Məhkəmə qərarları › İş №2(043)-1701/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1701/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1701/2021 23.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə iddia tələbinin əsaslılığını təsdiq edən sənədlərin (sığorta aktı, ödəniş tapşırığı və s.) əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri əlavə edilmədən məhkəməyə müraciət olunmuş, bəzi sənədlər isə əsli ilə düzdür möhürü vurulmaqla ərizəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı verilmiş tələbi təsdiq edən sənədi təqdim etmədiyi üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar