasında şahid X27 ifadə verərək bildirdi ki, o, iddiaçının əridir. Onlar torpağı alan zaman Arif onları Müşfiqlə tanış etmiş, sonra Müşfiqlə birgə hazırda aldıqları torpaq sahəsinə baxış keçirtməyə getmişlər. O ə arvadı Hökümə torpaq sahəsini bəyəndikdən sonra 6000 (altı min) ABŞ dolları qarşılığında almış və daha sonra ev inşa etmək üçün qazıntı işləri aparan zaman torpaqda boşluqlar olduğunu görüb Müşfiq ilə əlaqə saxlayıb onu əraziyə gəlməsini xahiş etmişlər. Müşfiq əraziyə gələrək qazıntı işlərinin aparıldığı yerə baxdıqdan sonra onlara tikintinin bünövrəsini çay daşı ilə yox karkas qoyularaq beton tökülməsini bildirmiş, o da evin bünövrəsini Müşfiqin dediyi kimi edərək inşa etməyə başlamışdır. Ev tam hazır vəziyyətə çatmamış çökməyə və divarlarında çatlar yaranmağa başlamışdır. Evlərindən bir qədər aralıda dərə formasında çökəkliklər var. Əslində, Müşfiq onlara evin çatlarını düzəltmək üçün 200 manat məbləğinə pul verəndə çatları düzəldib evi başqa adama satmağı təklif etmişdir. Məhkəmə iclasında şahid Orucov Pərviz Cəmiyyət oğlu ifadə verərək bildirdi ki, o, ustadır. Evi torpaq sahəsi olan vaxtdan götürüb tam tikib təhvil verir. İddiaçının da evini o, tikmişdir. Ev 1 mərtəbəlidir, 1 zal, 3 otaq və mətbəxdən ibarətdir. Həmin ev tikilən zaman traktor bünövrəni qazanda torpaqdan zir-zibil çıxdığını görmüş, o da bu barədə ev sahibi Höküməyə məlumat vermişdir. Onlar da Müşfiqə zəng edərək həmin yerə çağırmış, sonuncu həmin qazıntı işləri aparılan yerə gəlmiş və torpaq sahəsinə baxdıqdan sonra narahat olmamalarını, sadəcə torpağın üst hissəsinin düz olması üçün təmizlətdirdiyini və həmin ərazinin doldurulma torpaq olmadığını bildirmişdir. Bundan sonra onlar da rahat şəkildə işlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid Orxan Azim oğlu ifadə verərək bildirdi ki, Hökümə dostunun arvadıdır, cavabdeh Müşfiqi tanıyır, digər cavabdeh Məharəti isə tanımır. Belə ki, o, özü də Müşfiqdən torpaq sahəsi almış və buna görə Müşfiqlə tanışlığı var. Onun torpaq sahəsi Höküməgilin evindən 200-250 m aralıda yerləşir. Mübahisəli torpağın yerləşdiyi ərazi əvvəllər zibillik, dərə-təpə olmuşdur. O, əvvəl Gəncə şəhəri MKTİB-də işləyən zaman küçədən topladıqları məişət tullantılarını aparıb həmin ərazilərə boşaltmış, buna görə oranın hansı vəziyyətdə olduğunu bilir. Hökümə evi tikdirəndə onun bünövrəsini o, Xəyal, Hökümə, usta və 2-3 nəfər fəhlə birlikdə qazıntı işləri aparmışlar. Həmin vaxt Müşfiq inşaat aparılan əraziyə gəlmiş, torpağın vəziyyətinə baxdıqdan sonra evi karkasla inşa etməyi və heç bir problem olmayacağını bildirmişdir. Müşfiqin sözündən sonra işlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid X12 ifadə verərək bildirdi ki, iddiaçı Hökümə bacısıdır, cavabdeh Müşfiqi tanıyır, digər cavabdeh Məharəti isə tanımır. Belə ki, o özü də Müşfiqdən torpaq sahəsi almışdır. Bacısı Hökümə evin bünövrəsinin qoyulmasında ondan köməklik istəmiş, o və digər fəhlələrlə qazıntı işləri aparan zaman usta torpağın doldurulma torpaq olduğunu görüb Höküməyə bu torpağın üzərində ev tikməyin çox təhlükəli olduğunu bildirmişdir. Bundan sonra Hökümə Müşfiqə zəng edərək inşaat aparılan əraziyə çağırmış, Müşfiq torpaq sahəsinə baxdıqdan sonra oranın doldurulma torpaq olduğunu, narahat olmamalarını, sadəcə olaraq bünövrəni karkasla eləmələrini, ondan sonra heç bir problem olmayacağını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Gəncə şəhər Nizami İcra Başçısının 09 sentyabr 2014-cü il tarixli, 1382 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektindən Gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsində X17 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə icazə verilmişdir. X24 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, o, arvadı X8 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektindən Gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kvm torpaq sahəsini və gələcəkdə bu torpaq sahəsində inşa ediləcək ev və digər tikililərin özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanılmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə razılıq vermişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X9 arasında 27 mart 1981-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. 21 fevral 2018-ci il tarixli qəbzdən görünür ki, R.Məmmədova tərəfindən "xxxx" ASCnin hesabına 164,12 manat məbləğində ödəniş olunmuşdur. 21.02.2021-ci il tarixli Smeta sənədindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektindən Gəc zavoduna gedən yolun sol tərəfində yerləşən X8 məxsus fərdi yaşayış evinin elektrik təchizatının smeta dəyəri 163,12 manat təşkil edir. ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 may 2020-ci il tarixli məktubundan görünür ki, 4 saylı notariat kontorunun 13.11,2007-ci il tarixli, 4Ə-5- 608 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 50.7 kvm ümumi sahəsi olan qeyri-yaşayış binası “Azərittifaq” Gəncə şəhər Kooperativ Cəmiyyəti tərəfindən Cavabdeh1 satılmışdır. Alıcıya 29.11.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu əmlak "xxxx" Gəncə filialının xeyrinə yüklüdür. 4 saylı notariat kontorunun 11.08.2008-ci il tarixli 4Ə-4-454 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Çini qablar zavodunun qarşısında yerləşən 229.7 kvm ümumi sahəsi olan qeyri-yaşayış binası (çörək sexi) “Azərittifaq” Gəncə şəhər Kooperativ Cəmiyyəti tərəfindən Cavabdeh1 satılmışdır. 4 saylı notariat kontorunun 15.01.2010-cu il tarixli 4Ə-1-09 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 bu əmlakın 129.4 kvm hissəsini X1, 100,3 kvm sahə isə özündə qalmışdır. 4 saylı notariat kontorunun 13.08.2011-ci il tarixli 4ə-2-226 saylı bəxşeyiş müqaviləsinə əsasən Cavabdeh1 bu mülkü X3. 5 saylı notariat kontorunun 28.10.2015-ci il tarixli, 3M- 409 saylı bağışlama müqaviləsinin ləğvinə dair sazişə əsasən 4Ə-2-226 saylı bəxşeyiş müqaviləsi ləğv edilmiş və 100.3 kvm ümumi sahəsi olan qeyri-yaşayış binası Cavabdeh1 adına qeydiyyata alınmışdır və ona 18.07.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə "ASAN xidmət” mərkəzində notariat kontorunun 13.12.2018-ci il tarixli, 4Ə-3565 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 11C saylı ünvanda yerləşən 65.1 kvm ümumi sahəsi olan qeyri-yaşayış binası X18 tərəfindən Cavabdeh1 satılmışdır. Alıcıya 18.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu əmlak "xxxx" ASC-nin xeyrinə yüklüdür. X5 və Cavabdeh2 adlarına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən qeyri yaşayış binası "xxxx" ASC-nin Gəncə filialının xeyrinə 13.12.2017-ci ilədək ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 29.11.2007-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində icarəsində olan 0,00556 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir şosesi 77 saylı texniki peşə məktəbinin qarşısı Cavabdeh1 məxsusdur. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 13 noyabr 2007-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsi və 0,00556 ha torpaq sahəsini Gəncə ş. Kooperativ Cəmiyyəti adından X22 (satıcı) 400 manat məbləğində pula Cavabdeh1 (alıcı) satmışdır. İş materiallarında olan 06 noyabr 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, 55,6 kvm sahədən ibarət torpaq sahəsinin 05 il müddətinə icarəyə verilməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Bələdiyyəsi adından X23 ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərittifaq idarə heyyətinin 30 may 2007-ci il tarixli, 94 saylı qərarına əsasən və Gəncə kooperativ cəmiyyətinin 01 iyun 2007-ci il tarixli, 18№li sərəncamı ilə Gəncə şəhəri G.Şıxlinski küçəsi, 50 saylı evdə qeydiyyatda olan Cavabdeh1 kommersiya məqsədi ilə istifadəsinə verilən və Nizami küçəsi, 77 saylı Texniki Peşəməktəbinin qarşısında yerləşən çörək sexinin filialının istifadəsində olan 55,6 (əlli beş tam altı) kvadrat metr torpaq sahəsinin bələdiyyə tərəfindən ona icarəyə verilməsi barədəki 17 oktyabr 2007-ci il tarixli ərizəsinin nəzərə alınması və 05 il müddətinə onun tərəfindən illər üzrə icarə haqqının vaxtaşırı bələdiyyənin büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan 12 iyun 2007-ci il tarixli alqı-satqı barədə müqavilənin surətindən görünür ki, X13 ilə Cavabdeh1 arasında ŞKC-nin balansında olan Gəncə şəhəri Çini qablar zavodunun qarşısına yerləşən 1 saylı Çörək sexi və Nizami küçəsi Texniki Peşə məktəbinin qarşısında yerləşən 1 saylı çörək sexinin filialı ilə birlikdə payçı Cavabdeh1 400 manata satılması barədə müqavilə bağlamışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, 18 iyul 2017-ci il tarixli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Çini qablar zavodunun qarşısı 1 saylı “Çörəkbişirmə sexi” xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş materiallarında olan 28 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsinin ləğvinə dair sazişdən görünür ki, Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunda 13.08.2011-ci il tarixli 4 Ə-2-226 nömrəli reyestrlə təsdiq edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Çini qabla zavodunun qarşısında yerləşən qeyri-yaşayış binasının X21 bağışlanma yolu ilə bağışlanması, həmin qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası DƏDRX-nin Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, 29.09.2011-ci il tarixli çıxarış alınmışdır. Həmin sazişlə bağışlama müqaviləsinin pozulması və qeyri-yaşayış binasının əvvəlki vəziyyətinə qaytarılmasına razılaşmışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, 29.09.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Çini qablar zavodunun qarşısı xüsusi mülkiyyət hüququ əsasında X21 məxsusdur. İş materiallarında olan Cavabdeh1 ilə X28 arasında bağlanmış 13 avqust 2011-ci il tarixli bəxşeyiş müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 oğlu ümumi sahəsi 100.3 kvm olan və Gəncə şəhəri, Nizami rayonu, Çini qablar zavodunun qarşısı (1 saylı “Çörəkbişirmə sexi” ünvanında yerləşən qeyri-yaşayış binasını X21 bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, 30.04.2011-ci il tarixli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Çini qablar zavodunun qarşısı xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Çini qablar zavodunun qarşısında yerləşən qeyri-yaşayış binasını 20.000 manat məbləğində pula X1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında MH seriyalı, ******* nömrəli, 09.09.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Çini qablar zavodunun qarşısında istifadəsində olan 0,346 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 43 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Gəncə şəhər Kooperativ Cəmiyyəti üzrə 01 iyun 2007-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərittifaqın idarə heyətinin 94 saylı 30 may 2007-ci il tarixli “Gəncə şəhər Kooperativ Cəmiyyətinə bir sıra obyektlərin payçılara satılmasına razılıq verilməsi haqqında” Qərarına əsasən Gəncə şəhəri, Nizami rayonu, Çini qablar zavodunun qarşısında yerləşən Çörək sexi binası və onun Nizami küçəsində 77 saylı texniki peşə məktəbinin qarşısında yerləşən ümumi sahəsi 55,6 kvm olan filialı ilə birlikdə sexin müdiri payçı Cavabdeh1 400 manata satılmasına sərəncam verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 18.01.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 11C ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş materiallarında olan 13 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 X2 tam hissəni 83500 manat məbləğində pula almışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 05.03.2008-ci il tarixli çıxarışının surətindən görünür ki, X6 Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsində icarəsində olan torpaq sahəsində yerləşən 11 C nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 07 fevral 2008-ci il tarixli sərəncamın surətindən görünür ki, Ş.İ.Xətai prospekti ilə 1 May küçəsinin kəsişməsində yerləşən mağazanın altında olan 80,8 kvm torpaq sahəsi vətəndaş X11 10 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 10/2857 nömrəli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasından görünür ki, Gəncə şəhəri, Nizami rayonu Ş.İ.Xətai prospektində Gəc zavoduna gedən sol tərəfdə yerləşən 400m2 torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşaasına dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədi olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlər yerləşdirilməsi, bina və qurğularda yeniden planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. Gəncə şəhəri, Nizami rayonu Ş.İ.Xətai prospektində Gəc zavoduna gedən sol tərəfdə yerləşən 400m2 torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altındakı torpaq sahəsi tökmə (2.0-2.50m dərinliyində kərpic materiallarının qırıntıları) olduğundan (bünövrəsində) çökmə baş vermiş və nəticədə fərdi yaşayış evinə həmin çökmə nəticəsində ziyanın dəydiyi müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu Ş.İ.Xətai prospektində Gəc zavoduna gedən sol tərəfdə yerləşən 400m2 torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin xarici və daxili konstruksiyalarında müxtəlif ölçülərdə yük daşıyan divarların üzərində (5,0sm-10,0sm) çatların olduğunu və eləcə də, tökmə torpaq sahəsində (2,0-2,50m dərinliyində kərpic materiallarının qırıntıları) inşa olunduğunu nəzərə alaraq fərdi yaşayış evin bərpasının mümkün olmadığı müəyyən edilir. Fərdi yaşayış evinin yenidən inşa olunmaqla ziyanın aradan qaldırılması (fərdi yaşayış evinin bərpası) mümkündür və həmin ziyanın aradan qaldırılması üçün (təmiri tam başa çatmamış vəziyyətdə olduğundan) tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1,0 kv.m sahəyə təqribən 140,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq, fərdi yaşayış evinin bərpa olunmasına 58114,0 manat (415,1x140) vəsaitin tələb olunduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xərc çəkərək həmin sənədləri yenidən əldə etmişdir. Buna görə də məhkəmə cavabdehdən 533 manat pulun alınıb X19 verilməsi hissəsində iddianı əsaslı hesab edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 qaynanası R.Məmmədovaya sərəncam əsasında verilmiş 400 kvm torpaq sahəsini pul müqabilində iddiaçı Hökümə Baxşıyevanın istifadəsinə vermiş, iddiaçı həmin torpaq sahəsində tikinti işləri apararaq özünə fərdi yaşayış evi tikmişdir. Tərəflərin izahatlarından və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən də göründüyü kimi, fərdi yaşayış evi tikilərkən həmin evin altındakı torpaq sahəsinin boş olduğu və torpaq sahəsinin qazılan zaman kərpic qırıntılarının çıxdığı iddiaçıya məlum olmuş, cavabdehə bu barədə xəbərdarlıq olunanda sonuncu evin bünövrəsinin karkasla tikilərsə heç bir təhlükə olmayacağını bildirəndə iddiaçı tikintiyə davam etmişdir. Tikintilər davam edərkən yenidən çatlar baş vermiş, bunun müqabilində cavabdeh iddiaçıya pul vermiş iddiaçı da zərəri aradan qaldırmaq üçün həmin pulu qəbul etmişdir. Göründüyü kimi, iddiaçı evi tikməyə başlayarkən artıq evin ziyan görməsi faktı ona məlum olmuş, bu barədə evi tikən usta ona məlumat vermiş və israrla bildirmişdir ki, bu vəziyyətdə evin inşa olunması gələcəkdə təhlükə yaradacaqdır.Cavabdeh iddiaçını inandıraraq torpaq sahəsinin altının boş olmadığını, sadəcə hamarladığını bildirməklə iddiaçıya yalan məlumat vermiş, ona ziyan vurmuşdur. Lakin vurulmuş ziyanın hamısının cavabdehdən tutulması ədalətli hesab oluna bilməz. Göründüyü kimi, iddiaçı zərərin yaranmasına və hətta həcminin artmasına özü səbəb olmuşdur. Ona görə də, yaranmış zərərin hamısının cavabdehdən tutulması ədalətli hesab oluna bilməz. Ziyanın məbləğinin yüksək olmasında iddiaçı da təqsirlidir. Belə ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Ekspert rəyindən də görünüdüyü kimi, fərdi yaşayış evinin bərpa olunması üçün 548114 manat məbləğində vəsait tələb olunur. Həmin fərdi yaşayış evinin altı boş olduğundan bərpa olunmayacaq dərəcədə zərər görmüş, evin bərpa olunması üçün sökülüb yenidən tikilməlidir. Məhkəmə hesab edir ki, yaranmış zərərin 35000 manat məbləğini cavabdehin, qalan hissəsini isə iddiaçının üzərinə düşür. İddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 50 000 manat pul tələb etsə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Belə ki, məhkəmə, “mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsini onunla əsaslandırır ki, mənəvi zərərin ödənilməsi dedikdə onun yalnız pul vasitəsilə kompensasiya edilməsini özündə ehtiva etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətində narahatlıqlar yarandığını və sağlamlığına zərər vurulduğunu iddia etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi zərərin əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə, iddia tələbinin Cavabdeh2 cavabdeh qismində qoyulmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı özü də Cavabdeh2 görmədiyini, ona pul vermədiyini və sonuncunun onlara torpaq sahəsi ilə bağlı sərəncam vermədiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən də görünüdüyü kimi, mübahisəli torpaq sahəsində Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Cavabdeh2 verdiyi sərəncam əsasında Cavabdeh1 qaynanası X8 fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Cavabdeh2 iddiaçıya heç bir torpaq sahəsi verməmiş, satmamış və torpaq sahəsi barədə heç bir informasiya verməmişdir. Ona görə də, Cavabdeh2 zərərin yaranmasına görə cavabdehlik daşıyan şəxs deyil. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 124.1-ci maddələrinə əsasən 100 manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 60 manat hissəsi cavabdeh, 40 manat hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərin əvəzi kimi 35000 (otuz beş min) manat pul tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 60 manat hissəsi Cavabdeh1, 40 manat hissəsi isə İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar