Məhkəmə qərarları › İş №2(043)-201/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-201/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-201/2022 18.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat məbləğində vurulmuş zərər və 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X2” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobil 27.01.2020-ci ildən 27.01.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 27.01.2020-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il iyunun 09-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “X2” markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Tbilisi prospektində “X2” markalı, **-FH-*** dövlət nömrə nişanlı və “CHEVROLET AVEO” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Bakı şəhər DYPİ-in 09.06.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. “X3” tərəfindən 19.06.2020-ci il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X2” markalı, **-FH-*** dövlət nömrə nişanlı avtomobilə 3970 manat məbləğində zərər dəymişdir. İddiaçı 07.07.2020-ci il tarixində həmin məbləği sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. “X3” tərəfindən 23.06.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “CHEVROLET AVEO” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobilə 1030 manat məbləğində zərər dəymişdir. İddiaçı 01.07.2020-ci il tarixdə həmin məbləği sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan PXA********** saylı İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, «X2» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 27.01.2020-ci il tarixdən 27.01.2021-ci il tarixədək "xxxx" ASC-də icbari qaydada sığorta olunmuşdur. Sığorta şəhadətnaməsinə əsasən yekun sığorta haqqı 112,50 manat, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir sığorta hadisəsi üzrə 50000 manat müəyyən edilmişdir. İş materiallarında olan 09.06.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 09.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “X3” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Chevrolet Cruze» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 3970 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “X3” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Chevrolet Aveo» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1030 manat təşkil edir. İş materiallarında olan sığorta aktının, ödəniş tapşırığının və hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən «Chevrolet Cruze» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 3970 manat ödənilmişdir. İş materiallarında olan sığorta aktının, ödəniş tapşırığının və hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən və «Chevrolet Aveo» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1030 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsində verdiyi izahatından, eləcə də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 09.06.2020-ci il tarixdə saat 08:45 radələrində Cavabdeh X2» markalı, **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İzmir küçəsi istiqamətindən Tbilisi prospekti ilə 20 yanvar istiqamətindən gedərkən Azər Əliyev küçəsinə çatmamış onunla eyni istiqamətdə qarşıda olan «Chevrolet Cruze» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ara məsafəsi az olduğundan arxadan vurmuş, zərbədən həmin avtomobil özündən qarşıda olan «Chevrolet Aveo» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 09.06.2020-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan «X2» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil, «Chevrolet Cruze» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı və «Chevrolet Aveo» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobillərə zərər dəymişdir. Baş vermiş hadisə zamanı o, avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə, eləcə də avtomobili idarə edərkən ara məsafəsi saxlamadığına görə inzibati qaydada tənbeh edilmişdir. "xxxx" ASC tərəfindən «Chevrolet Cruze» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı və «Chevrolet Aveo» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş ziyana görə ümumilikdə 5000 manat zərər sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı, hadisə zamanı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh ümumilikdə 5000 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar