Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-218/2021 09.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “çardaq tikilisinin qismən sökülməsi” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pəncərənin bağlanılması və kanalizasiya quyusunun yerinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən inşa edilmiş çardağın Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq tərəfində yerləşən fərdi yaşayış evinə təbii günəş işığının düşəcəyi həddə sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq tərəfində mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evi vardır. Qeyd olunan fərdi yaşayış evinin tikintisi 2015-ci il tarixdə başa çatmışdır. Fərdi yaşayış evi tikilərkən evin sol tərəfi boş bir ərazi olmuşdur. Bir neçə il ərzində orada hər hansı tikinti işləri aparılmamışdır. Bu ilin əvvəllərində orada tikinti işləri aparılmağa başlanılmış, çox təəssüflər olsun ki, fərdi yaşayış evi tikən şəxslər onun orada bir neçə ay yaşamamağından sui-istifadə edərək sərhəd hasarının üzərində çardaq qaldıraraq 0,5 metr ərazidə onun ərazisinə keçmiş, nəticədə evinə təbii günəş işığının düşməsinə maneçilik törətmişdir. Cavabdehə bir neçə dəfə şifahi müraciət edərək çardağın tamamilə sökülməsini deyil, evinə günəş işığının düşəcəyi həddə çardağın yenidən konsturksiya edilməsini xahiş etsə də, bu heç bir nəticə verməmişdir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən və yaşadığı evin həyətinə baxan pəncərənin bağlanması, həmçinin yaşadığı evin darvazasının qarşısında quraşdırılmış kanalizasiya quyusunun yerinin dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 500 kv. m torpaq sahəsində yerləşən fərdi yaşayış evini etibarnamə əsasında X2 almış, özü 1-ci qrup əlil olmaqla Prezident təqaüdçüsüdür. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun qonşusudur. Qonşu kimi münasibətləri həmişə çox gözəl olmuş, aralarında hər hansı bir söz-söhbət olmamışdır. İddiaçı yaşadığı evi tikdirən zaman evinin pəncərələrini onun həyətinə baxan tərəfə qoydurmuş, həmin vaxt qonşu ilə münasibətləri korlamamağı, özü tərəfdə çardaq düzəltməyi və həyətin görünməməsi üçün qarşısını poliplastik arakəsmə ilə bağlamağı düşünmüşdür. Həmçinin, İddiaçı kanalizasiya xətti çəkdirən zaman onun quyusunu düz onun qapısının qarşısında quraşdırmış, o da məcbur olub evinin darvazasını arxaya çəkmişdir ki, sözügedən quyu həyətindən çöldə qalsın. Buna baxmayaraq, yenə də qonşuluq xatirinə İddiaçı heç nə deməmiş, bu yaxınlarda özü tərəfdə çardaq düzəldərək fikirləşdiyi kimi hasarının içərisindən poliplastik arakəsmə ilə bağlamışdır ki, qonşunun evindən onun həyəti və evi görünməsin. Bundan sonra, qonşu tamamilə əsassız olaraq arakəsmənin sökülməsini tələb etməyə başlamış, hazırda isə bu iddia ilə onu məhkəməyə vermişdir. Hesab edir ki, belə olan halda İddiaçı məxsus evin onun həyətinə baxan pəncərələri də bağlanmalıdır. Həmçinin, ona məxsus evin darvazasının qarşısında quraşdırılmış kanalizasiya quyusunun yeri də dəyişdirilməlidir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X7 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı evdə olmamasından istifadə edərək iddiaçının evinin pəncərəsinin qarşısında çardaq inşa etmiş və evinin pəncərələrindən düşən təbii günəş işığının qarşısını almışdır. Cavabdeh tikdirdiyi tikili qanunsuz tikili olmaqla heç bir hüquqi sənədi yoxdur. Odur ki, ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi X8 ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh tərəfindən inşa olunmuş çardağın heç bir şeyə maneçiliyi yoxdur. Əksinə, İddiaçı məxsus evin pəncərələri Cavabdeh həyətinə baxır. Bu hal isə yol verilməzdir. Çünki, bunun nəticəsində onlar öz evlərində və həyətlərində rahat ola bilmirlər. Ətrafdakı tikililərin heç birində qonşunun pəncərəsi digərinin həyətinə baxmır. İddiaçı özü bu qaydadan kənara çıxaraq pəncərəsini onların həyətinə tərəf açdığından məcbur olub çardaq inşa etmişlər ki, evə və həyət görünməsin. Qonşunun evinə və həyətinə pəncərənin açılması milli mentalitetə də ziddir. Bunun qarşısını almaq məqsədilə Cavabdeh şəffaf plastikdən çardağın kənarlarını düzəltdirmişdir və həmin arakəsmə təbii günəş işığının qarşısını almır. İddiaçı evinin pəncələrini qonşunun həyətinə yox, başqa istiqamətə açsa idi, belə vəziyyət yaranmazdı. Bunun üçün real şərait və imkan da var. İddiaçı məxsus kanalizasiya quyusu da Cavabdeh öz həyətindən normal istifadə etməsinə mane olur. Əgər onun çardağının hündürlüyü aşağı salınırsa, o zaman İddiaçı də pəncərələrini bağlamalıdır. Odur ki, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2013-cü il tarixli, 655 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 500,0 kv. m torpaq sahəsində X6 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsinə qərar verilmişdir. İş materiallarına əlavə edilmiş 26 noyabr 2010-cu il tarixli 7E-13569 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X1 Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2013-cü il tarixli, 655 nömrəli sərəncamına əsasən ona ayrılmış, Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində 500,0 kv. m torpaq sahəsinə və torpaq sahəsində inşa ediləcək tikililərə dair sərəncam verməyi, sənədləşmə işlərini aparmağı və s. Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə olunmuş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq tərəfi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15 sentyabr 2016-cı il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonun şimal-şərq hissəsində yerləşən fərdi yaşayış evinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün Texniki Şərtlərin verilməsi barədə İddiaçı müraciətinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən texniki şərtlər hazırlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, şimal-şərq tərəfdə yerləşən torpaq sahəsində çardaq tikilisinə dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, çardaq tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən palanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1-ci və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Cavabdeh tərəfindən inşa edilmiş çardaq tikilisinin hündürlüyünün təqribən 6,70 m, uzunluğunun təqribən 11 m olduğu və 1,60 m ara məsafəsində inşa olduğunu nəzərə alaraq, İddiaçı məxsus fərdi yaşayış evinin təbii işıqlandırılmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Cavabdeh tərəfindən inşa edilmiş çardaq tikilisinin konstruksiyasının hündürlüyü təqribən 2,0-2,50 m aşağı səviyyəyə endirilməklə İddiaçı məxsus olan fərdi yaşayış evinin 2-ci mərtəbə səviyyəsində yerləşən yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısının alınması aradan qaldırıla bilər. Tikinti norma və qaydalarında yaşayış evlərinin pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı normativ tələblər olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır. İddiaçı məxsus fərdi yaşayış evinin Cavabdeh istifadə etdiyi torpaq sahəsinə baxan pəncərələrin tikinti norma və qaydaları (texniki pasport üzrə 4 saylı tikilinin yaşayış otağının) başqa yerə istiqamətə köçürülməsi mümkündür. Lakin texniki pasportun məlumatlarında göstərilən 5 saylı tikilinin (yaşayış otağının) pəncərəsinin tikinti norma və qaydalarına uyğun şəkildə başqa istiqamətə köçürülməsinin mümkün olmadığı müəyyən edilir. Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq tərəf ünvanında yerləşən mübahisəli kanalizasiya quyusunu üstü bağlı olduğundan və küçədə yerləşdiyini nəzərə alaraq, Cavabdeh istifadə etdiyi torpaq sahəsinə hər hansı ziyan vurmadığı və ya torpaq sahəsinin istifadəsinə maneə yaratmadığı müəyyən edilir. Qeyd olunur ki, kanalizasiya quyusunun yerinin dəyişdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarından icazələr (Azərsu texniki Şərtlər) aldıqdan sonra mümkündür. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi Amid Əliyev tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 194 nömrəli rəydən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq tərəfdə yerləşən, Cavabdeh istifadəsində olan torpaq sahəsində çardaq tikilisinin inşasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, çardaq tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Mübahisəli çardaq tikilisinin hündürlüyünün 7.22 m, uzunluğunun təqribən 11 m olduğunu və eləcə də, 1,60 m ara məsafəsində inşa olunduğunu nəzərə alaraq, həmin çardaq tikilisinin İddiaçı məxsus olan fərdi yaşayış evinin təbii işıqlandırılmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Mübahisəli çardaq tikilisinin konstruksiyasının hündürlüyü təqribən 2,0-2,50 m aşağı səviyyəyə endirilməklə İddiaçı məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbə səviyyəsində yerləşən yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısının alınması aradan qaldırıla bilər. Tikinti norma və qaydalarında yaşayış evlərinin pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı normativ tələblər olmadığından bu sual üzrə tədqiqat aparılmamış, İddiaçı məxsus fərdi yaşayış evinin Cavabdeh istifadə etdiyi istifadə etdiyi torpaq sahəsinə baxan pəncərələrin tikinti norma və qaydaları (texniki pasport üzrə 4 saylı tikilinin yaşayış otağının) başqa yerə istiqamətə köçürülməsi mümkündür. Lakin texniki pasportun məlumatlarında göstərilən 5 saylı tikilinin (yaşayış otağının) pəncərəsinin tikinti norma və qaydalarına uyğun şəkildə başqa istiqamətə köçürülməsinin mümkün olmadığı müəyyən edilir. Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq tərəf ünvanında yerləşən mübahisəli kanalizasiya quyusunu üstü bağlı olduğundan və küçədə yerləşdiyini nəzərə alaraq, Cavabdeh istifadə etdiyi torpaq sahəsinə hər hansı ziyan vurmadığı və ya torpaq sahəsinin istifadəsinə maneə yaratmadığı müəyyən edilir. Qeyd olunur ki, kanalizasiya quyusunun yerinin dəyişdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarından icazələr (Azərsu texniki Şərtlər) aldıqdan sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq tərəfində yerləşən fərdi yaşayış evi ilk iddia üzrə İddiaçı mülkiyyətindədir. İlk iddia üzrə Cavabdeh tərəfindən tikilmiş çardaq tikilisinin hündürlüyü 7.22 m, uzunluğu təqribən 11, metrdir və eləcə də, tikili 1,60 m ara məsafəsində inşa olunduğundan həmin çardaq tikilisi İddiaçı məxsus olan fərdi yaşayış evinin təbii işıqlandırılmasına mənfi təsir göstərir. Ekspert və mütəxəssis rəyində də həmin hal öz təsdiqini tapmışdır. Mübahisəli çardaq tikilisinin konstruksiyasının hündürlüyü təqribən 2,0-2,50 m aşağı səviyəyə endirilməklə İddiaçı məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbə səviyyəsində yerləşən yaşayış otaqlarına düşən təbii işıqlanmanın qarşısının alınması mümkündür. Odur ki, ilk iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq tərəfində yerləşən fərdi yaşayış evinin sərhəd hasarında Cavabdeh istifadəsində olan torpaq sahəsində tikilmiş çardaq tikilisinin konstruksiyasının hündürlüyü 2 m aşağı səviyyəyə endirilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbinin kanalizasiya quyusunun yerinin dəyişdirilməsinə münasibət bildirərək qeyd edir ki, ekspert və mütəxəssis rəyindən də göründüyü kimi, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq tərəf ünvanında yerləşən mübahisəli kanalizasiya quyusunu üstü bağlı olduğundan və küçədə yerləşdiyindən Cavabdeh istifadə etdiyi torpaq sahəsinə hər hansı ziyan vurmur, torpaq sahəsinin istifadəsinə maneə yaratmır. Məhkəmə qarşılıqlı iddia tələbinin ilk iddia üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən pəncərələrin bağlanmasına münasibət bildirərək qeyd edir ki, tikinti norma və qaydalarda yaşayış evlərinin pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı normativ tələblər yoxdur. Pəncərələrin qonşu torpaq sahələrinə açılması ilə bağlı hər hansı qadağanedici normativ tələb olmadığından digər tərəfi pəncərələri müəyyən istiqamətə açmağa məcbur etmək yolverilməzdir. Eləcə də kanalizasiya quyusu qarşılıqlı iddia üzrə iddiaçıya maneə yaratmadığından həmin quyunun yerinin dəyişdirilməsi üçün əsas yoxdur. O da qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və eləcə də həmin torpaq sahəsində tikilən çardaq tikilisi müvafiq icazə sənədləri olmadan tikilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas yoxdur. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri olan 100 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul ilk iddia üzrə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimalşərq tərəfində yerləşən fərdi yaşayış evinin sərhəd hasarında Cavabdeh istifadəsində olan torpaq sahəsində tikilmiş çardaq tikilisinin konstruksiyasının hündürlüyü 2 (iki) metr aşağı səviyyəyə endirilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul ilk iddia üzrə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-218/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-218/2021
09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver