Məhkəmə qərarları › İş №2(043)-2026/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2026/2020

27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2026/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və cavabdeh “Gəncə Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyətinə qarşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyətinə qarşı “hesablanmış su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq su puluna görə hesablanmış 257,43 manat borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri 3-cü mikrorayon bina 26, mənzil 46 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. O 2009-cu il tarixdən bu günə qədər Azərbaycan Respublikasının ərazisində olmadığından həmin mənzildə də yaşayış olmamışdır və həmin mənzildən istifadə edilməmişdir. Təsadüfi deyildir ki, həmin illər ərzində mənzilə nə elektrik enerjisi, nə də təbii qazdan istifadə ilə əlaqədar ödəniş edilməmişdir. Çünki bu illər ərzində işıqdan, qazdan istifadə edilməmişdir. Bu, həmçinin sudan istifadəyə də aiddir. Lakin cavabdeh təşkilat tərəfindən onun mənzilinə 257,43 manat borc yazmışdır. Çox maraqlıdır ki, sonradan 2017-ci ildən borcun yazılması heç bir müraciət edilmədən dayandırılmışdır. Bu isə təsdiq edir ki, cavabdeh təşkilat həmin mənzildə heç kəsin yaşamadığı və mənzildə sudan istifadə etmədiyini bildiyindən mənzilə su və çirkab pulu yazılmasını dayandırmışdır. Hazırda cavabdeh ondan 257,43 manat istifadə etmədiyi su və çirkab puluna görə pul tələb edir. Cavabdehin ona qarşı bu tələblə çıxış etməsi onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehlə onun arasında olan münasibətlər istehlak hüququndan irəli gəlir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, 11 ildir ki həmin evdə yaşayış yoxdur. O, ailəsi ilə 11 ildir ki, Rusiya Federasiyasında yaşamışdır. Mülkiyyətində olan mənzildə heç kəs yaşamadığı halda, iddiaçı tərəfindən hansı əsasla su sərfi üçün borc hesablandığı ona müəmmalıdır. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçı ilə su təchizatı haqqında müqavilə bağlanılmamışdır və mənzildə sayğac yoxdur. Mənzildə 4 nəfər qeydiyyatda olmaqla, hesabat da qeydiyyatda olanların sayına uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmışdır. Qeydiyyatda olan şəxslərin harada yaşaması, yaşadıqları ünvanlarda sudan istifadə etmələrinə görə su pulunu ödəmələri barədə cavabdeh təşkilatda hər hansı bir məlumat olmadığından hesabat aparılmışdır. Həmçinin iddiaçının məhkəməyə verdiyi izahat inandırıcı deyil. Belə ki, 2010-cu ildən iddiaçı tərəfindən su sərfinin istifadəsinə görə 23,76 manat ödəniş etmişdir. Buna görə də iddianın əsassız hesab edilməklə, təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 46 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxx” ASC-nin X2 və Satış İdarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, ünvan 2 ünvanda “SMART” kart tipli elektrik sayğacı 2008-ci fevral ayından quraşdırılmış və mənzildə 2009-cu ilin yanvar ayından 2019-cu ilin avqust ayınadək elektrik enerjisinə görə ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş “abonent kartı” adlı çıxarışlardan görünür ki, ünvan 3, mənzil 46 ünvanında yerləşən mənzildə su təchizatı və kanalizasiya xidmətinə görə abonent İddiaçı 2009-cu ildən 2017-cı illər üzrə olan borcu 257,43 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 46 saylı mənzilin su sayğacı mövcud olmamaqla, həmin ünvanda yaşayış yoxdur. Beləliklə müəyyən edilir ki qanunvericilikdə suyun ödənilməsi qaydaları su təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Bu zaman istifadə olunan suyun həcmi mexaniki sayğacın göstəricilərinə əsasən və ya SMART tipli suölçən cihazın göstəricisinə əsasən hesablanır. Suölçən chiaz olmadıqda isə istifadə olunan suyun həcmi mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun hesablama aparılmaqla ödənilir. Məhkəmə bununla bağlı xüsusi olaraq vurğulayır ki, “Sudan istifadə qaydaları” Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən istehlakçı ilə su təchizatçısı arasındakı müqavilənin şərtlərini müəyyən etdiyindən bu qaydalar müqavilə münasibətlərində olan tərəflər arasındakı münasibətləri tənzimləyir. Tərəflər arasında müqavilə münasibətləri olmadıqda istifadə edilmiş suyun dəyərinin ödənilməsi həmin qanunun 61-ci maddəsinin 1-ci hissəsinə uyğun həyata keçirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, müqavilə olmadan sudan istifadəyə görə pulun tələb edilə bilməsi üçün şəxsin mənzildə yaşaması və ya sudan istifadə etməsi faktı müəyyən edilməlidir. Cavabdeh iddiaçının sudan istifadə etdiyi üçün 2009- 2017-ci illər üzrə 257,43 manat borc hesablasa da məhkəməyə iddiaçının həmin mənzildə yaşaması və sudan istifadə etməsi faktını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh nəzəri hesablama metodu ilə müqavilə münasibətlərində olan tərəflər arasındakı münasibətləri tənzimləyən “Sudan istifadə qaydaları”na uyğun olaraq mənzildə qeydiyyatda olan şəxslərin sayına görə borc məbləği hesablamışdır. Yuxarıda da qeyd edildiyi kimi bu qaydalar müqavilə münasibətlərində olmayan tərəflərə şamil olunmur. Cavabdeh iddiaçının sudan istifadə etməsinə ümumiyyətlə istinad etməmişdir. Əksinə iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının yaşadığı mənzildə müvafiq dövrdə elektrik enerjisi və təbii qazdan ümumiyyətlə istifadə olunmamışdır. Mənzildən normal istifadə üçün zəruri olan elektrik enerjisi və təbii qazdan ümumiyyətlə istifadə olunmaması, həmin mənzildə yaşayışın olmamasını göstərir. Mənzildə yaşayış olmadıqda sudan istifadə də istisna edilir. İstifadə edilməmiş suyun dəyərinin hesablanması isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Gəncə Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti tərəfindən Gəncə şəhəri, 3-cü mikrorayon bina 26, mənzil 46 saylı mənzil üzrə su təchizatı və kanalizasiya xidmətinə görə İddiaçı hesablanmış 257,43 (iki yüz əlli yeddi manat qırx üçü qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar