Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2396/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 7000 manat maddi zərərin, 20000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin noyabr ayında kirayədə yaşadığı üçün özünə mənzil almaq istəmişdir. O zaman mənzillərin alqı-satqısı ilə məşğul olan Xəyal Novruzov ilə tanış olmuşdur. Onun vasitəsi ilə cavabdeh ilə tanış olmuşdur. Cavabdeh əvvəlcədən Xəyala mərhumə anasının adında qalan iki otaqlı mənzil olması barədə məlumat vermiş və mənzili əşyaları ilə birgə 7000 manata satacağını demişdir. O, cavabdehlə və Xəyalla görüşmüş, 7000 manata razılaşmış və mənzil açarları ilə birlikdə akt imzalanaraq ona verilmişdir. Lakin, o, sonra başa düşmüşdür ki, hərbi mənzillərin özəlləşdirilməsi və hüquqi sənədi almaq mümkün deyil. Sonra o, cavabdehdən 7000 manatı geri istəmişdir. Lakin, cavabdeh anasını dəfn etdiyi üçün ona mənzili satdığını və mərhumə anasının yasına xərcləməsini demiş və onun pulunu verməkdən imtina etmişdir. Belə olan halda məcbur qalıb 102 Polis Xidmətinə şikayət etmişdir. Bu barədə Gəncə şəhər Nizami RPİ-n TB təhqiqatçısı polis mayoru X1 icraatında olan HK-1/828 nömrəli material araşdırılmışdır. Polisdə cavabdeh ondan mənzilin satılması üçün hissə ilə bir dəfə 2000, bir dəfə də 5000 manat olmaqla, cəmi 7000 manat pulu almasını və bu barədə notariusda akta imza etməsini etiraf etmişdir. Polisdə məlum olmuşdur ki, bu mənzildə əvvəl yaşamış Nurlananın anası qərarda qeyd olunduğu kimi vəfatından sonra mənzil bir müddət boş qalmışdır. 2 saylı MİS tərəfindən məlumat verilmişdir ki, mənzilin əsyalarıda 2 saylı MİS-n saxlama yerində saxlanmışdır. Sonra həmin mənzilə Müdafiə Nazirliyi tərəfindən hərbiçi ailəsi yerləşdirilmişdir. Çünki, həmin bina və mənzil Müdafiə Nazirliyinin balansındadır və 2 nömrəli MİS-də qeydiyyatdadır. O, cavabdehin üzündən həm mənzildən, həmdə əmlakından (pulundan) məhrum olmuşdur. Cavabdehin üzündən qohum-tanış və iş yoldaşlarının içində rüsvay olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında mənzilə dair şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin razılaşmaya əsasən o, ünvan 1 ünvanday yerləşən mənzili 7000 manata iddiaçıya satmış, iddiaçı həmin məbləği ona ödəmişdir. İddiaçı bu müqaviləni bağlamağa heç bir məcbur etməmiş, iddiaçı mənzili alarkən dövlətin balansında olduğunu bilmişdir. İddiaçıdan aldığı 7000 manat pulu anasının yas mərasiminə xərclədiyi üçün qaytara bilmir. Onun hal-hazırda maddi imkanı yoxdur. Evi başqa birinə satıb iddiaçının pulunu qaytara bilər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 dekabr 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh və İddiaçı heç bir hüquqi sənədi olmayan ünvan 2 ünvanda yerləşən mənzilin sonuncuya 7000 manat məbləğinə satılmasına razılığa gəlmişlər, göstərilən məbləğ alıcı İddiaçı tərəfindən satıcı Cavabdeh ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2 saylı Mənzil- İstismar sahəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 240 saylı arayışdan görünür ki, 102 saylı Hərbi şəhərcikdə yerləşən 1 nömrəli bina 1995-ci ildən Gəncə şəhər Mənzil-İstismar Hissəsinin balansındadır. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 13 may 2021ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti üzrə toplanmış material üzrə Cavabdeh izahatında bildirmişdir ki, Adilə ilə aralarında şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin razılaşmaya əsasən o, ünvan 1 ünvanda yerləşən mənzili 7000 manata Adiləyə satmışdır. Adilə 2000 manatı az-az Xəyala vermiş və Xəyal da gətirib ona vermişdir. 2020-ci ilin dekabrın 2-də öz razılıqları ilə akt tərtib etmişlər, Adilə ona 5000 manat pulunu da vermiş, aktı imzalamışlar, həmin vaxtı da təkrarən Adiləyə evin heç bir sənədi olmadığını, sonra gəlib bu barədə onunla mübahisə aparmamasını demişdir . Bundan təxminən 4 ay sonra Adilə ona zəng edərək evin sənədlərini düzəldə bilmədiyini, ya kömək etməsini və yada ki, pulunu qaytarmasını demişdir. O, da Adiləyə evi alanda xəbərdarlıq etdiyini, hərbiçi olmasa öz adına keçirə bilməyəcəyini demişdir. O, Adiləyə evi bir neçə əşya ilə birlikdə verdiyini, açarları özünə qaytarmasını, birlikdə gedib həmin evdə özünün yaşayıb pulunu qaytaracağını demişdir. Adilə onun anasının evini və əşyaları ilə birlikdə qaytarmır və o, da buna ona görə Adiləyə pulunu vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 02.12.2020-ci il tarixdə tərəflər arasında ünvan 2 ünvanda yerləşən mənzilin alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh qeyd edilən mənzili 7000 manat müqabilində iddiaçıya satmış və mənzili ona təhvil vermiş, bunun müqabilində isə iddiaçı cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 7000 manat məbləğində pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə əvvəla hesab edir ki, cavabdeh ünvan 2 ünvanda yerləşən mənzilin mülkiyyətçisi olmadığından, o, həmin mənzilə dair sərəncam verilməsinə dair əqd bağlaya bilməzdi. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qeyd edilən mənzil Gəncə şəhər Mənzil-İstismar Hissəsinin balansındadır. Digər tərəfdən qeyd edilməlidir ki, tərəflər arasında 02.12.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan mənzilin satıcısı qismində çıxış edən cavabdehin buna subyektiv hüququ olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə 7000 manat pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi 02.12.2020-ci il tarixli aktla yanaşı, cavabdehin Nizami Rayon Polis İdarəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatları ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən mənzilin alınmasına görə cavabdehə 7000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalı, 7000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın mənəvi ziyana görə tələb edilən pul məbləği ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin tələb edilməsi üçün əvvəla ona qarşı qanunsuz hərəkət və ya hərəkətsizlik törədilmiş olmalıdır. Hazırki işin faktiki hallarından isə görünür ki, mənzilin alqı-satqısına dair təklif ilk öncə iddiaçıdan gəlmiş və cavabdeh onun təklifi ilə razılaşaraq mənzili qeyri-rəsmi şəkildə iddiaçıya satmışdır. Cavabdeh mənzili iddiaçıya satarkən onu aldatmamış, onu mənzili almasına dair hər hansı formada məcbur etməmiş, mənzilin dövlətin balansında olduğunu ona demiş və iddiaçı bununla razılaşaraq 7000 manat pulu cavabdehə verməklə mənzili təhvil almışdır. Belə olan vəziyyətdə iddia etmək olmaz ki, qanuna uyğun olmayan formada tərəflər arasında bağlanmış mənzilin alqı-satqısına dair razılaşma təkcə cavabdehin hərəkətləri nəticəsində baş vermişdir və cavabdeh buna görə iddiaçıya mənəvi zərər ödəməlidir. İddiaçı mənzili alarkən mənzilin dövlətin mülkiyyətində olduğunu, cavabdehin əslində mənzilə dair sərəncam vermək hüququnun olmadığını bilmiş, buna baxmayaraq cavabdehlə bu barədə razılaşma əldə edərək pul verməklə mənzili ondan təhvil almışdır. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, iddiaçı məhz bu razılaşma nəticəsində mənəvi sarsıntı və ya iztirab keçirməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 8 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 8 (səkkiz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2396/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2396/2021
02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver