Məhkəmə qərarları › İş №2(043)-1753/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1753/2021

24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1753/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı istehlakçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş zərərin qanunsuz hərəkət yaxud hərəkətsizlik nəticəsində yararsız vəziyyətə düşmüş qaz cihazlarının dəyəri olan cəmi 2000 (iki min) manat pulun və mənəvi zərərə görə kompensasiya dəyəri olan cəmi 50000 (əlli min) manat pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” uyğun olaraq qaz paylayıcı “Cavabdeh” İB ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqı müqaviləsi bağlanmaqla istehlakçılara xidmət göstərilir. Paylayıcı Cavabdeh İB ilə imzalanmış müqaviləyə uyğun olaraq istehlakçıları fasiləsiz keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərinə sayğacın göstəricisinə uyğun olaraq ödəməlidir. Qazpaylayıcının yerli xidmət göstərən 20 saylı X3 istehlakçıların hüquqları uzun müddətdir qarşı tərəfin öz vəzifə öhdəliklərini yerinə yetirməmələri nəticəsində problemlər yaranmışdır. Paylayıcı tərəfindən Gəncə şəhərində qaz tənzimləyən qurğu və qaz sayğacları ilə təminat qeyri normal olaraq icra olunur. Belə ki, M.Hüseyinzadə küçəsində yerləşən yüksək təzyiqli qaz xəttindən üzərində quraşdırılan nizamlayıcının yenisi il əvəz olunması üçün 2012-ci ildən müraciət olunmasına baxmayaraq yenisi ilə təmin olunmur. Təmir zamanı qaz nizamlayıcısın yararsız rezin proklatkası 14 fevral 2021-ci il tarixində yenisi ilə əvəz olunmuşdur. Hal-hazırda küçədə yaşayan istehlakçılara uzun illərdən sonra nominal təzyiqli qaz nizamlayıcı içində heç bir qaz ölçü cihazı olmadan verilir. 2012-ci ildə sayğaclar dəyişdirilən zaman 237 manat dəyərində hesablanmış qazın dəyərinin araşdırması üçün 2017-ci ildən sonra yenidən Regional Qaz İdarəsinə müraciət olunub, qaz nizamlayıcı normal işləməməsi həmin borcu nəticəsində sərfıyyatın normadan artıq olduğu haqda müraciət olunmasına baxmayaraq 2012-ci ildən hesablanmış borc 237 manat 2017-ci ildən başlayaraq 2018-ci ilin mart ayı ərzində smart karta qaz pulu ödənildikdə 50% borca silinmişdir. Qarşılıqlı borcların 3 il müddətində rəsmi tələb olunmayaraq 5 il sonra məcbur formada tələb olunması qanunvericiliyə zidd olaraq icra edilmişdir. 2012-ci ildən başlayaraq ishehlakçı kimi ona məxsus həyət evində quraşdırılmış smart sistemli sayğaclarla abonent kodu **********00060 olan sayğacla 1204 manat olmaqla onun 966 manat istifadə olunmuş 237 manat sayğacın dəyişdirilən zaman sistemə vurulmuş borc ödənilmişdir. 07 oktyabr 2020ci il tarixində həmin sayğac mekaniki sayğacla əvəz olunandan sonra 06 yanvar 2021-ci il tarixindən fevral ayının 23 tarixinə kimi müddətə sayağac 1682 kub metr qaz sərfiyyat yazmışdır. Qazın təzyiqi yüksək olduğu üçün sərfiyat artıq hesablanmış və eyni zamanda ona məxsus məişət avadanlıqlarına zərər dəymişdir. X5 İstismar Sahəsinə şikayət olunduqdan sonra 23 fevral 2021-tarixində mexaniki sayğac dəyişdirldikdən sonra 26 fevral tarixində sərfıyyat gündəlik 25 kub metr olmaqla yeni sayğac yazmışdır. İstifadəsində olan digər abonent kodu **********00061 olan digər sayğac 2012-ci ildən 07 oktyabr 2020-ci il tarixinə kimi 3430 manat sayğaca istifadə olunmuş qaz pulunu smart kart vasitəsi ilə ödəniş etmişdir. 07 oktyabr 2020-ci il tarixində həmin Smart sayğacın yerinə qoyulmuş sayğac qeyri normal işləyərək 23 fevral tarixə olan müddətə 3100 kub metr qaz sərfiyatı hesablanmışdır. Son aylar ərzində Gəncə şəhərində 14000 nəfər istehlakçının mexaniki sayğaclar quraşdırılması nəticəsində illik qaz sərfıyyatının 2 ay ərzində silinməsinə və ilin sonuna kimi 3 qat əlavə zərər ödənilməsinə səbəb olacaqdir. Ona görə də məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, qazın təzyiqinin yüksəlib azalmasının səbəbi müəyyən vaxtlarda yəni iş günlərində əhalinin işdə olması ilə əlaqədar sərfiyyat az olduqda təzyiq qalıxır, istirahət günlərində isə elə olur ki, sərfiyat çox olduqda təzyiq azalır. Mümkün deyil ki, hər gün istehlakçıya eyni təzyiqlə qaz verilsin. İstehlakçı özü qazın təzyiqi yüksək olduqda tənzimləyicidən istifadə etməklə qazın təzyiqini azalda bilər. Hesab edir ki, iddia tələbi tam olaraq əsassız olduğundan rədd olunmalıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 23.02.2021-ci il tarixli, AKX-0282250/02-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayağacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07.10.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, **********7 nömrəli qaz sayğacı istismar müddəti bitdiyindən yeni sayğacla əvəz olunmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.02.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, **********4 nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlaması səbəbindən yeni sayğacla əvəz olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında təbii qazın alqı satqısına dair müqavilə bağlanmış, iddiaçının yaşadığı ünvanda qaz sayğacı quraşdırılmışdır.İddiaçının müraciəti əsasında yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, **********4 nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlaması səbəbindən yeni sayğacla əvəz olunmuşdur. İddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən təbii qazın yüksək təzyiqlə verilməsi nəticəsində onun məişət avadanlıqlarına zərər dəymişdir.Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək əhaliyə verilən təbii qazın müəyyən günlərdə təzyiqinin yksək olması və azalması qazın sərfiyyatı ilə əlaqədar olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlə əlaqədar qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən ona zərər vurulduğunu iddia etmiş, lakin ona dəyən zərərin və ya cavabdehin təqsirinin nədə ifadə olunmasına dair mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı 2000 manat maddi və 50 000 manat mənəvi mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı 2000 manat maddi və 50 000 manat mənəvi mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar