Məhkəmə qərarları › İş №2(043)-2544/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2544/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2544/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1180 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1210 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11.11.2019-cu il tarixdə, saat 14:30 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində, Cavabdeh, hazırda ləğvetmə prossesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Mercedes minik markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş və nəticədə X3 məxsus olan, VAZ 21093 minik markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Gəncə şəhər BPİ-nin DYPŞ-nin inzibati xəta haqqında protokoluna əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və onun barəsində 12.11.2019-cu il tarixdə, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında Qərar" qəbul olunmuşdur. Hazırkı iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki. VAZ 21093 minik markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1180 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 11.12.2019-cu il tarixli, İC AA 5877/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X3 məxsus olan VAZ 21093 minik markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 18.12.2019-cu ildə 1180 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin nümayəndəsi Habil İsgəndərov məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, sığorta şirkətinin iddiada göstərilən pul məbləğini ondan tələb etməsi əsassızdır. Belə ki, əvvəla hadisənin üzərindən iki ilə yaxın müddət keçmiş və hadisəyə görə o, inzibati qaydada cərimə ödəmişdir. Bundan başqa, hesab edir ki, “VAZ2109” markalı avtomobilə dəymiş zərərin məbləği həddindən artıq çox göstərilmişdir. Həmin avtomobilə 1180 manat məbləğində zərər dəyməsi mümkün deyildir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan 26.11.2018-ci il tarixli, PST********** saylı İcbari Sığorta şəhdətnaməsinə dair məlumatdan görünür ki, «Mercedes» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 26.11.2019-cu il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan AA seriyalı, 499079 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes» minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. İş materiallarında olan AA seriyalı, 154694 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ-21093” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X7 tərəfindən «VAZ- 21093” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək hüququ daxil olmaqla, bütün hərəkətlərin edilməsi X3 etibar edilmişdir. İş materiallarında olan “Yol nəqliyyat hadisəsinə dair ərizə”dən, sığorta aktından, inzibai xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, 11.11.2019-cu il tarixdə, saat 14:30 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində, Cavabdeh etibarnamə olmadan idarə etdiyi Mercedes minik markalı, **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə X2 idarə etdiyi VAZ 21093 minik markalı, ** BC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan 12.11.2019-cu il tarixli, TYP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 11.11.2019-cu il tarixdə, saat 14:30 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində baş vermiş hadisə zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə və əks istiqamətli hərəkət zolağına manevr etməyə görə İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Əmlaka dair qiymətləndirmə aktı”ndan görünür ki, «VAZ-21093” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin qiyməti 635 manat, təmir işlərinin dəyəri 545 manat olmaqla, avtomobilə dəymiş ümumi ziyan 1180 manat hesablanmışdır. İş materiallarında olan sığorta aktının və ödəniş tapşırığın surətindən görünür ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən «VAZ-21093” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə həmin avtomobilin sahibi X3 1180 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə, həmin Məcəllənin 332.1-ci maddəsində isə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar müəyyən edildi ki, 11.11.2019-cu il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində Cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunan “Mercedes” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 21093” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Cavabdehin barəsində inzibati xəta haqqında icraat aparılmış və cavabdeh həm hadisənin baş verməsində təqsirli olduğuna, həm də nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilmişdir. LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən “VAZ 21093” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibinə 1180 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan və nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş 1180 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1180 (min yüz səksən) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar