Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2044/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı prosessual hüquqi varisləri X3 və X2, nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh X6 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh X7 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdeh X10 ilə aralarında, ünvan 1 ünvanda yerləşən mənzilə dair bağlanmış 27.04.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh ilə iddiaçının arasında Gəncə şəhəri 5 saylı notarius ofisində ünvan 2 ünvanda yerləşən mənzilə dair bağlanmış 27.04.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 146, mənzil 6 ünvanda yerləşən ümumi sahəsi 54.1 kv/m olan mənzilin tam mülkiyyət hüququ ona məxsusdur. Cavabdeh X10 onun nəvəsidir. Nəvəsi Gülsüm yaşadığı evə gəlib ona bildirdi ki, əgər mənzili ona bağışlasa o, gəlib onun yanında qalaraq bir nəvə kimi ona baxıb, qulluq edəcək. Onun 78 yaşı var, o yaşlı, qoca və xəstə adamdır, onun qulluğa ehtiyacı olduğu üçün cavabdeh Gülsüm Qarayevaya inanmış və onunla razılaşmışdır. 27.04.2021-ci il tarixdə onlar Gülsüm ilə birlikdə Gəncə şəhəri 5 saylı notarius ofisinə gedib Daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq adına olan mənzili Gülsümə bağışlamışdır. Lakin bağışlama müqaviləsi bağlanıldıqdan sonra Gülsüm onun yanına gəlmədi, iki gündən sonra o özü ona zəng edib dedi ki, “ay bala halım çox pisdir, bəs sən niyə gəlmirsən?”. Cavabında Gülsüm ona demişdir ki, “mən evimi, uşağımı, yoldaşımı qoyub gəlib sənə baxası deyiləm”. O isə ona bildirdi ki, “ay bala biz belə danışmışdıq axı, mən sənə evi bağışlayıram sən isə gəlib mənimlə qalıb mənə baxacaqsan, niyə verdiyin sözə əməl etmirsən”. Cavabında Gülsüm onun üstünə qışqıraraq verməzdin demişdir. Bundan sonra o başa düşmüşdür ki, cavabdeh Gülsüm Qarayeva onu aldatmışdır, əgər onun, gəlib ona baxmaq fikri olmamasını bilsəydi, o, mənzilini ona bağışlamazdı. Həmin gündən onun halı daha çox pisləşib, gündə ona təcili yardım çağırılır. Bundan sonra, o, Gəncə şəhəri 5 saylı notarius ofisinə gedib mənzilin bağışlanması müqaviləsini ləğv etdirmək istəmiş, lakin notarius bildirmişdir ki, o, bu müqaviləni ləğv edə bilməz, cavabdeh gəlib bağışlamadan özü imtina edə bilər. Lakin cavabdeh Gülsüm Qarayeva notariusa gəlmir, nə verdiyi sözə əməl etmir, nə də ki, müqavilədən imtina etmir. İddiaçı 21.06.2021-ci il tarixdə vəfat etdiyi üçün mülki iş üzrə icraat onun prosessual hüquq varislərinin müəyyən edilməsi üçün dayandırılmışdır. Məhkəmənin 16.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının prosessual hüquq varisləri qismində X8 və X4 cəlb edilərək mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi X8 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, iddiaçı onun anası, cavabdeh isə qızıdır. Anası 2020-ci ildə koronavirusa yoluxub müalicə olunub sağaldıqdan sonra onun daimi yanında kimsə olmalı və ona baxmalı idi. Anasının bir amalı olmuşdur ki, nəvələrindən biri onun yanında qalsın. Cavabdeh Qarayeva Gülsüm onun qılığına girərək, ona baxacağını demiş, onu aldadaraq, Gəncə şəhəri 5 saylı notariusa apararaq, mənzilə dair bağışlama müqaviləsi bağlamışdır. Lakin sonradan öz vədinə əməl etməyərək nənəsinə baxmaqdan imtina etmişdir. Bağışlama müqaviləsinin bağlanmasından onun və bacısı Abbasova Könülün məlumatları olmamışdır. Cavabdeh öz vədini yerinə yetirmədiyinə görə bağışlama müqaviləsi bağlandıqdan bir neçə gün sonra anası onun və bacısını yanına çağıraraq cavabdehin onu aldadıb mənzili öz adına keçirdiyini bildirmişdir. Bundan sonra anası onların yanında telefonla zəng edərək cavabdehdən vədinə niyə əməl etmədiyini soruşmuş və ondan mənzilini qaytarmasını tələb etmişdir. Cavabdeh isə anasının üstünə qışqıraraq mənzili qaytarmaqdan imtina etmişdir. Cavabdeh ailəlidir və Şəmkir şəhərində ailəsi ilə birlikdə yaşayır. Buna baxmayaraq anasını aldadaraq gəlib Gəncədə onunla birlikdə yaşayacağını demişdir. Anası uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, zabitəli qadın olmuşdur. Buna görə də onun fikrini kiminsə, o cümlədən özü və ya bacısının dəyişdirməsi mümkün deyildir. Anası cavabdehin onun aldatmasını özü başa düşüb bağışlama müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmışdır. Buna görə də mərhumun son arzusunun həyata keçməsi üçün onlar da bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi X1 Arzu Xudaverdi oğlu ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Heydər oğlu iddiani müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X10 iddia ərizəsinə yazılı etiraz edərək etirazında göstərmişdir ki, iddiaçı onun nənəsidir. Nənəsi onu çox sevdiyi üçün və öz adını daşıdığı üçün evini ona bağışlayacağını bildirir və bunu bütün qohumların yanında elan edirdi. Nənəsi oğlu və qızı tərəfindən daim təhqirlərə məruz qalmış, onlar heç vaxt nənəsinin qayğısına qalmamışdır. Hətta bir dəfə bibisi nənəsinin sənədini gizlicə öz adına sənədləşdirmiş, nənəsi öz mənzilini sığortalatdırmaq istədikdə bilmişdir ki,əslində onun mülkiyyətində ev yoxdur. Nənəsi hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdən sonra bibisi dərhal evi yenidən nənəsinin adına sənədləşdirmişdir. Bibisinin həmin vaxt mənzili öz adına sənədləşdirməsinin səbəbi nənəsinin mənzili ona vermək niyyətini hamıya aşkar surətdə elan etməsi olmuşdur. Nənəsi mənzili ona bağışlamaq istədiyini bildirib ona dəfələrlə yaşadığı Şəmkir rayonuna zəng edib Gəncə şəhərinə gəlməsini istəmişdir. O, atası və bibisinin nənəsinin evində gözü olduğunu bildiyi üçün onlarla münasibətinin korlanmaması üçün nənəsindən onu atası və bibisi ilə qarşı-qarşıya qoymamasını xahiş etmişdir. Nənəsi, əks halda dünyadan gözü açıq gedəcəyini, ondan başqa kimsəsi olmadığını demişdir. Nənəsi bildirdi ki, onun nənəsinə baxmaq iqtidarı yoxdur. Çünki, o, Şəmkirdə ərdədir, iki körpə uşağı var. Nənəsi ilə arasında müqavilə bağlanan zaman onların arasında nənəsinə baxacağı ilə bağlı söhbət olmamışdır. Nənəsinin qayğısına hələ ki, subay olan bacısı qalır, ona tez-tez baş çəkirdi. Müqavilə bağlanandan bir neçə gün sonra atası və bibisi nənəsinə təsir edərək ona zəng etdirmiş və nənəsi ondan bağışlama müqaviləsinin ləğvini istəmişdir. Bundan sonra nənəsinə bacısının yanına getməyə də imkan verməmişlər. Nənəsi atası ilə bibisinin təsirindədir və onlardan çox qorxur. Hazırkı iddia nənəsinin iradəsi deyildir. Nənəsi bağışlama müqaviləsinin ləğvi ilə bağlı oğlu ilə qızının yanından ona zəng edərək danışmışdır. Bundan sonra bir neçə dəfə nənəsi ilə telefonda danışsa da nənəsi ona bağışlamanın ləğvi ilə bağlı heç nə deməyib. Hətta onu məhkəməyə verməsindən belə xəbərsiz olub. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 etirazında göstərdiklərinə uyğun izahat verib bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar tamamilə yalandır. Belə ki, onun mərhum nənəsi ilə münasibətləri çox yaxşı olmuşdur. O, uşaqlığının çox hissəsini nənəsi ilə keçirmişdir. Nənəsi onu, bacısını və qardaşını daim digər nəvələrindən fərqləndirmiş və daha artıq sevmişdir. Bu hal bütün qohumlara bəlli olmuşdur. Xüsusilə öz adını daşıdığına görə nənəsinin ona xüsusi bir məhəbbəti olmuşdur. Dəfələrlə nənəsi ona demişdir ki, mənim adımı daşıdığın kimi mənim malım-mülküm də səninkidir. O, ailəlidir, Şəmkir rayonunda ailəsi ilə birlikdə yaşayır. İki körpə uşağı var və əri daxili işlər orqanlarında xidmət edir. Nənəsi bir neçə dəfə ona zəng edib israrla Gəncə şəhərinə gəlməsini istəmiş, öz mənzilini onun adına keçirəcəyini bildirmişdir. Nənəsinə bunu əvvəlcə övladlarına deməsini, onlarla qarşı-qarşıya gəlmək istəmədiyni demişdir. Nənəsi isə onların bilməsini istəmədiyini, öz mənzilini bağışlamaq üçün heç kimdən icazə almalı olmadığını demiş və mənzili ona bağışlamayacağı halda dünyadan gözü açıq gedəcəyini dediyi üçün Gəncə şəhərinə gəlmiş, burada bacısı ilə birlikdə nənəsinin yanında olmuş, nənəsi bir daha mənzili onun adına keçirmək istədiyini demiş, hətta “düzdür, Ceyhunədən (cavabdehin bacısı) utanıram, mənə o qulluq edir, amma evi sənə bağışlamaq istəyirəm” demişdir. Mərhum nənəsi ona bu təklifi 19 aprel 2020-ci ildə etmiş və həmin ilin 27 aprelində isə onu “ASAN” xidmət mərkəzinə apararaq mənzili ona bağışlamışdır. Nənəsi evi ona verəcəyini, lakin heç kəsə deməməsini, ancaq o öldükdən sonra sənədləri üzə çıxarmasını demiş, o da razılaşmışdır. Nənəsi ilə onun arasında heç bir saziş və müqavilə olmayıb ki, nənəsi ona evi nəyinsə müqabilində bağışlayır. O, nənəsinə heç bir yalan vəd verməmiş və ona evi bağışlasa baxacağını deməmişdir. Nənəsi uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş hökmlü qadın idi. O, hamını qarşısında uşaq və şagird kimi görürdü. Buna görə də kiminsə onu aldatması və ya fikrini dəyişdirməsi mümkün deyildi. Hətta nənəsinə ona baxacağını desə də nənəsi nə buna inanmaz, nə də razılaşmazdı. Çünki, nənəsi onun Şəmkirdə ailəli olduğunu, iki körpə uşağının olduğunu yaxşı bilirdi. Nənəsi necə razı ola bilərdi ki, o, ailəsini atıb gəlib nənəsinə baxsın. Nənəsi bağışlama müqaviləsi bağlandıqdan təxminən bir həftə-on gün sonra ona zəng etmiş, hal-əhval tutduqdan sonra birbaşa olaraq mənzilini qaytarmasını istəmişdir. O hiss etmişdir ki, nənəsinin yanında atası ilə bibisi var və ona təzyiq göstərirlər. Buna görə də o, mənzili qaytarmayacağını bildirmişdir, çünki mənzilin qaytarılması nənəsinin yox, atası ilə bibisinin istəyidir. Nənəsi ölüm ayağında olarkən bacısı və qardaşı ilə birlikdə nənəsinə baş çəkməyə getmiş, atası onları içəri buraxmaq istəməsə də nənəsi onları görmək istədiyi üçün məcbur olub onları evə buraxmışdır. O, həmin vaxt nənəsi ilə mehriban söhbət etmiş, nənəsi mənzillə bağlı bir kəlmə də olsa narazılıq ifadə etməmişdir. Bu da onu göstərir ki, nənəsinin bu iddiası öz iradəsi ilə verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahat verib bildirmişdir ki, İddiaçı sözügedən mənzili nəvəsi X7 notarial qaydada təsdiq edilmiş müqavilə əsasında bağışlamışdır. Cavabdehin hərəkətində hər hansı bir qanunsuzluq olmamış, bağışlama müqaviləsi qanunvericiliyin tələbinə əsasən həyata keçirilmişdir. Bağışlama müqaviləsində hər hansı şərt müəyyən edilməmişdir. Buna görə də, hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, iddiaçı onun nənəsidir, cavabdeh isə bacısıdır. Bacısının, onun və qardaşının nənəsi ilə münasibətləri çox yaxşı olmuşdur. O, demək olar ki, hər gün nənəsinə baş çəkir və nənəsinə ən çox o baxırdı. Hər həftə şənbə günləri nənəsini öz evlərinə gətirib onu çimizdirib, qulluğunda durmuşdur. Bununla belə nənəsinin son anlarına qədər gündəlik baxmağa ehtiyacı olmamışdır. Nənəsi öz yeməyini özü hazırlayıb, öz işlərini görə bilirdi. Bibisi də ara-sıra nənəsinə baş çəkib ev işlərində köməklik edirdi. Onun ağlı kəsəndən nənəsi həmişə deyirdi ki, onun bir arzusu var və vaxtı çatanda deyəcək. Aprel ayının ortalarında o və bacısı Gülsüm nənəsigildə olan zaman nənəsi açıb demişdir ki, evi Gülsümə verəcək. Gülsüm isə lazım olmadığını və övladlarının bu məsələyə narazı olacaqlarını demişdir. Nənəsi isə “ev mənimdir, kimə istəsəm verərəm, heç kəsdən icazə almalı deyiləm” demişdir. Bundan bir müddət sonra nənəsi və bacısı arasında bağışlama müqaviləsi bağlanılmışdır. Nənəsinin bacısını məhkəməyə verdiyini eşidəndə nənəsinə zəng etmiş, nənəsi isə and içərək məhkəməyə müraciəti onun etmədiyini bildirmişdir. Nənəsi ölüm ayağında olarkən bacısı və qardaşı ilə birlikdə nənəsinə baş çəkməyə getmiş, atası onları içəri buraxmaq istəməsə də nənəsi onları görmək istədiyi üçün məcbur olub onları evə buraxmışdır. Onlar həmin vaxt nənəsi ilə mehriban söhbət etmiş, nənəsi Gülsümə mənzilin bağışlanmasından narazı olması barədə heç bir söz deməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş 27 aprel 2020-ci il tarixli 4Ə-595 reyestr nömrəsi ilə qeydə alınmış, notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi 146 nömrəli binada yerləşən 32 saylı mənzili X7 bağışlamışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 184825 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 22.06.2021-ci il tarixdə durğunluq ürək çatmamazlığı xəstəliyindən ölmüşdür. Məhkəmə iclasında iddiaçının prosessual hüquq varisləri tərəfindən təqdim edilmiş, İddiaçı ilə X10 arasında olan telefon danışığının səs yazısının qeyd edildiyi diskə baxış keçirilmiş və səs yazıları dinlənilərək tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, diskdə üç ədəd səs faylı var. “Голос 002” adlanan birinci səs yazısı 9 dəqiqə 10 saniyə davam edir. Səs yazısı iddiaçının cavabdehə müraciəti ilə başlayır və iddiaçı “fikrə gəlmişəm, evi qaytarmaq istəyirəm” deyir. Cavabdehin “niyə qaytarmaq istəyirsən” sualına cavab olaraq iddiaçı “nə bilim, qaytarmaq istəyirəm, beynimə düşdü, qaytarmaq istəyirəm” deyir. Cavabdeh isə “denən, qızımın qorxusundan qaytarmaq istəyirəm, mən səni məcbur eləməmişdim, məni yerimdən dingildətdin, bir həftə telefonlarda qaldın ki, gəl, gəl, gəl, mən oyuncaq idim səndən ötrü? Altı il necə olur qızının adında qalır səsini çıxartmırsan, indi nə oldu bir həftə keçmədi bu hoqqa çıxır ortaya? Mən sənə əvvəldən demişdim ki mənə lazım deyil”. Cavabdehin təkidlə “niyə qaytarmaq istəyirsən” suallarından sonra danışığın 2:50-ci dəqiqəsində iddiaçı ilk dəfə “mən evi sənə vermişdim ki, gəl mənə bax” deyir. Cavabdeh isə bu zaman “Nə, nə dedin, az sən? Elə bilirdin ki, mən Şəmkirdən gələcəm, ərimi atacam, sənə baxacam?” deyir. Daha sonra söhbət oxşar məzmunda davam edir. Diskdədki “Голос 003” və “Голос 004” adlı səs fayllarında baxılan iş üçün əhəmiyyət kəsb edən məsələlər yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır; 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə baxışında tədqiq edimiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi 146 nömrəli binada yerləşən 32 nömrəli mənzil 27.04.2020-ci il tarixdə Gəncə şəhəri notariat kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı tərəfindən nəvəsi X7 bağışlanmış və həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 668.1.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblər baxımından yanaşıldıqda mübahisələndirilən bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. İddiaçı və daha sonra onun prosessual hüquq varisləri bağışlama müqaviləsini bağlayarkən cavabdehin iddiaçıya yalan vədlər verərək, aldatdığını bildirsə də bu iddianı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrdən çıxış etmişdir. Digər tərəfdən cavabdehin ailəli olması, iki azyaşlı uşağının olması və Şəmkir rayonunda yaşaması iddiaçıya məlum olduğundan cavabdehin iddiaçıya ailəsini Şəmkirdə qoyub, gəlib Gəncədə ona baxacağı barədə yalan vəd verərək onu aldatmasına inanması ağlabatan deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflər iddiaçının savadlı, ali təhsilli, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş şəxs olması fikrində həmfikirdirlər və qeyd olunanlar iddiaçının aldadılmasını daha da çətinləşdirir. İddiaçı ilə cavabdeh arasında bağışlama müqaviləsinin bağlanmasından bir neçə gün sonra aparılmış telefon danışığından da görünür ki, iddiaçı birbaşa cavabdehdən evini qaytarmasını tələb edir. Aydın hiss olunur ki, tərəflər arasında bu söhbət mənzilin qaytarılması ilə bağlı ilk mübahisədir və iddiaçının cavabdehdən daha əvvəl gəlib ona baxmasını istəmədiyi məlumdur. İddiaçı ilk olaraq mənzili qaytarmaq istəməsini sadəcə fikrinin dəyişməsi ilə izah edir. Cavabdehin israrla bunun səbəbini soruşmasına baxmayaraq yalnız altıncı dəfə soruşduqda iddiaçı mənzili ona gəlib baxması üçün bağışladığını, cavabdehin isə gəlib ona baxmadığını deyir. Cavabdeh isə onların arasında daha əvvəl belə bir danışığın olmadığını qəti şəkildə bildirir. Göründüyü kimi iddiaçının prosessual hüquq varislərinin təqdim etdiyi səs yazısı da iddianın əsaslarını təsdiq etmir. Bundan başqa o da qeyd edilməlidir ki, daşınmaz əmlaka sərəncam verilməsi barədə əqdin notarial qaydada təsdiqlənməsi şərtinin qanunvericilikdə imperativ norma kimi müəyyən edilməsinin səbəbi adətən dəyəri yüksək olan daşınmaz əmlaka hüquqlara sərəncam verilməsi zamanı tərəfləri sui-istifadə hallarından qorumaqdır. Yəni, dövlət hüquqi cəhətdən savadlı, ixtisaslaşmış şəxs – notarius vasitəsilə daşınmaz əmlak barəsində bağlanılan əqdlərin qanunvericiliyin tələblərinə və onların həqiqi iradə ifadələrinə uyğun olmasına nəzarət edir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Qeyd olunan normadan çıxış edərək əksi sübuta yetirilənə qədər notariusun tərəflərə onların hüquq və vəzifələrini izah etməsini, hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməsini, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməsini prezumpsiya olaraq qəbul etmək lazımdır. Buna görə də əgər iddiaçı bağışlama müqaviləsini konkret şərtlə bağlamaq istəsə idi, bu istəyini notariusa bildirə və bağışlama müqaviləsinə həmin şərtin əlavə edilməsini tələb edə bilərdi. Beləliklə, yekun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi göstərilmiş hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2044/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2044/2021
05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver