Məhkəmə qərarları › İş №2(043)-1762/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1762/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1762/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanl Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı dəymiş zərərəin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyirlərinə 10000 (on min) manat əsas maddi zərərin, 15000 (on beş min) manat real zərərin, 10000 (on min) manat mənəvi ziyan olmaqla 35000 (otuz beş min) manat pulun tutulması və cavabdehin əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək cavabdehdən 7148 (yeddi min bir yüz qırx səkkiz) manat maddi zərərin, 9 (doqquz) ay ərzində hər ayı 250 (iki yüz əlli) manat hesablamaqla 2250 (iki min iki yüz əlli) manat əldən çıxmış fayda olmaqla, cəmi 9398 (doqquz min üç yüz doxsan səkkiz) manat pulun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasəsn iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, izahatında göstərdi ki, "xxxx" MMC-nin mülkiyyətində olan VAZ 21214 Niva markalı, 99RY112 dövlət qeydiyyat nişanlı avtomobili rəsmi müqavilə, yol vərəqəsi və.s sənədlər əsasında cavabdehə icarəyə vermişdir. Bununla əlaqədar olaraq qeyd olunan avtomobil 11.09.2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi və 11.09.2020-ci il tarixli yol vərəqəsinə əsasən tam saz vəziyyətdə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu ərazisində istifadə edilməsi üçün icaarəyə verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh müqavilənin və danışıqların bütün şərtlərini pozaraq, heç bir razılaşma olmadan, icazə almadan Bakı şəhərində istifadə etmək üçün götürdüyü həmin avtomobili nəzərdə tutulmuş və razılaşdırılmış ərazidən kənarda Bakı-Qazax-Gürcüstan yolunda istifadə edərkən yol nəqliyyat hadisəsi törətmiş və həmin avtomobili yararsız hala salaraq MMC–yə külli miqdarda ziyan vurub qaçmışdır.Yol nəqliyyat hadisəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən araşdırılmış Cavabdeh barəsində axtarış elan olunsa da onu istintaqa cəlb etmək mümkün olmamışdır, o, hazırda gizlənməkdə və şirkətə ziyan vurmaqda davam edir. Cavabdeh və onunla qəzaya uğramış digərləri tərəfindən qəzaya uğradılmış VAZ 21214 Niva markalı, 99RY112 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün ekspertizaya təqdim edilmişdir. Ekspertiza vasitəsilə müəyyən edilmişdir ki, avtomobilə külli miqdarda 7148 (yeddi min bir yüz qırx səkkiz) manat maddi zərər dəymişdir. Bununla yanaşı cavabdehin təqsirli hərəkəti nəticəsində MMC hər ay 250 manat olmaqla 9 ay ərzində 2250 manat gəlirdən məhrum olmuşdur. İddinın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-11.09.2020-ci il tarixli nəqliyyat vasitəsinin icarə müaviləsindən görünür ki, VAZ 21214 Niva markalı, ** RY *** qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh icarəyə verilmişdir. Cavabdeh hər ay 250 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. “Universal HD Service” tərəfindən verilmiş arayışdan görünür ki, 30.09.2020-ci il tarixdə keçirilmiş baxışa əsasən təyin olunmuşdur ki, VAZ 21214 markalı minik 99RY112 dövlət nömrə nişanlı avtomobilə 7148 manat məbləğində maddi zərər dəymişdir. 30.09.2020-ci il tarixli “Universal HD Service” tərəfindən verilmiş qüsur atından görünür ki, VAZ 21214 minik markalı ** RY *** qeydiyyat nömrə nişanlı avtomobilə 7148 manat zərər dəymişdir. AD № 849206 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21214 minik markalı ** RY *** qeydiyyat nömrə nişanlı avtomobil X2 məxsusdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.10.2020-ci il tarixli qərarın surətindən görünür ki, cinayət işinin başlanması rədd olunmuş, Cavabdehbarəsində İXM-in 327-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün BDYPİ-in YPX-i alayına göndərilmişdir. Həmin qərardan görünür ki, X2 7148 manat dəyərində maddi zərər dəymişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, iddiaçı mülkiyyətində olan VAZ 21214 minik markalı ** RY *** qeydiyyat nömrə nişanlı avtomobili hər ay 250 manat ödəmək şərti ilə cavabdehə icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh icarəyə götürdüyü nəqliyyat vasitəsinin lazım olan mühafizəsini, saz və tam işlək vəziyyətdə qalmasını təmin etmək vəzifəsini öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növü kimi qəbul edib tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müqavilə öhdəliyi olmuş, cavabdeh müqavilənin şərtlərini pozaraq təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 7148 (yeddi min bir yüz qırx səkkiz) manat maddi zərər, 2250 (iki min iki yüz əlli) manat əldən çıxmış fayda olmaqla, cəmi 9398,00 (doqquz min üç yüz doxsan səkkiz) manat pul alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 7148 (yeddi min bir yüz qırx səkkiz) manat maddi zərər, 2250 (iki min iki yüz əlli) manat əldən çıxmış fayda olmaqla, cəmi 9398,00 (doqquz min üç yüz doxsan səkkiz) manat pul alınaraq iddiaçı "xxxx" MMC-in xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir ) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar