Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2101/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər 3 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər 3 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21 mart 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə aralarında bağlanmış 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona müddətsiz 2000 manat məbləğində kredit verilmişdir. Sonradan icra məmuru onu Gəncə şəhəri üzrə İcra İdarəsinə çağıranda məlumatı olmuşdur ki, BALBL4744429/14 nömrəli kredit müqaviləsinə əsasında Gəncə şəhəri 3 saylı notariat ofisində icra qeydi verilmişdir. Halbuki, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, “xxxx” ASC tərəfindən ona həmin icra qeydinin verilməsindən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. BALBL4744429/14 nömrəli kredit müqaviləsi üzrə onun tərəfindən kredit götürldüyü tarixdən hazırki vaxta kimi ödənişlər olunmuşdur. Lakin, 21 mart 2021-ci il tarixli icra qeydində ödənilməmiş məbləğ dövlət rüsumu ilə birlikdə 3650 manat 61 qəpik qeyd edilmişdir. Halbuki, kredit müqaviləsi üzrə əsas borcun, cərimə, penyanın hansı məbləğdə olmasını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Odur ki, də o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə “xxxx” ASC mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, icra qeydinin ləğvi Banka qarşı kredit müqaviləsinin və ya kredit borcunun mübahisələndirilməsi ilə bağlı iddia tələbləri ilə əlaqədar və həmin tələblərlə birlikdə mümkün ola bilər. Yəni, borclu hesab edirsə ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və s. onda icra qeydinin ləğvini tələb etməkdə haqlı ola bilər. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməlidir. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşı olub notariusa və onun icra qeydinə aidiyyatı yoxdur. Əgər onun maddi hüquqi tələbi təmin edilərsə onda nəticə etibarilə icra qeydi də ləğv edilə bilər. Amma əgər borclu Banka qarşı maddi hüquqi tələb irəli sürmədən sadəcə notarius tərəfindən icra qeydinin aparılması zamanı hüquqi-texniki şərtlərin pozulmasını əsas gətirirsə həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Məsələn, şəxs borcunun olmasını inkar etmirsə, sadəcə icra qeydinin tarixi, nömrəsi səhv olduğundan və ya icra qeydi yanlış olaraq borclunun olduğu yerdə deyil, digər yerdə yerləşən notarius tərəfindən aparıldığından onun ləğvini tələb edirsə həmin əsasla icra qeydinin ləğvi mahiyyət etibarilə qanunsuz və ədadlətsiz olardı. Həmin halda sadəcə notariusun intizam məsuliyyətindən söhbət gedə bilər. Hesab edirlər ki, məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. Odur ki, iddia tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən verilmiş 21 mart 2021-ci il tarixli 8İ-908 reystr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməmiş 3539,67 manat, 90,94 manat cərimə pulu və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 3650,61 manat pul tutulmalıdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 17.05.2014-cü il tarixli, BALBL4744429/14 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 1994,34 manat əsas borcu, 90,94 manat cərimə borcu, 1545,33 manat komissiya haqqı üzrə borc olmaqla, ümumilikdə 3630,61 manat borcu vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə “xxxx” ASC arasında 17.05.2014-cü il tarixli kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən iddiaçıya 2000 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. “xxxx” ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən 21.03.2021-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, “xxxx” ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Bank notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı isə həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında icra qeydinin aparılmasından tamamilə məlumatsız olduğunu bildirərək, icra qeydinə əsasən ondan tutulmalı olan pul məbləğini mübahisələndirir. Göründüyü kimi cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, notariat icra qeydi haqqında ərizədə kredit müqaviləsi üzrə komissiya haqqı üzrə borcun 1545,33 manat təşkil etməsi göstərilsə də, həmin məbləğin hansı qaydada hesablanması göstərilməmiş, notariat orqanı da icra qeydi verərkən bu məsələni aydınlaşdırmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən verilmiş 21 mart 2021-ci il tarixli, 8İ-908 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən verilmiş 21 mart 2021-ci il tarixli, 8İ-908 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2101/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2101/2021
29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver