Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1835/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh» X1 X3 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* №li aktın ləğv edilməsi və hesablanmış borcun silinməsinə və ödədiyi 30,4 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Cavabdeh” X1 X3 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş ******* №-li qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən sayğacın istismar müddətinin bitməsi səbəbi ilə əlaqədar olaraq Actaris tipli C-4 markalı 08A********** nömrəli, elektron və mexaniki göstəricisi 13999,8 m3 olan qaz sayğacı istismar müddəti bitdiyindən başqa, yəni İtron tipli C-4 markalı, ********** nömrəli, elektron qaz sayğacı ilə əvəz olunmuşdur. İddiaçı olaraq o “Cavabdeh” X1 X3 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* №-li aktın etiraz edərək bildirmişdir ki, o hər ay qaz pulunu vaxtıvaxtında ödəmişdir və heç bir vaxt borcu qalmamışdır. Necə oldu ki, birdən-birə onun istismar etdiyi sayğacda qüsur aşkarlanmışdır. “Cavabdeh” X1 X3 İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* №-li aktı abonent olaraq onların iştirakları olmadan tərtib olunmuşdur. Sayğac onların iştirakı olmadan müayinə olunmuş və nəticədə onların qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. “Cavabdeh” Gəncə X3 İdarəsinin rəisi Fariz Məmmədovun xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilmişdir. İstehlakçının ünvanında qaz işlədiciləri bir ədəd PQ-4, bir ədəd Q-30 və bir ədəd radiatordan ibarətdir. İşlədicilərin maksimal saatlıq qaz sərfi 90 gün nəzərə alınaraq itirilmiş qaz 2120 m3-dir. Qərarda itirilmiş qazın dəyərinin ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Gəncə RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ******* №-li aktın surətindən görünür ki, sayğacın klapanın işlək olmaması, yivli birləşmələrində korroziya olması, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşilməsi, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi göstərilmişdir. Ona görə hesab edirlər ki, cavabdehin göstərdiyi dəlillər onun cərimələnməsi üçün əsas ola bilməz. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, sayğacın toxunulmazlığına cavabdehliyi istehlakçı daşıyır. Buna görə də sayğacda baş vermiş hər hansı qüsura görə qaz itkisi istehlakçıdan hesablanaraq alınmalıdır. İddiaçıya məxsus sayğac çıxarılarkən vizual olaraq hər hansı qüsur aşkarlanmasa da laboratoriyada baxış keçirilərkən müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşilməsinə görə sayğacın hesablama mexanizmi keçən qazın həcmini düzgün qeyd etmir və bu zaman qaz paylayıcı itkiyə məruz qalır. İddiaçının sayğacının plombunun toxunulmaz qalmasına baxmayaraq sayğaca müdaxilə edildiyini düşünür. İstisna olunmur ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşilməsi təsadüfi kənar təsirlər nəticəsində yarana bilər, lakin hər bir halda sayğacın düzgün hesablamaması qaz itkisinə səbəb olduğundan buna görə məsuliyyəti iddiaçı daşıyır və düzgün olaraq cavabdeh tərəfindən ona borc hesablanmışdır. Borc ünvanda yerləşən qaz cihazlarının sərfiyyatına uyğun olaraq hesablanmışdır və qanunidir, buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı1 iddiası təmin edilməli, İddiaçı2 iddiası isə onun bu iddianı irəli sürməyə subyektiv hüququ olmadığı üçün rədd edilməlidir. İş materiallarına əlavə olunmuş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında qaz təchizatı barədə müqavilə bağlanmış, Cavabdeh İB istehlakçının keyfiyyətli qazla təmin etmək, İddiaçı1 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq ödəmək öhdəliyi götürmüşdür. İş materiallarına əlavə olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı1 yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, 08A**********52 nömrəli qaz sayğacı istismar müddəti bitdiyindən yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan məlum olur ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən deşildiyi üçün dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi aktlaşdırılmış, iddiaçı akta imza etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən məlum olur ki, İddiaçı1 itirilmiş qazın bərpası üçün tələblər müəyyən edilmiş və itirilmiş qaz 2160 m3 hesablanmışdır. Tərəflər Actaris tipli C-4 markalı 08A********** nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi Actaris tipli C-4 markalı 08A********** nömrəli qaz sayğacı çıxarılarkən aktda onun plombunun zədələnmiş olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Cavabdeh icra qeydi verilməsi üçün notariusa və ya qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmədən borcu birbaşa hesablayaraq iddiaçıdan tutduğundan həmin borcun yaranmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməyərək sayğaca iddiaçının müdaxilə etməsini ehtimallarla əsaslandırdı. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən 2160 m3 itirilmiş təbii qaz üçün 216 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğacın işlək vəziyyətdə olmamasına görə fiziki şəxs olan istehlakçının məsuliyyət daşıması qanuna və məntiqə ziddir. Cavabdeh İddiaçı1 sayğaca müdaxilə etməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesablanmış borcu əsassız hesab edir. İddiaçı2 ilə Cavabdeh İB arasında qaz təchizatı ilə bağlı hər hansı müqavilə olmadığından məhkəmə onun ümumiyyətlə hazırkı iddianı irəli sürməsini əsassız hesab edir. Belə ki, müqavilənin tərəfi kimi borc İddiaçı1 hesablandığından həmin borcun silinməsi barədə iddia da onun tərəfindən qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyni zamanda məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsində də iddianı əsassız hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddır. Bu baxımdan ümumiyyətlə iddiaçılar dövlət rüsumu ödəməli olmadığı üçün səhvən ödədikləri dövlət rüsumunu cavabdehdən tələb etməkdə haqlı deyillər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı1 iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən evdə qaz istifadəsinə görə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat borc məbləği silinsin. İddiaçı1 iddiası qalan hissədə və İddiaçı2 iddiası bütünlükdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1835/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1835/2020
22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver