Məhkəmə qərarları › İş №2(043)-161/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-161/2022

31.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-161/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların nümayəndəsi (vəkili) X1, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “şərəf və ləyaqətin müdafiəsi, mənəvi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Biiman qızı, Cavabdeh3 onun və Cavabdeh4 ondan və ailə üzvlərindən şərəf və ləyaqətlərini alçaltıqlarına görə hadisəyə şahid olmuş şəxslərin yanında üzr istəmələri və ona vurulmuş maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 5400 (beş min dörd yüz) manat və mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pulun, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə mərhum atası İsmayıl İbrahimova məxsus 80 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi əvvəllər dəmir hasarla hasarlanmışdır. 2019-cu ilin may ayından etibarən o, dəmir hasarı söküb torpaq sahəsini daş hasarla hasarlamaq qərarına gəlmiş, həmin vaxt qonşu torpaq sahəsində yaşayan cavabdehlərlə aralarında mübahisələr başlamışdır. Belə ki, cavabdehlər iddia edirlər ki, guya o, hasar çəkdiyi təqdirdə cavabdehlərin avtomobil yolu bağlanır. O, dəfələrlə onlara izah etməyə çalışmışdır ki, orada avtomobil yolu nəzərdə tutulmamış, torpaq sahəsi ona məxsusdur. Buna baxmayaraq, bu məsələ ilə əlaqədar cavabdehlərlə dəfələrlə aralarında mübahisələr yaranmış və dəfələrlə polis orqanlarına müraciət etmişlər. 2019-cu ilin may ayından etibarən o, torpaq sahəsində 57 metr uzunluğunda hasar tikmiş, həmin hasarın 34 metrini cavabdehlər sökmüşlər. Sonuncu dəfə 28.03.2021-ci ildə cavabdehlərlə yenidən aralarında mübahisə yaranmış, cavabdehlər üzərlərinə hücum çəkib onu və ailə üzvlərini söyüb təhqir etmiş, onun inşa etdiyi 15 metr uzunluğu və 1 metr hündürlüyü olan daş hasarı vurub uçurdaraq ona zərər vurmuşlar. Cavabdehlərin hasarı uçurması ilə yanaşı kanalizasiyanı birbaşa onun torpaq sahəsinə axıtmaqla ev quşlarını həyətinə buraxmaqla həyətində olan təsərrüfatına zərər vurmuşlar. Bundan başqa ev quşlarını məhv edərək ona ziyan vurmuşlar. Ümumilikdə cavabdehlərin ona vurduqları maddi zərər belədir: hasarın sökülməsi nəticəsində -3000 manat; torpaq sahəsinin kanalizasiya axıtmaqla korlanması- 2000 manat; ev quşlarının məhv edilməsi nəticəsində -400 manat. Bundan başqa cavabdehlər onu və ailə üzvlərini (anası, bacısı, qardaşını) söyüb təhqir etməklə, hədələməklə ona mənəvi zərər vurmuşlar. Belə ki, hər dəfə dava-dalaş düşəndə anası həyəcan keçirib, çünki cavabdehlər onu və qardaşını anasının yanında döymüşlər və yalnız təcili tibbi yardım çağırıb tibbi yardım göstərildikdən sonra anası özünə gəlmişdir. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 5000 (beş min) manat məbləğində dəyərləndirir. Cavabdehlər ona dəymiş maddi ziyanı könüllü olaraq ödəmir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 1988-ci ildən həmin ərazidə məskunlaşmış, hazırda orada oğlu, kürəkəni və nəvələri yaşayırlar. O özü ünvan 1 ünvanında yaşayır. İddiaçının dedikləri yalandır. Belə ki, iddiaçı evlərini hasara almış, o da bununla bağlı DİN-in 102 xidmətinə zəng edib şikayət etmiş və sonunda onun şikayətləri əsasında mübahisəli yerə baxış keçirilmiş, hasarın qanunsuz olduğunu, onu sökməklərinin heç bir məsuliyyəti olmadığını bildirilmişdir. Kürəkəni Cavabdeh4 öz yollarını açmaq üçün hasarın bir hissəsini uçurtmuşdur. Başqa cür həyətə gediş-gəlişi təmin etmək mümkün deyildir. Digər tərəfdən, kanalizasiya suyunun iddiaçının həyətinə axıdılması məsələsinə gəldikdə orada heç vaxt kanalizasiya xətti olmamış və buna görə də kanalizasiya suyu həmişə axdığı yerdən axır. Bir müddət bundan əvvəl həmin sahəyə yeraltı kanalizasiya xətti çəkmişlər. İddiaçı torpaq sahəsinə zərər vurulduğunu desə də torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Bundan başqa nə o, nə də ailə üzvləri iddiaçının ev quşlarına zərər vurmamışlar, iddiaçını və ailə üzvlərini təhqir etməmişlər. Əksinə iddiaçı onları təhqir etmişdir. İddiaçının qardaşı onun oğlunu döyüb sağlamlığına xəsarət yetirdiyi üçün hazırda axtarışdadır. İddiaçı da əsassız iddialarla onları narahat edir ki, qardaşının məsuliyyətini yüngülləşdirsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyək bildirdi ki, iddiaçı İsax özü və qardaşı onlara ziyan vurmuş, qardaşı 2019-cu ildə onun qardaşını döymüşdür. İsax isə onun həyətindəki ağacları kəsmiş, su quyusunu doldurub, toyuq hinini və anbar otağını uçurtmuşdur. İddiaçı hazırda da onu öz evində narahat edir. İddia tam əsassızdır və rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2019-cu ilin iyun ayında iddiaçı hasarı onun torpaq sahəsinin 2 metr yaxınlığına çəkmiş, həmin hasarı sökməsinin səbəbi isə iddiaçının onun evini hasara alması olmuşdur. Heç vaxt iddiaçını təhqir etməmiş, nədə ki, onun ev quşlarına ziyan vurmamışdır. Buna görə də, iddianın rədd olunmasını xahiş edir. Cavabdehlərin nümayəndəsi (vəkili) X3 iddiaya etiraz edərək iddiaçının formal mülahizələrdən çıxış etdiyini, iddiasını təsdiq edən heç bir sübutu təqdim etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını mülki işin materialları ilə məcmu halda qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 3(043)-390/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh4 İddiaçı inşa etdiyi hasarı uçurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün vurulmuş ziyanın bir misli miqdarında, yəni 500 manat məbləğində cərimə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-267/2021 saylı, 15 iyul 2021-ci il taqrixli qərarının surətindən görünür ki, Cavabdeh4 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 3(043)-390/2021 saylı qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlər tərəfindən ona məxsus olan hasarın uçurulması nəticəsində ona 3000 manat, eləcə də cavabdehlərin onun torpaq sahəsinə kanalizasiya sularını axıtmaqla, ev quşlarını onun həyətinə buraxmaqla onun təsərrüfatına ziyan 2000 manat, onun ev quşlarını məhv edərək ona 400 manat maddi ziyan vurduqlarını, onu və ailə üzvlərini söyüb təhqir etməklə, hədələməklə ona mənəvi zərər vurduqlarını iddia etmişdir. Buna baxmayaraq iddiaçı hasarının Cavabdeh4 tərəfindən uçurulmasından başqa iddiasının əsası kimi təqdim etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçı kanalizasiya sularının onun torpaq sahəsinə axıdılmasını, eləcə də ev quşlarını onun həyətinə buraxmaqla onun təsərrüfatına ziyan vurulmasını iddia etsə də nə torpaq sahəsinin özünün mülkiyyətində və ya qanuni sahibliyində olması, nə də qeyd edilən halların baş verməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən 1. torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin maddənin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçı cavabdehlər tərəfindən onun ev quşlarının məhv edildiyini iddia etsə də bu barədə də hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı cavabdehlərin onu təhqir edərək şərəf və ləyaqətini alçaltdıqlarını bildirmişdir. İddiaçının təqdim etdiyi videodiskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı aşkar edilmişdir ki, diskdə fərqli vaxtlarda çəkilmiş videogörüntülər vardır. Həmin görüntülərdə iddiaçı ilə cavabdehlərin torpaq sahələrinin arasında çəkilmiş hasarla bağlı mübahisə etdikləri görünür. Eyni zamanda görüntülərdə Cavabdeh4 linglə hasarın bir hissəsini uçurduğu görünür. Lakin görüntülərdən cavabdehlərin iddiaçını təhqir etməsi müəyyən olunmur. Beləliklə, həm təqdim edilmiş görüntülərdən, həm də inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarından cavabdehlərdən Cavabdeh4 iddiaçı tərəfindən inşa edilmiş hasarı uçurmaqla ona 500 manat məbəğində maddi ziyan vurması öz təsdiqini tapır. İddianın qalan hissələri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin yuxarıda qeyd edilmiş faktiki hallarına və tətbiq ediləcək olan maddi hüquq normalarına uyğun olaraq iddia qismən təmin edilməli, hasarın uçurulması nəticəsində vurulmuş 500 manat maddi zərərin əvəzi Cavabdeh4 alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 2 manat hissəsinin Cavabdeh4 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh4 iddiaçı tərəfindən inşa edilmiş hasarın uçurulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2 (iki) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar