Məhkəmə qərarları › İş №2(043)-2642/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2642/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2642/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “subroqasiya hüququ üzrə sığorta ödənişinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 685 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun, cəmi 805,40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 iyun 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən mülki məsuliyyətin icbari sığortası üzrə sığortalanmış “VAZ-21723” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 30 iyul 2020-ci il tarixdə Gəncə şəhərində X4 tərəfindən idarə olunan “Opel Astra” markalı 20-EG 506 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə şəhər DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh1 hadisə yerini tərk etmişdir. Zərərçəkmiş şəxsin avtomobilinin zədələnməsi ilə bağlı sığortaçı tərəfindən 685 manat məbləğində sığorta ödənişi verilmişdir. “VAZ-21723” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, hadisə zamanı avtomobili Cavabdeh1 idarə etdiyindən zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı Cavabdeh2 məhkəməyə teleqramla müraciət edərək “VAZ-21723” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin iyul ayında satdığını, həmin avtomobilə aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 ilə Günay Sığorta ASC arasında “VAZ-21723” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə mülki məsuliyyətin icbari sığorta olunmasına dair 16.06.2020-ci il tarixdə bir il müddətinə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş AD seriyalı, 152805 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21723” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. İş materiallarına əlavə edilmiş AD seriyalı, 759264 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı 20-EG 506 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. İş materiallarında olan 30.07.2020-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol və həmin protokol əsasında qəbul edilmiş 30.07.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 30.07.2020-ci il tarixdə Cavabdeh1 “VAZ-21723” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərinin ərazisində idarə edərkən üfüqi nişanlanma xəttinin tələblərini pozaraq qarşı hərəkət zolağına çıxmış, və yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Cavabdeh1 baş vermiş hadisədə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Opel Astra” markalı 20-EG 506 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 685 manat təşkil edir. İş materiallarına əlavə edimiş 26.08.2020-ci il tarixli PGU-201823 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 685 manat məbləğində sığorta ödənişinin X1 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02.09.2020-ci il tarixli 58089 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 685 manat pul köçürülmüşdür. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 30 iyul 2020-ci il tarixdə Gəncə şəhəri ərazisində Cavabdeh1 tərəfindən idarə olunan “VAZ-21723” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil, yol hərəkət qaydasını pozaraq X1 idarə etdiyi “Opel Astra” markalı 20-EG 506 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Cavabdeh1 hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsiri bilinərək cərimə olunmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən “Opel Astra” markalı 20-EG 506 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 685 manat sığorta ödənişi ödənilmişdir. Zərərin vurulmasında təqsirkar Cavabdeh1 olduğuna və sonuncu hadisə yerindən yayındığına görə iddiaçının zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında Cavabdeh1 qarşı tələb hüququ yaranmışdır. İddiaçı eyni zamanda Cavabdeh2 da sığorta ödənişi məbləğinin müştərək qaydada tutulmasını tələb etmişdir. Məhkəmə həmin hissədə iddianı əsassız hesab edir. Belə ki, hazırkı sığorta müqaviləsi üzrə sığorta olunan məhz hadisənin törədilməsində təqsirli bilinmiş Cavabdeh1dur. İddiaçının tələbinin qanuni əsasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsi təşkil edir. Həmin maddədə isə subroqasiya hüququnun yalnız hadisənin törədilməsində təqsirli bilinən şəxsə qarşı yarandığı qeyd edilmişdir. Həmin qanunun 25.2-ci maddəsi də subroqasiya hüququnun avtomobilin mülkiyyətçisinə yönəlməsinə əsas vermir. Belə ki, bu maddədə subroqasiya hüququnun sığortalıya qarşı yönəlməsi imkanı nəzərdə tutulmuşdur. Halbuki hazırkı iş üzrə sığortalı da Cavabdeh1 özüdür. Bu baxımdan tələbin Cavabdeh2 münasibətdə təmin edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də Cavabdeh1 685 (altı yüz səksən beş) manat pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul da Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357-361-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında sığorta ödənişinin əvəzi qismində 685 (altı yüz səksən beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar