Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2185/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli, 115 nömrəli sərəncamının ləğv edilərək, X1 onların qəyyumluğuna verilməsi barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli, 115 nömrəli sərəncamının ləğv edilərək, X1 onların qəyyumluğuna verilməsi barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1.-ci maddəsinin tələbinə görə Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Həmin Məcəllənin 38.2.-ci maddəsinə əsasən Qəyyumluqda olan müvafiq sosial xidmət müəssisələrinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini, əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir. Ailə Məcəlləsinin 57.3.-cü maddəsinə əsasən uşağın qəyyumu ilə yetkinlik yaşına çatmayan valideynlər arasındakı narazılıq qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Ailə Məcəlləsinin 72.1.-ci maddəsinə əsasən Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq dilməsi barədə 6 mart 2000-ci il tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göstərilən maddi hüquq normaların tələbindən görünür ki, qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluğa ehtiyacı olan şəxsə qəyyum təyin edir, qəyyumun təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu əgər bu, qəyyumluqda olanın mənafeyinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir. Göründüyü kimi qəyyumun təyin edilməsi və qəyyumun azad edilməsi Qəyyumluq və himayəçilik orqanın səlahiyyətindədir. İşin faktiki halları ilə müəyyən olunur ki, X3 nəvəsi X2 qəyyum təyin edilməsinə əsas Gəncə şəhər İcra Başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 11 dekabr 2020-ci il tarixli qərarı olmuşdur. İddiaçıların hüquqi marağı bundan ibarətdir ki, X1 onların qəyyumluğuna verilsin. Lakin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi yoxlanarkən müəyyən edilmişdir ki, iddia tələbində qeyri-müəyyənlik olmaqla, bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilməklə, cavabdehə yönələn tələb göstərilməmişdir. Belə ki, iddiaçılar tələblərində Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsini tələb etmələrinə baxmayaraq, cavabdeh olaraq Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını göstərmişlər. Həmçinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı mübahisələndirilməməklə yanaşı, verilmiş tələbin Qəyyumluq və Himayəçilik Komissiyasına yönəlməsini müəyyən etmək mümkün deyildir. Bundan əlavə qanunvericiliyin tələbində, bir şəxsə bir qəyyum təyin edilə biləcəyi göstərildiyi halda, İddiaçı1 və İddiaçı2 birlikdə bir iddia tələbi ilə məhkəməyə müraciət edərək, X1 onların qəyyumluğuna verilməsini xahiş etməklə iki tələbi birləşdirməklə tələbdə qeyri-müəyyənlik yaratmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3 və 149.2.2.-ci maddələrinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli, 115 nömrəli sərəncamının ləğv edilərək, X1 onların qəyyumluğuna verilməsi barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-2185/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2185/2021
04.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver