Məhkəmə qərarları › İş №2(043)-217/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-217/2022

15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-217/2022 15.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X9, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğvi, cavabdehin icarə obyektindən çıxarılması, dəymiş ziyanın, icarə haqqının və ona hesablanmış faizin ödənilməsi” tələbi barədə ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 19.09.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və ona vurulmuş 100000 (yüz min) manat maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətçi X3 rayonu, Sərkar kəndi ünvanında yerləşən 1 hektar torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasını həmin binada yerləşən avadanlıqlarla birlikdə (6 ədəd dəri dolab, 1 ədəd ətləmə dəzgahı, 1 ədəd sıxma dəzgahı, 1 ədəd desi ölçü dəzgahı, 1 ədəd 500lük Kompressor və 1 ədəd qaz ilə işləyən qazanxana) 01.09.2019-cu il tarixli icarə müqaviləsi əsasında ona icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən aylıq icarə məbləği 12200 manat müəyyən edilmişdir. İcarəyə götürülmüş əmlak onun tərəfindən 19.09.2020-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh MMC-yə ikinci əldən icarəyə verilmişdir. İcarə müqaviləsinin şərtlərinə əsasən aylıq icarə haqqı 12200 manat müəyyən edilmişdir. Eyni zamanda razılaşmanın şərtlərinə əsasən cavabdeh onu və oğlu X5 yüksək maaşla qeyd olunan obyektə işə götürməli idi. Lakin, icarəçi ilk gündən razılaşmanın şərtlərinə əməl etməməyə başlamışdır. Uzun müddət ona və oğluna heç bir əmək haqqı ödəmədən onları işlərin görülməsinə cəlb etmiş və çox sonralar onlarla əmək müqaviləsi bağlamışdır, lakin ona və oğlu Şahmurada əmək haqqı kartları verilmədi və onlar əmək haqqı ala bilməmişdir. Bununla bağlı 2020-ci ilin fevralında aralarında yaranmış mübahisədən sonra icarəçi onu ümumiyyətlə icarə obyektinə buraxmamış və oğlu Şahmuraddan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə yazmasını tələb etmişdir. Daha sonra isə xəbər tutmuşdur ki, onu heç bir əsas olmadan işdən azad etmişdir. Bununla da kifayətlənməyən icarəçi icarəyə götürülmüş əmlakları zədələməyə və qərəzli olaraq əmlaklara ziyan vurmağa başladı. Belə ki, ilk öncə əmlakların yararsız hala düşməsi ilə bağlı mülkiyyətçi Razil Məmmədovdan 16 mart 2020-ci il tarixli xəbərdarlıq məktubu almışdır. Həmin məktubda mülkiyyətçi icarəyə verilmiş 2 ədəd dəri dolabın baxımsız vəziyyətə düşdüyünü bildirərək həmin əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişdir. Qeyd olunanlarla bağlı dəfələrlə icarə obyektinə gedərək əmlaklara baxış keçirmək istəsə də, obyektin mühafizəçisi tərəfindən obyektə buraxılmamışdır. Bundan sonra icarəçiyə 27.04.2020-ci il tarixli məktubla müraciət edərək, mülkiyyətçinin məktubu ilə bağlı məlumat vermiş və qeyd olunan xüsusatın araşdırılması o cümlədən özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə 30.04.2020-ci il tarixdə obyektə və orada olan əmlaklara baxış keçirməyi təklif etmişdir. Lakin, qeyd olunan məktubuna heç bir cavab verilməmiş və həmin tarixdə o, yenidən mühafizəçi tərəfindən obyektə buraxılmamışdır. Bundan sonra 20.06.2020-ci il tarixdə mülkiyyətçidən növbəti xəbərdarlıq məktubu almışdır. Məktubda obyektdə olan dəyəri 100000 (yüz min) manat təşkil edən 2 ədəd dəri dolabın tamamilə söküldüyü qeyd olunmuşdur. Həmin xüsusatla bağlı 22.06.2020-ci ildə obyektə getmiş, orada həqiqətən 2 ədəd dəri dolabın söküldüyünü müşahidə etmiş və bununla bağlı şahidlərin iştirakı ilə akt tərtib etmişdir. Eyni zamanda icarəçiyə 22.06.2020-ci il tarixli Xəbərdarlıq məktubu ünvanlayaraq 2 ədəd dolabın onun icazəsi olmadan sökülməsi ilə bağlı narahatlığını bildirmiş və 10 gün müddətinə yararsız hala salınmış əmlakın bərpa edilməsini tələb etmişdir. Lakin, icarəçi xəbərdarlıq məktublarının alınmasından imtina etdi və əmlaka ziyan vurmağa davam etmişdir. Ən son 13.07.2020-ci il tarixli Pretenziya məktubu ilə icarəçiyə müraciət edərək 10 (on ) gün müddətinə 19.09.2020ci il tarixli İcarə müqaviləsinin ləğv edilməsinə razılıq verilməsini və ona vurulmuş ziyanın ödənilməsini tələb etsə də icarəçi növbəti dəfə məktubun alınmasından imtina etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsini cavabdehə göndərən zaman vəkil vasitəsilə göndərdiyindən və məktubda vəkilin adı soyadı yazılması səbəbindən məktub cavabdeh tərəfindən qəbul edilmişdir. Buradan da məlum olur ki cavabdeh qərəzli olaraq onun tərəfindən göndərilən məktubların alınmasından imtina etmişdir. Tərəfindən dəri dolabların bərpa edilməsi xərci ilə bağlı X33 şirkətinə edilmiş sorğuya şirkət tərəfindən 24.07.2020-ci il tarixli elektron məktubla cavab verilərək iki ədəd dəri dolabın bərpası xərcinin 60000 ABŞ dolları olduğu qeyd olunmuşdur. Göstərdiyi cəhdlərə baxmayaraq, cavabdehlə aralarında qalan mübahisənin həlli mümkün olmadığından məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İlk iddia üzrə iddiaçı əvvəllər bir neçə dəfə iddianın həcminin artırılması barədə ərizə vermiş, sonuncu dəfə bu barədə ərizə təqdim edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 19.09.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və icarə predmetinə daxil olan əmlaklara vurulmuş 100000 manat zərərin, ödənilməmiş 244000 manat icarə haqqı və 12200 manat faiz məbləği olmaqla, ümumilikdə 356200 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə mahiyyəti üzrə baxılması zamanı iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 185448 manat maddi və 100000 manat mənəvi ziyana görə pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında ikinci əldən bağlanmış 19.09.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1ində yerləşən, X10 mülkiyyətində olan ümumi sahəsi 1707.2 kv.m olan qeyri yaşayış binası göndəri emal etmək üçün 01.09.2024-cü il tarixədək Cavabdeh MMC-yə icarəyə verilmişdir. Cavabdehlər X10 və X7 günahları üzündən icarəçi öz istehsal fəaliyyətini 6 aydır dayandırmışdır ki, bunun da nəticəsində müəssisəyə külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, 24.02.2020-ci il tarixdə əsən güçlü küləkdən fabrikin dam ötrüyünün cüzi bir qismi dağılmışdır. "xxxx"xxxx"xxxx" ASC ilə etdiyi sigortadan istifade edib daha çox pul almaq üçün fabrikin dam örtüyünü sığorta sayəsinde yeniləmək üçün fabrik yeməkxanasına qədər olan dam örtüyünün Razil birinci əldən icarədarı Hüseyn ilə birlikdə sökdürərək özü sökdürdüyü dam örtüyünə təbii fəlakətdən dağılmış kimi 22800 manat sığortadan pul almışdır. Sığorta pulunu Cavabdeh MMC-nin adına sığortalanmasına rəğmən Bakı şəhərinə gedərək Azsığorta Şirkətindən öz şəxsi hesabına köçürtmüşdür. Pulu almasına baxmayaraq Fabrikin dam örtüyü açıq və çox təhlükəli vəziyyətdə qalmışdır. Ordakı avadanlıqlar və işlənmiş mallar zərər görmüşdür. Bunun nəticəsində də bizə ciddi zərər yaratdı. 14.09.2020 tarixədək fabrikin dam örtüyü orta hissəyə qədər hələdə açıq vəziyyətdədir. Bu vaxt ərzində özünə dəfələrlə dam örtüyünün düzəldilməsi tələbini etsəkdə hər dəfəsində növbəti həftə düzəltdirəcəm deyərək bu günə qədərdə düzəltdilməmişdir. İcarəyə verdiyi obyektin dam örtüyünü sökərək icarə almağa davam etdi. 09.06.2020 tarixdə özü Rafiq adlı usta və Türkiyədən gələn baraban ustası gətirərək biri su buraxır, digəri isə istehsala yararsız bəhanəsiylə iki barabanın taxtalarını sökdürmüşdür. Fabrikin kamera görüntülərinə və şahidlərində aktdakı ifadəsinə əsasən mal sahibi Razil baraban taxtalarını dəyişdirmək adıyla özü sökdürmüşdür. 20.06.2020 tarixində birinci əldən icarəçi Hüseyinə məktub göndərib barabanları özündən xəbərsiz sökülmüş yalanını uydurmuşdur. Görüntülərdə olduğu kimi bu sökülmüş barabanlar əslində çox köhnə və istifadəyə yararsızdır. Cavabdeh MMC-dən əvvəl fabriki Türk şirketi, Koleyziya Park MMC (Razilin şirketi) və "xxxx" MMC (Hüseyinin şirketi) icarəyə götürmüşdür. Sökülmüş barabanlar onsuzda istifadəyə yarasız vəziyyətdə idi. Fabriki icarəyə götürən zaman 6 barabandan 5-i işlək vəziyyətdə olub. 4-ü bir az yeni digəri isə köhnə olub. Bir az yeni olan barabanlar isə 2017 ilin 8 və 9 aylarında düzəlmiş barabanlardır. Hal-hazırda şirkətin işçilərindən çoxu fabrik yaranan gündən işləyən işçilərdir. İstifadə müddəti qurtarmış barabanın taxtalarını özü sökdürüb bize böhtan atması ve 100.000,00 manat dəyər ölçməsi qəsdən dələduzluq və maddi zərər vurmağa meyllilikdir. Mübahisəli obyekti Hüseyin Hüseynovdan ikinci əldən icarəyə alındıqdan sonra, icarəçiyə dayanmadan problemlər yaratdı. Dayanmadan pul tələb etməyə davam etdi, heç bir şəkildə onu, pul ilə tam təmin edə bilmədik. Həyat yoldaşı xəsdələndiyi üçün 4000 Manat borc istədi verdik, oğlu evləndiyi üçün 3000 ABŞ dollar borç isdədi verdik. Bu da bəs deyilmiş kimi hər ay fərqli bəhanələrlə 1000 manat pul istəyərək toplam 3000 Azərbaycan manatın qədər pul aldı. Hətta rəhbərlik Azərbaycanda olmadığı müddətdə fabrikə 3000 Manat pul xərcləmişəm deyib narazılıq yaratdı və pulu ödəməyə məcbur qoydu. Kirayəyə götürdüyümüzdə, ümumilikdə 6 dolab var idi, bunlardan biri tamamilə sıradan çıxmışdı, 4-ü faydalı idi. Onu düzəltməklərini tələb etmiş və Bakıdan onlara yeni dolab dişi alacağı bəhanəsiylə 3400 USD (29.03.2020) pul almış və nəticəsi olaraq ikinci əl dolab dişi gətirmişdir. Nə yeni material təslim etmiş nə də dolabı işlək vəziyyətə gətirmişdir. Orada heç bir məsuliyyəti və vəzifəsi olmadığı halda birinci əldən kirəçidir bəhanəsi ilə fabrikdə gəzinmiş, iş saatlarında və gecələr içki içib qumar oynamışdı və ailəsiylə həftə sonları gəlib gəzinti parkına çevirmişdir. Vergilər Nazirliyinin əməkdaşları yoxlama zamanı MMC sistemində adı olmayan Hüseyn üçün şirkətə 2000 manat məbləğində pul cəzası tərtib etmişlər, bu cəza da heç bir səhvləri olmasa da, onlar ödəmişlər. Bu cəzadən sonra ona fabrikə gəlməməsini dediklərinə rəğmən, birinci əldən kirayəçi olduğu üçün hər gün gəlib baxmalı olduğu bəhanəsiylə gəlib-getdi, üstəlik ona mühafizəçi kimi maaş verməli olduqlarını ve sistemə adını salmalı olduqlarını tələb etmişdir, məcburi şəkildə qəbul etmişlər. Ancaq yenə fabrikdə içki içməyə, axşamları ailəsiylə orda içki-yemək məclisi yaradıb iş məsuliyyətlərini təhdid altına da qoymuş və işçilərə qışqırıb-bağırıb iş rejimini pozmuşdur. Səbəbsiz ona aylıq 2000 ABŞ dolları maaş vermələrini tələb etmişdir və onlar da rədd etmişlər. İşsiz oğlunu işə götürdük ancaq işə nadir hallarda gəldiyinə, işində məsuliyyətsiz olduğuna rəğmən maaş verməyə davam etmişlər, en son gündüz iş saatında fabrikə içkili gəlib istehsalat müdürünə yumruq atması və artıq hərəkət etməsinə görə daha burada işləməyəcəyini bildirmişlər ve şəxsi qərarı ilə vəzifəsindən azad olunmuşdur. Bütün bu sabotaj və onlara vurulan zərərlərə dözməyib onu fabrikdən uzaqlaşdırma qərarı almışlar və 14 aprel 2020-ci il akt və töhmətlərdə olduğu kimi gözətçi vəzifəsinə xitam vermişlər. O gündən bəri fabrikə girişinə icazə verilməmişdir. Bu vəziyyətdə onlara dayanmadan məktub yollayıb müqaviləni pozmaq məcburiyyətində qoymaq istəmişdir. Fabrik sahibi Razil ilə gördüyü dələduzluq hadisəsi də buna sübutdur. Akt ve video görüntülərində olduğu kimi, ağlasığmaz şəkildə dəyəri 100000 manat olduğunu deyən mal sahibi Razil özü şəxsən sökdürmüş ve Hüseynə məktub yollayıb mallarına həbs qoyulmasına, bütün işin dayanmasına, Hindistan ilə olan satış müqaviləsinin təhlükəyə düşməsinə səbəb olmuşdur. Əsassız iddialarla onlardan 100.000,00 manat almaq xəyallarına düşmüştür. Hüseyin Hüseynov bütün bu davranışlarıyla qəsdən sabotaj etmə, dələduzluq və davamlı maddi zərərə vurmuşdur. İddiaçıov bununla kifayətlənməyərək hazırki ilkin iddia ilə icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və ziyanın ödənilməsi tələbinə dair iddia qaldırıb məhkəmənin 11.08.2020-ci il tarixli, 2(003)-2430/2020 saylı qərardadına əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan 100000 manat dəyərində xromlanmış gön-dərinin üzərinə həbs qoyulmuşdur. Həmin qəradada əsasən də sexə aid bütün əmlakın üzərinə həbs qoyulmuş və ona görə də sexin fəaliyyəti iflic olmuşdur. Həmin qərardaddan 3 ay vaxt keçmiş və sexdə olan 60000 ABŞ dolları məbləğində xammal olan gön-dəri kiflənərək yararsız hala düşmüş, həmçinin keçən 2 ay ərzində sex öz fəaliyyətini dayandırmış və 23 işçi işsiz qalmışdır. Cavabdehlərin qanunsuz və əsassız hərəkətləri nəticəsində sexə külli miqdarda ziyan dəymişdir. Ona görə də cavabdehlər tərəfindən Cavabdeh MMC-yə 73.200,00 manat ve icarədən qaynaxlanan 10.248 manat vergi olmaqla 83.448,00 manat, həmçinin şirkətin cavabdehlərin günahı üzündən 6 ay ərzində işləməməsi səbəbindən vurulmuş 102000 manat maddi və mənəvi zərərə görə 100000 manat ziyan tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X6 MMC-nin 19 aylıq məhrum olunmuş gəlirinə görə 779000 ABŞ dollarının ödənilən günə Azərbaycan manatına olan məzənnə ilə hesablanaraq ödənilməsi, eyni zamanda (ixrac prosesindən İnvoice 12,13,14 görə olan 179365.68 manat, hazırda sexdə olan İnvoice 12,13,14 olan xammala görə gələcəkdə gözlənilən zərəri 80580 manat, İstehsal prosesi zamanı istifadə olunan köməkçi vasitələrə görə (duz, əhəng) 2447.81 manat, İxrac prosesi zamanı gömrük, sənədləşmə və laboratoriya xərclərinə görə 111476.37 manat, əmək haqqı və MDSS ödənişlərinə görə 13445.66 manat, sexin kommunal xərclərinə görə 5622,72 manat, İcarə haqqı və ömv ilə bağlı ödəmələrə 27816 manat, Dərinin beynəlxalq daşıma xərci 26144,90 manat, mühafizə xərcləri 16372 manat, Digər əlavə xərclərə 34223 manat, işçilərin həyat sğortası üç) 497753.14 (dörd yüz doxsan yeddi min yeddi yüz əlli üç manat 14 qəpik) manat maddi ziyana görə pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmiş məzmunda verilmiş qarşılıqlı iddia üzrə tələbi onunla əsaslandırılmışdır ki, Razil Məmmədov və İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh MMC 2020-ci ilin avqust ayından öz fəaliyyətini demək olarki dayandırmış, keçən 19 ay ərzində MMC-yə ixrac prosesindən 179365,68 manat, hazırda sexdə olan invoice 12,13,14 olan xammala görə gələcəkdə gözlənilən zərəri 80580 manat, istehsal prosesi zamanı gömrük, sənədləşmə və laboratoriya xərcləri 111476,37 manat, əmək haqqı və MDS ödənişlərinə görə 13445,66 manat, sexin kommunal xərclərinə görə 5622,72 manat, icarə haqqı və ömv ilə bağlı ödəmələrə 27816 manat, dərinin beynəlxalq daşıma xərci 26144,90 manat, mühafizə xərciləri 16372 manat, digər əlavə xərclərə 34223 manat, işçilərin həyat sığortası üçün 259 manat olmaqla, cəmi 497753,14 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, keçən 19 ay ərzində Cavabdeh MMC ilkin iddiaçının günahı üzündən boş dayandığı üçün hər ay orta hesabla gəliri olan 41000 ABŞ dollarından (MMCnin aylıq dövriyyəsi 5 TİR xammal ixrac etmək gücündə olub, 1 TİR xammalın qiyməti orta hesabla 41000 ABŞ dolları olduğu halda 5 x 41000 = 779000 ABŞ dolları) məhrum olmuşdur ki, bununla da keçən 19 ay ərzində MMC 779000 ABŞ dolları gəlirini itirmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X11 ilk iddia tələbinin məzmununa uyğun izahat verərək, ilk iddianın iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X16 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X13 izahatında bildirdi ki, 01.09.2019-cu il tarixdə o, mülkiyyətində olan ünvan 2ində yerləşən qeyri-yaşayış sahəsini İddiaçı icarəyə vermişdir. Həmin müqaviləyə əsasən icarəçi ona 12200 manat icarə haqqı ödəməli idi. Bundan sonra İddiaçı ilə "xxxx" MMC arasında ikinci əldən icarə müqaviləsi bağlanılmışdır. Aralarında əldə olunmuş razılaşmaya əsasən "xxxx" MMC tərəfindən 12200 manat icarə haqqı birbaşa ona verilməli idi. Sonradan tərəflər arasında münasibətlər pozulmuşdur. Belə ki, icarəçi Cavabdeh MMC obyektdə olan 2 ədəd barabanı sökmüşdür. Həmin vaxt o obyektdə olsa da, barabanları o sökdürməmişdir. Bundan sonra barabanların sökülməsinə görə İddiaçı öz iradını bildirmiş, Hüseyn də öz növbəsində cavabdehə barabanların sökülməsi ilə bağlı iradını bildirmişdir. Sonradan sökülmüş və işlək vəziyyətdə olmayan baranbanları özü təmir etdirmiş və təmir xərcini özü çəkmişdir. Buna səbəb obyektin fəaliyyətinin dayandırılmaması, obyektin sonradan başqa şəxslərə icarəyə verilməsini mümkün etmək olmuşdur. Cavabdeh sonuncu dəfə 2020-ci ilin iyun ayında icarə haqqını ödəmişdir. 2020-ci ilin iyul ayından etibardən cavabdeh 19 aydır ki, icarə haqqını ödəmir. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində X15 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1707,2 kv.m olan qeyri-yaşayış binasını 5 il müddətinə icarəçiyə icarəyə verir, icarəçi isə aylıq 12200 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 7-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı icarəyə verəni məlumatlandırdıqdan sonra ikinci əldən icarəyə verə bilər. Bu halda icarəçi üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində İddiaçı (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli ikinci əldən bağlanan icarə müqaviləsindən görünür ki, icarəyə verən icarəçiyə X10 mülkiyyətində olan 1707,2 kv.m olan qeyri-yaşayış binasını 01.09.2024-cü il tarixədək icarəyə verir, icarəçi isə obyektin istifadəsinə görə aylıq 12200 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq olunmuş **********957 nömrəli ərizəsinin surətindən görünür ki, o, Gəncə Regional ASAN xidmət mərkəzində nortariat ofisində 19.09.2019-cu il tarixdə 3M-923 nömrə ilə təsdiq olunmuş "xxxx" MMC adından X23 ilə ünvan 2i ünvanında yerləşən mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair ikinci əldən bağlanan icarə müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən ona veriləcək olan icarə haqqının "xxxx" MMC-nin adından Türkel Mirsaleh X1 hesabına ödənilməsinə etiraz etmədiyini və razı olduğunu bildirmişdir. İş materiallarında olan X10 notarial qaydada təsdiq olunmuş **********965 nömrəli ərizəsinin surətindən görünür ki, o, Gəncə Regional ASAN xidmət mərkəzində nortariat ofisində 19.09.2019-cu il tarixdə 3M-923 nömrə ilə təsdiq olunmuş İddiaçı ilə ünvan 2i ünvanında yerləşən mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair icarə müqaviləsi bağlamış, lakin İddiaçı həmin torpaq sahəsinə və qeyri-yaşayış binasına dair ikinci əldən icarə müqaviləsi bağlandığı üçün həmin icarə haqqının "xxxx" MMC-nin adından X8 hesabına ödənilməsinə etiraz etmədiyi və razı olduğunu bildirmişdir. İş materiallarında olan 22.06.2020-ci il tarixli İddiaçı, X19 və X12 tərəfindən tərtib olunmuş Aktdan görünür ki, 22.06.2020-ci il tarixdə ünvan 1ində yerləşən Dəri sexində baxış keçirilmiş, baxış zamanı 2 ədəd dəri dolabın söküldüyü müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbəri X18 göndərilmiş 22.06.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC-dən 10 gün müddətinə ona icarəyə verdiyi əmlakların yararlı vəziyyətə salınmasını və əmlaklara bir daha zərər vurulmamasını tələb etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbəri X18 göndərilmiş 13.07.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən MMC-yə 5(beş) gün müddətində aralarında olan 19.09.2019-cu il tarixli İcarə müqaviləsinin ləğv edilməsi barədə razılıq vermələri və sökülmüş dolabların dəyərinin (100000) manat ona təqdim edilməsini barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan X15 tərəfindən İddiaçı göndərilmiş 04.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Razil Məmmədova hər ay 12200 manay məbləğində ödənilməli olan icarə haqqı 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, o cümlədən cari ilin yanvar, fevral və mart ayları üzrə icarə haqqı məbləği ödənilməmişdir. Odur ki, İddiaçıdən qeyd edilən icarə məbləğinin 10 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan X15 tərəfindən İddiaçı göndərilmiş 10.12.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, o cümlədən cari ilin yanvar, fevral, mart, aprel, may iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə icarə haqqı məbləği ödənilməmişdir. Odur ki, İddiaçıdən qeyd edilən icarə məbləğinin 10 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.07.2021-ci il tarixli 9/4542 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd 4x4 ölçülü dolabın 01 ədədinin hazırki vəziyyətdə qiyməti 48000,0 manat, 02 ədədinin isə 96000,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, ünvan 1ində yerləşən 1 hektar torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 1707,2 kv.m olan qeyri-yaşayış binasına dair mülkiyyəçi X15 ilə (üçüncü şəxs) İddiaçı (ilk iddiaçı) arasında 5 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bundan qısa müddət sonra İddiaçı həmin əmlakı mülkiyyətçinin razılığı əsasında ikinci əldən Cavabdeh MMC-yə 01.09.2024-cü il tarixədək icarəyə vermişdir və tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən icarəçi Cavabdeh MMC müqavilə üzrə müəyyənləşdirilmiş aylıq 12200 manat icarə haqqını bir başa mülkiyyətçi Razil Məmmədova ödəməli idi. Tərəflər arasında işin mübahisəsiz halı ondan ibarətdir ki, icarəçi Cavabdeh MMC 2020-ci ilin iyun ayı da daxil olmaqla icarə haqqını vaxtında ödəmişdir. Lakin, 2020-ci ilin iyul ayından etibarən keçən 19 ay ərzində icarəçi müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməmişdir. Hazırda ilk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbində tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılması, icarə predmetinə daxil olan əmlaklara vurulmuş 100000 manat ziyanın və ödənilməmiş 19 aylıq icarə haqqı olan 244000 manat pulun və həmin məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 12200 manat faiz məbləği olmaqla, ümumilikdə 356200 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə, ilk öncə ilk iddia tələbinin ödənilməmiş 244000 manat icarə haqqı məbləğinin cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı təqdim etdiyi sənədlər ilk iddia tələbini həmin hissədə təsdiq edir. Bundan başqa ilk iddia üzrə cavabdeh həmin hissədə icarə haqqının məbləğini mübahisələndirməmiş, məhkəməyə iddia tələbini həmin hissədə təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında icarə haqqının ödənilməməsin səbəbini tərəflər arasında məhkəmə mübahisəsinin olması ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, cavabdeh icarə obyektindən istifadə etdiyinə görə tərəflər arasında məhkəmə mübahisəsinin olması icarə haqqının ödənilməməsi üçün əsas vermirdi. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı icarəyə verdiyi əmlaka görə cavabdeh tərəfindən ödənilməmiş 19 aylıq icarə haqqı üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsində qeyd olunur ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış 19 aylıq ödənilməmiş icarə haqqı məbləği, yəni 244000 manat pul (19 ay x 12200 manat aylıq icarə haqqı) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, ilk iddia üzrə iddiaçı cavabdehdən icarə müqaviləsinin şərtlərini pozaraq, icarə haqqının vaxtında ödənilməməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 12200 manat məbləğində pul tələb etmişdir. Məhkəmə qeyd edir ki, ilk iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilən xüsusatlara əsasən məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdeh icarə müqaviləsindən irəli gələn icarə haqqını ödəməli olmasına dair öhdəliyinin icrasını gecikdirmişdir. 2020-ci ilin iyul ayından başlayaraq hazırki vaxtadək hər ay üçün müəyyən edilmiş icarə haqqının gecikdirilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı gecikdirilmiş vaxt üçün ödənilməmiş pul məbləğinin illik beş faizi məbləğində faiz ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin, ilk iddia üzrə iddiaçı tərəfindən həmin faiz məbləği düzgün hesablanmamışdır. Belə ki, iddiaçı 19 ay üçün hesablanmış 244000 manat icarə haqqının beş faizini, yəni 12200 manat məbləğində pulu cavabdehdən tələb etmişdir. Halbuki bu cür hesablama düzgün deyildir. Belə ki, məhkəmə hesab edir ki, hər bir aylıq icarə haqqı məbləğinə münasibətdə gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz məbləğ müəyyən edilməlidir. 12200 manat aylıq icarə haqqının illik beş faizi 610 manat, aylıq gecikdirmə faizi isə 50,83 manat (610/12) təşkil edir. Bu hesabla hesabladıqda, 2020-ci ilin iyul ayı üçün müəyyən edilmiş icarə haqqının gecikdirilməsinə görə 965,77 manat, 2020-ci ilin avqust ayının icarə haqqının gecikdirilməsinə görə 914,94 manat, 2020-ci ilin sentyabr ayının icarə haqqının gecikdirilməsinə görə 864,11 manat, 2020-ci ilin oktyabr ayının icarə haqqının gecikdirilməsinə görə 813,28 manat, 2020-ci ilin noyabr ayının icarə haqqının gecikdirilməsinə görə 762,45 manat, 2020-ci ilin dekabr ayının icarə haqqının gecikdirilməsinə görə 711,62 manat, 2021-ci ilin yanvar ayının icarə haqqının gecikdirilməsinə görə 660,79 manat, 2021-ci ilin fevral ayının icarə haqqının gecikdirilməsinə görə 609,96 manat, 2021-ci ilin mart ayının icarə haqqının gecikdirilməsinə görə 559,13 manat, 2021-ci ilin aprel ayının icarə haqqının gecikdirilməsinə görə 508,30 manat, 2021-ci ilin may ayının icarə haqqının gecikdirilməsinə görə 457,47 manat, 2021-ci ilin iyun ayının icarə haqqının gecikdirilməsinə görə 406,64 manat, 2021-ci ilin iyul ayının icarə haqqının gecikdirilməsinə görə 355,81 manat, 2021-ci ilin avqust ayının icarə haqqının gecikdirilməsinə görə 304,98 manat, 2021-ci ilin sentyabr ayının icarə haqqının gecikdirilməsinə görə 254,15 manat, 2021-ci ilin oktyabr ayının icarə haqqının gecikdirilməsinə görə 203,32 manat, 2021-ci ilin noyabr ayının icarə haqqının gecikdirilməsinə görə 152,49 manat, 2021-ci ilin dekabr ayının icarə haqqının gecikdirilməsinə görə 101,66 manat və 2022-ci ilin yanvar ayının icarə haqqının gecikdirilməsinə görə 50,83 manat olmaqla, cəmi 9657,70 manat faiz ödənilməli olduğu müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində qismən təmin edilməli, cavabdehdən icarə haqqının gecikdirilməsinə görə hesablanmış 9657,70 manat faiz məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə ilk iddia tələbinin icarə premetinə daxil olan əmlaklara vurulmuş 100000 manat maddi ziyanın ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, ilk iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.3-ci maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. İşin tərəflər arasında mübahisələndirilməyən halından görünür ki, icarəyə verilmiş obyektdə yararsız vəziyyətə olan iki ədəd dolablar mülkiyyətçi, hazırki iş üzrə üçüncü şəxs X15 tərəfindən təmir edilmiş, yəni təmir üçün xərclər onun tərəfindən çəkilmişdir. Həmçinin, dolabların təmiri üçün çəkilmiş həmin xərc hazırki iş üzrə ilk İddiaçı tərəfindən Razil Məmmədova ödənilməmişdir. Ona görə də İddiaçı həmin məbləği Cavabdeh MMC-dən tələb etmək hüququ yoxdur. İddiaçı həmin xərclərin əvəzini Razil Məmmədova ödəmiş olsaydı, onun cavabdehə qarşı reqress qaydasında xərclərin ödənilməsi ilə bağlı tələbi haqlı sayıla bilərdi. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia tələbi icarə predmetinə daxil olan əmlaka vurulmuş 100000 manat ziyanın cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Həmçinin, məhkəmə ilk iddia tələbinin tərəflər arasında ikinci əldən bağlanan icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılması hissəsini araşdıraraq hesab edir ki, ilk iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, tərəflər arasında mübahisə 2020-ci ilin iyul ayından etibarən yaranmış, mübahisənin yaranmasının səbəbi iddiaçının və onun oğlunun cavabdeh tərəfindən işlə təmin edilməməsi, onlara əmək haqqının ödənilməməsi, daha sonra isə icarə obyekində yerləşən iki ədəd dolabın yararsız vəziyyətə düşməsi ilə bağlı olmuş, İddiaçı tərəfindən qaldırılmış iddianın əsasını ilkin olaraq məhz həmin hallar təşkil etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, icarə müqaviləsi ilə cavabdeh öz üzərinə iddiaçını və onun oğlunu işlə təmin edəcəyinə dair hər hansı öhdəlik götürməmişdir. Ona görə də bu hala əsaslanaraq, icarə müqaviləsinin ləğv edilməsini tələb etmək əsassızdır. İcarə obyekində yerləşən iki ədəd dolab isə sonradan mülkiyyətçi tərəfindən təmir edildiyinə görə, bu hal icarə müqaviləsinin ləğv edilməsinə deyil, dəymiş zərərin tələb edilməsi üçün əsas verir və yuxarıda qeyd edildiyi kimi həmin zərəri tələb etmək hüququ mülkiyyətçiyə aiddir. İddiaçı sonradan icarə haqqının da ödənilmədiyini əsas gətirərək müqavilənin ləğv edilməsini və cavabdehin icarə obyektindən çıxarılmasını tələb etsə də, məhkəmə hesab edir ki, bu hal müqavilənin ləğv edilməsinə əsas vermir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında ilkin mübahisə icarə haqqının vaxtında verilməməsinə görə yaranmamış, məhkəmə araşdırması davam etdiyinə görə cavabdeh icarə haqqının ödənilməsindən yayınmışdır və bu hal özlüyündə icarə müqaviləsinin ləğv edilməsi üçün əsas vermir. Müqavilənin qüvvədə olma müddəti isə 01.09.2024-cü il tarixdə başa çatır. Ona görə də məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılması hissəsində ilk iddia təmin edilməməlidir. Məhkəmə, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh MMC iddia tələbini İddiaçı tərəfindən qanunsuz hərəkətlər edilməsi nəticəsində, yəni məhkəmə prosesleri gedişində iddianın təmin tədbiri barədə ərizələr verərək, müəssisənin normal fəaliyyətinə mane olması və oradakı əmlakların üzərinə həbs qoyması nəticəsində maddi ziyana uğramaları ilə əsalandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, tərəflər arasında olan mübahisə yarandığına görə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə baxışı zamanı cavabdeh həmçinin icarə haqqının ödənilməsini gecikdirdiyinə görə iddiaçı iddianın həcminin artırılması barədə ərizələr verərək gecikdirilmiş icarə haqqı məbləğlərini tələb etmiş, eyni zamanda iddianın təmini tədbirlərinin görülməsinə dair ərizələr ilə məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərardadlarına əsasən cavabdehin icarəsində olan obyektdə ona məxsus əşyalar üzərinə həbs qoyulmuşdur. Bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı qanunla ona verilmiş prosessual hüquqlarından istifadə etməklə iddia irəli sürməsi, iddianın təmini tədbiri barədə ərizələr verməsi ilə bağlı hərəkətləri cavabdehə zərər vurulması kimi qiymətləndirilə bilməz. Çünki, məhkəmə ilk iddia tələbini icarə haqqı və ona hesablanmış faiz borcunun tutulması hissəsində əsaslı hesab etmiş, iddianın təmini tədbirləri də məhz əsas etibarı ilə icarə haqqı məbləğləri ödənilmədiyinə görə məhkəmənin qərardadları əsasında görülmüşdür. Ona görə də, müəssisənin fəaliyyəti ilə əlaqədar ona dəymiş zərərin ödənilməsi ilə bağlı hissələrdə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Bundan başqa, qarşılıqlı iddia tələbində icarə haqqı və ödəmə mənbəyində vergiyə görə 27816 manat pul cavabdehdən tələb edilmişdir. Məhkəmə, qarşılıqlı iddia tələbinin həmin hissəsini də əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 11-ci bəndində göstərilir ki, kommunal xidmətlərdən istifadəyə görə haqqlar, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında icarəyə verilmiş obyektdə olan iki ədəd dolabın mülkiyyətçi Razil Məmmədov tərəfindən söküldüyünü, tərəflər arasında mübahisənin də məhz bununla əlaqədar başladığını bildirsə də, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin isnad etdiyi halla bağlı onun tərəfindən təqdim edilmiş bir ədəd flaşdiskdə olan video çəkiliş məhkəmə iclasında tədqiq edilmişdir. Həmin videogörüntüdən görünür ki, icarəyə verilmiş obyektdə olan iki ədəd dolab ustalar tərəfindən sökülür. Həmin vaxt mülkiyyətçi Razil Məmmədov da orada olmuşdur. Lakin, Razil Məmmədov tərəfindən orada olan şəxslərə, o cümlədən təmiri həyata keçirən ustalara hər hansı formada göstəriş verilməsi görünmür. Bu hallar əlaqədar məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında bildirdi ki, əvvəllər "xxxx" MMC-də direktor müavini vəzifəsində işləmiş, 30.04.2021-ci il tarixdə işdən çıxmışdır. MMC-də yararsız vəziyyətə düşmüş iki ədəd dolabların təmir edilməsi üçün onlar tərəfindən usta çağırılmış, ustalar dolabları sökən zaman Razil Məmmədov da oraya gəlmişdir. Ona bildirildi ki, dolablar təmir üçün sökülür. Həmin vaxt o, Mirsaleh Ablikimə zəng etmiş, telefon danışığı aparmışdır. Telefon danışı zamanı Mirsaleh Ablikim özünün dolabları təmir etdirəcəyini bildirmişdir. O və digər işçilər tərəfindən imzalanmış 09.06.2020-ci il tarixli aktda qeyd edilir ki, guya sexin sahibi Razil Məmmədov ustaları gətirərək 2 ədəd barabanı sökmüşdür. Lakin, əsl həqiqətdə belə olmamışdır. Barabanları MMC-nin sifarişi əsasında dəvət edilmiş ustalar sökmüşdür, həmin vaxt Razil Məmmədov təsadüfən orada idi. Aktı imzalamasının səbəbi isə işini itirmək qorxusu olmuşdur. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında bildirdi ki, "xxxx" MMC-də iki ədəd dolab yararsız vəziyyətə düşmüşdür. Barabanları təmir etmək üçün MMC-nin əməkdaşları tərəfindən o, usta kimi çağırılmışdır. O, əvvəllər də Razil Məmmədov tərəfindən də, həmin müəssisəyə usta kimi çağırılmışdır. Lakin, həmin vaxt onu sexə Razil Məmmədov deyil, MMC-nin əməkdaşları çağırmış və zəhmət haqqını da onlar ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə qeyd edilən maddi hüquq normalarını rəhbər tutaraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq qeyd edir ki, 09.06.2020-ci il tarixdə icarə obyektində olan 2 ədəd dolab mülkiyyətçi Razil Məmmədov tərəfindən deyil, icarəçi Cavabdeh MMC-nin sifarişi əsasında çağırılmış ustalar tərəfindən sökülmüşdür. İddiaçı tərəfindən isə nə həmin vaxt , nə də ondan sonrakı dövrdə Cavabdeh MMC-yə qarşı heç bir mülki hüquq pozuntusu törədilməmiş, onun hər hansı qanunsuz hərəkəti nəticəsində Cavabdeh MMC-yə birbaşa və ya dolayı yolla zərər vurulmamışdır. Odur ki, sonuncunun icarəyə verilmiş obyektdə olan iki ədəd dolabın mülkiyyətçi Razil Məmmədov tərəfindən söküldüyünə əsaslanaraq, iddiaçıdan müəssisənin fəaliyyəti ilə əlaqədar ona dəymiş zərəri (real zərər və əldən çıxmış fayda) tələb etməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumları ilk iddia üzrə Cavabdeh MMC-yə aid edilməli və buna görə də ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə Cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Bununla yanaşı, ilk iddia üzrə iddia tələbi dolablara çəkilmiş xərcə dair hissədə təmin edilmədiyindən ilk iddia üzrə İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdehndən 244000 manat icarə haqqı və 9657,70 manat illik faiz məbləği olmaqla, cəmi 253657,70 manat (iki yüz əlli üç min altı yüz əlli yeddi manat yetmiş qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar