Məhkəmə qərarları › İş №2(043)-1591/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1591/2021

13.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1591/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 8(043)-81/21 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı əsasında borclu Cavabdeh mülkiyyətində olan “Toyota Highlander” markalı, **-CU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmənin bu qərardadı onun qanunla qorunan hüquq və mənafeələrini pozur. Belə ki, qeyd edilən avtomobili o, 2011-ci ildə Cavabdeh adına almışdır. Avtomobil artıq 10 ildir ki, faktiki olaraq onun istifadəsində və sahibliyindədir və avtomobili etibarnamə əsasında idarə etmişdir. Avtomobili mülkiyyətinə rəsmiləşdirmək istəsə də, Baş Dövlət Yol Polisi İdarəsinin 9 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsindən bildirdilər ki, avtomobilin üzərinə həbs qoyulmuşdur. Bu səbəbdən avtomobilin mülkiyyətiçinin dəyişdirilməsi mümkün olmayacaq. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı faktiki olaraq Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 8(043)-81/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadını mübahisələndirərək, həmin qərardad əsasında Cavabdeh mülkiyyətində olan “Toyota Highlander” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və həmin avtomobilə mülkiyyət hüququnun tanınması xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı əsasında əmlak üzərinə qoyulmuş həbs, yalnız həbsin qoyulması üçün əsaslar aradan qalxdıqda məhkəmənin qərardadı əsasında götürülə bilər və ya həbsin qoyulmasına dair məhkəmənin qərardadı maraqlarına toxunan şəxs tərəfindən mübahisələndirildikdə, həbsin qoyulmasına dair məhkəmənin qərardadı ləğv edilməklə əmlak üzərinə qoyulmuş həbs götürülə bilər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin icraatında baxılmış 8(043)-81/2021 saylı material üzrə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi üçün ərizə ilə həmin məhkəməyə müraciət etmək və ya əmlak üzərinə həbsin qoyulmasına dair qərardaddan şikayət verməklə həmin qərardadı mübahisələndirmək hüququnun olması izah edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar