Məhkəmə qərarları › İş №2(043)-233/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-233/2021

27.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-233/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, vəkili X4, Cavabdeh vəkili X1, iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kəpəz Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər Kəpəz rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı səkidə tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Kəpəz rayon İcra Hakimiyyətinə və Maraqlı şəxs2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun evinin 10 santımetrliyində tikdiyi qeyri-yaşayış binasının sökülməsinə (uçurulmasına) dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, izahatında göstərdi ki, Cavabdeh 3- 4 il bundan qabaq özbaşınalıqdan istifadə edərək yol səkisində, yamyaşıl ağacları qırıb, məhv edərək səkinin bütün 6,3 metr eni boyu, onun evinin isə 10 santmetrliyində qeyriyaşayış sahəsi tikdirmiş, avtomobil yolundan 1,2 metr enində kəsib, bu kəsiyi saxta səkiyə çevirib, ərazini eybəcər şəkilə salmışdır. Tikinti aparmaq üçün əsas Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının sərəncamı olmuşdur. Yol səkisində, yəni piyadalar üçün ayrılmış yolda, özü də üzərində 6 KV-luq yüksək gərginlikli hava elektrik xətti keçən yerdə əsaslı tikinti aparmaq olmaz. Digər tərəfdən, yol səkisi bələdiyyə mülkiyyətidir, rayon icra hakimiyyətləri bələdiyyə mülkiyyətində, özü də qanuni qaydada ayrılmamış torpaqda əsaslı tikintiyə icazə verməyə səlahiyyətli deyil. Yanğın təhlükəsi bir yana qalsın, həmin tikintidən axan sel-su onun evini də viran qoymuşdur. Həmin tikinti mövcud olan bütün müddətdə həm evini su basmağa davam edəcək, həm də yanğın təhlükəsi olacaqdır. Belə ki, elektrik xətlərini saxlayan dirəklərin ara məsafəsi bir qayda 30-35 m olduğu halda, qeyd edilən qanunsuz tikintini aparmaq üçün dirəklərin arasındakı məsafəni uzadıb (dirəyi daha uzun məsafədə basdırılıb) 50 metrə çatdırmışlar. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X6 çıxışında iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X3 çıxış edərək aparılan tikintinin bələdiyyə torpağına aid olmasını və həmin tikintinin iddiaçının hər hansı bir hüququnu pozmadığını, habelə cavavbdeh tərəfindən inşa olunmuş tikilidən iddiaçının evinə suyun axıdılmasının qeyri mümkün olduğunu göstərərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər Kəpəz Bələdiyyəsinin nümayəndəsi X5 göstərdi ki, iddiaçının mübahisələndirdiyi tikilinin yerləşdiyi torpaq sahəsi Kəpəz Bələdiyyəsinə aid torpaq sahsidir. Sözügedən tikili qanunvericiliyin tələblərinə uyğun olaraq inşa edilmişdir. İşin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kəpəz rayon İcra Hakimiyyətinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kəpəz rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin baş dövlət tikinti müfəttişliyi Qərb regional tikinti müfəttişliyinin əməkdaşları tərəfindən tərtib olunmuş, 18.09.2018-ci il tarixli aktdan görünür ki, inşa olunmuş qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25, mənzil 6-da yaşayan Cavabdeh məxsusdur. Gəncə şəhəri, ünvan 2 ünvanda qeyri-yaşayış sahəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin tikintisi Gəncə ŞİH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq olunmuş sxematik plana uyğun inşa olunmuşdur. Binanın ölçüləri 6.1x19.6 m olmaqla 1 mərtəbəli düzbucaqlı formadadır. Bünövrə, sütun-rigellər və örtük monolit betondandir. Obyektə istismara hazırlıq aktı alınmadan Gəncə şəhər Kəpəz RİH başçısının imzası ilə 36 saylı 29.12.2017-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Qeyri-yaşayış sahəsinin 1,5 metrliyində hasara alınmış elektrik transformatoru yerləşir. Qeyri-yaşayış sahəsinin üzərindən 6 kV-luq yüksək gərginlikli hava elektrik xətti keçir. Ayrılmış torpaq sahəsi müvafiq qurumlar tərəfindən razılaşdırılmamışdır və obyektin tikintisinə icazə verilməsi haqqında sənədi yoxdur. Yeni tikilmiş bina ilə İddiaçı məxsus yaşayış evinin arası 0,1 m təşkil edir və hər iki divar kor divardır. İddiaçı məxsus yaşayış evinin yan tərəfində abunə baxış kanalizasiya quyusu inşa olunub. Yeni tikilinin və İddiaçı evinin yağış və çirkab suları orada cəmləşərək əsas kanalizasiya xəttinə axıdılır. İddiaçı məxsus yaşayış evinin zirzəmisinə baxış zamanı zirzəmi “divarının” bir hissəsinin nəm çəkdiyi müəyyən olunmuşur Qeyri-yaşayış sahəsinin uzunluq boyu yol səkisi mövcuddur və eni 1.2-1.3 m təşkil edir. “Gəncə Sukanal” TSC-nin “xxxx” ASC-nin “xxxx” MMC-yə ünvanladığı məktuba əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin altından magistral çirkab su borusu keçmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 10/3869 nömrəli rəyindən görünür ki, ********** qeydiyyat nömrəli çıxarış üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qonşu sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binasından iddiaçının mülkiyyətində olan evə suyun sızmadığı müəyyən edilmişdir. 26 aprel 2021-ci il tarixdə mübahisəli obyektə yerində baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ilə İ.Əliyev küçəsinin kəsişməsində İddiaçı məxsus evin arxa tərəfində Ü.Hacıbəyov küçəsi 25 ünvanda inşa olunmuşdur. Cavabdehə məxsus həmin qeyri yaşayış tikintisinin dam örtüyündən axan qrunt suyu Üzeyr Hacıbəyov küçəsi istiqamətinə axmaqla İddiaçı məxsus yaşayış evinin arxa tərəfində olan və obyektə yaxın ümumi kanalizasiya quyusuna axıdılır. İddiaçıya məxsus ev isə İ.Əliyev küçəsində yerləşməklə evin giriş-çıxış qapısı İ.Əliyev küçəsinə açılır. İddiaçı evinin dam örtüyündən axıdılan qrunt suyu da evinin arxasından çəkilən boru vasitəsi ilə ümumi kanalizasiya quyusuna axıdılır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi qeyri sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə həmin tikinti Ü.Hacıbəyov küçəsində inşa edilmişdir. İddiaçının mülkiyətində olan ev isə İ.Əliyev küçəsində yerləşməklə evinin giriş-çıxış qapısı məhz İ.Əliyev küçəsinə açılır. Həmin qeyri yaşayış sahəsi iddiaçının evinin arxa tərəfində inşa olunmaqla iddiaçının öz mülkiyyətindən istifadə etməsinə hər hansı bir maneçilik törətmir. Bununla belə həmin tikilinin səkidə tikilməsinə nəzarət müvfiq dövlət orqanlarının səlahiyətinə aid olmaqla iddiaçının bunu mübahisələndirməyə səlahiyyəti olmamışdır. İddiaçının mübahisələndirdiyi qeyri yaşayış sahəsinin yüksək gərginlikli elektrik xəttinin altında inşa edilməsinə gəldikdə isə yerli baxış zamanı müəyyən edilmişdir ki, məhz iddiaçının mülkiyyətində olan evin obyektə bitişik bir hissəsi də yüksək gərginlikli elektrik xəttinin altına aiddir. Mübahisələndirilin obyektdən axıdılan suyun iddaçının evinə axmasına gəldikdə isə ekspert rəyi ilə qeyri-yaşayış binasından iddiaçının mülkiyyətində olan evə suyun sızmadığı müəyyən edilmişdir.Bununla yanaşı yerli baxış zamanı da qeyri-yaşayış binasından iddiaçının mülkiyyətində olan evə suyun axmasının mümkünsüz olduğu müəyyən edilmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi "Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların "de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Lakin işin hazırki vəziyyətindən görünür ki, iddiaçının mülkiyyət hüququ olsa da mülkiyyətindən dinc istifadə olunmasına cavabdeh tərəfindən hər hansı bir maneçilik törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Kəpəz rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı cavabdeh tərəfindən evinin 10 santımetrliyində tikdiyi qeyri-yaşayış binasının sökülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Kəpəz rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı cavabdeh tərəfindən evinin 10 santımetrliyində tikdiyi qeyri-yaşayış binasının sökülməsi tələbinə dair iddiası əsassız olduğundan rədd olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar