Məhkəmə qərarları › İş №2(043)-163/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-163/2020

06.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-163/2020 06.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Əsgərova Humay Ruslan qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «nikahın ləğvi və aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan nikahın pozulmasına, himayəsində olan 09 mart 2015-ci ildə doğulmuş Abdullayev Hüseyn Röyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, 2014-cü il tarixdə nikahlarını Gəncə şəhər ASAN xidmət Qeydiyyat idarəsində qeyd etdirməklə evlənmişlər. Cavabdehlə birgə nikahdan 09 mart 2015-cı ildə Hüseyn adlı bir övladları anadan olmuşdur, uşaq onun himayəsindədir. Hazırda ikinci uşağa hamilədir. Cavabdeh bu ayrı yaşadıqları vaxt ərzində uşağı ilə maraqlanmamış, maddi köməklik qöstərməmişdir. Cavabdehlə xasiyyətləri tutmamış, onunla yaşamağı mənasız hesab edir, o, ailə, uşaq qədri bilən deyil, ailədə özunu qəribə aparır, onun iddiaçıya qarşı münasibətini açıqlamaq istəmir. Yalnız onu qeyd edir ki, nə qədər çalışmışdır ki, ailəsi dağılmasın. O isə əvəzində iddiaçını yersiz olaraq döyüb, söyüb, təhqir edir, qumar oynayaraq ailənin maddi vəziyyətinə zərbə vurur, son vaxtlar hətda iddiaçının anasına belə əl qaldırıb. Elə bir ananın cavabdeh tərəfindən döyülməsini qəbul edə bilmir. Xəstəliyi ilə 2-ci qrup əlildir. 2017-ci ilin noyabr ayında o boşanmaq üçün sənədləri məhkəməyə təqdim etmişdir. Bir necə gündən sonra cavabdeh sərxoş halda yolu avtomaşını idarə edərək qəza törətmiş, qəza nəticəsində xəsarət almış və iddiaçının ona yazığı qələrək gedib ona qulluq etmişdir. Cavabdeh onun bu hərəkətinə də qiymət qoymamışdır. Xəstəliyi və hamiləliyi ilə əlaqədar o mərhum qayınatasının 7sindən sonra müalicə olmaq üçün ata evinə qayıtmışdır. Təxminən 3-4 aydır ki, cavabdehlə ayrı yaşayırlar. Barışmaqları mümkün deyil. Odur ki, nikahın pozulması və uşaqlarının saxlanılması üçün aliment tələbinə dair iddia qaldırmağa məcbur olmuşdur. İşin məhkəmə baxışı zamanı İddiaçı məhkəmə ərizə təqdim edərək, iddiasının nikahın pozulması hissəsindən imtina etdiyini bildirmiş və iddianın alimentə dair olan hissəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 06 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiasından imtinası qəbul edilərək, həmin hissədə iddia üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, aliment tələbinə dair iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, işə cavabdehin iştirakı olmadan məhkəmə iclası keçirilə bilər Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, nikah haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29.09.2014-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abdullayev arvada Abdullayeva soyadı verilmişdir İşə əlavə edilmiş AZ-İİ 502500 nömrəli doğum haqda şəhadətnamənin surətindən görünür ki, Abdullayev Hüseyn Röyal oğlu 09 mart 2015-ci il tarixdə dünyaya gəlmiş, onun atası Cavabdeh, anası isə İddiaçıdır. İşin məhkəmə iclasında müəyyən edilmiş faktiki halları bundan ibarətdir ki, iş üzrə tərəflər aralarında rəsmi nikah bağlamaqla ailə qurmuşlar, onlar bu münasibətlərindən bir övladları doğulmuş, tərəflər hazırda ayrı yaşayır, uşaq yetkinlik yaşına çatmamaqla iddiaçı olan anasının yanındadır, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya heç bir köməçlik göstərmədiyindən iddiaçı aliment təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsini və tərbiyəsini, maddi və mənəvi tələbatlarının təmin edilməsini, cavabdehin yüksən qazanc əldə etməsinə dair sübutun məhəkəməyə təqdim edilməməsi nəzərə alınaraq iddia qismən təmin olunmalı, 09.03.2015-ci il təvəllüdlü Abdullayev Hüseyn Röyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 05 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, qətnamə icra olunarkən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərardadı ilə qətnamə çıxarılanadək təyin edilmiş müvəqqəti aliment üzrə ödənişlər nəzərə alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.03.2015-ci il təvəllüdlü Abdullayev Hüseyn Röyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz almış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Alimentin tutulması 05 sentyabr 2019-cu il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar