Məhkəmə qərarları › İş №2(043)-265/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-265/2021

04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-265/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 7000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı sahibkar olmaqla “SS” studiyasını (gözəllik salonunu) icarə əsasında işlədir. Cavabdeh isə saç düzəldən ustadır. xx.xx.2019cu ildə tərəflər 3M-3110 reyestrli podrat müqaviləsi (“Razılaşma”) bağlamışlar. Şərt belə olmuşdur ki, Cavabdeh ayı 600 manat olmaqla həmin salonda peşəsinə uyğun iş görməlidir. Ramiləyə bu başdan görəcəyi işin 1 illik haqqı olan 7000 manat verilmişdir. Cavabdeh məqsədi özgə əmlakını ələ keçirmək imiş, ona görə də müqavilə üzrə 7000 manatı nağd alandan sonra görünüş üçün, daha dəqiq desək, gələcəkdə əməlinin dələduzluq cinayəti kimi qiymətləndirilməməsi üçün iki həftə fəaliyyət göstərib, aradan çıxmışdır. İddiaçı cavabdehdən zərərə görə haqq tələb edilməsi barədə göstəriş verməmişdir. Onun tələbi yalnız cavabdehə iş görmək üçün nağd verdiyi 7000 manatdır. Buna görə də iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil izahat verərək bildirdi ki, İddiaçı sahibkar olmaqla “SS” studiyasını (gözəllik salonunu) icarə əsasında işlədir və bütün avadanlıqlar ona məxsusdur. Cavabdeh isə saç düzəldən ustadır. xx.xx.2019-cu ildə tərəflər 3M-3110 reyestrli podrat müqaviləsi (“Razılaşma”) bağlamışlar. Şərt belə olmuşdur ki, Cavabdeh ayı 600 manat olmaqla həmin salonda peşəsinə uyğun iş görməlidir. Ramiləyə bu başdan görəcəyi işin 1 illik haqqı olan 7000 manat iddiaçı tərəfindən pul verilmişdir. Cavabdeh 7000 manatı nağd olaraq almış və iki həftə fəaliyyət göstərib çıxıb getmişdir. xx.xx.2019-cu il tarixli razılaşma bağlanması ilə eyni vaxtda cavabdehə 7000 manat pul verilmiş, əlavə olaraq pulun verilməsi barədə sənəd tərtib edilməmiş və həmin razılaşma da göstərilən əmək müqaviləsi tərəflər arasında bağlanılmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə təqdim edəcəkləri əlavə sübutlarının olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Razılaşma”-nın 1-ci bəndində əsasən İddiaçı öhdəsinə götürür ki, Cavabdeh ilə bağladığı xx.xx.2019-cu il tarixli avadanlığın işlədilməsi ilə bağlı Cavabdeh 7000 (yeddi min) manat pul vəsaitini nağd şəkildə verir. Həmin razılaşmanın 2-ci bəndində Cavabdeh İddiaçı 7000 (yeddi min) manat pul vəsaitini nağd şəkildə qəbul edir. Həmin razılaşmanın 3-cü bəndində Cavabdeh öhdəsinə götürür ki, qeyd edilən əmək müqaviləsində nəzərdə tutulduğu kimi 1 (bir) il müddətindən tez xitam verərsə İddiaçı qəbul etdiyi 7000 (yeddi min) manat pul məbləğini kompensasiya şəklində İddiaçı qaytaracaq. Həmin razılaşmanın 4-cü bəndində tərəflər müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.3 və 324.4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mətnindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 404-cü maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Razılaşma” özlüyündə konsensual müqavilə olmaqla, əmlakın bir şəxsdən digərinə keçməsini, xidmət göstərilməsi və iş görülməsini əmələ gətirən münasibətləri tənzimləyir, gələcəkdə əsas müqavilə bağlanması barədə tərəflərin razılığını ifadə edir, gələcəkdə əmlakın verilməsi, xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsini tərəflər öhdələrinə götürürlər. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Razılaşma”-nın şərtlərində pulun verilməsi, tərəflər arasında əmək müqaviləsinin bağlanılması və əmək müqaviləsinə bir ildən tez xitam verilməsi göstərilmişdir. Məhkəmə tərəfindən mülki işə baxılarkən iddiaçı tərəfindən məhkəməyə həmin razılaşmaya uyğun olaraq tərəflər arasında əmək müqaviləsinin bağlanılmasını və bir ildən tez xitam verilməsini və pulun verilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə tərəflər arasında bağlanılmış razılaşmanın şərtlərini və iddia tələbinin dəlillərinin bir-birinə zidd və inandırıcı hesab etməyərək qeyd edir ki, iddiaçı iddia tələbinin dəlillərində Cavabdeh ayı 600 manat olmaqla ona məxsus salonda peşəsinə uyğun iş görməsi müqabilində 1 illik haqqı olan 7000 manat verdiyini bildirdiyi halda, tərəflər arasında bağlanılmış razılaşmada isə avadanlığın işlədilməsi ilə bağlı Cavabdeh 7000 (yeddi min) manat pul vəsaitinin nağd şəkildə verildiyinə isnad edilmişdir. Belə ki, iddiaçı tərəfindən avadanlığı işlədilməsi üçün cavabdehə verməklə yanaşı, pul da verməsi inandırıcı deyil. Həmçinin əmək haqqı olaraq pul verildiyini göstərməsinə baxmayaraq tərəflər arasında əmək müqaviləsinin olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iddia tələbinin xx.xx.2019-cu il tarixli “Razılaşma”-nın bağlanılması ilə eyni vaxtda İddiaçı tərəfindən Cavabdeh 7000 manat pulun verilməsi hissəsini də əsassız hesab edən qeyd edir ki, bu halı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməməklə yanaşı özlüyündə mövcudluğu inandırıcı deyildir. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160-cı maddəsinə əsasən depozit məbləğlərinin uçotu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi qaydada aparılır. Həmin təlimatın 160-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməli, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Tərəflər müqavilə ilə bağlı məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə ərizə ilə müraciət etdikdən sonra notarius, təsdiq etdiyi əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır, habelə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 42-1-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür və ərizəni daxil olan sənədlərin qeydə alınması kitabında qeydə alır. Notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə bank tərəfindən müəyyən edilmiş xidmət haqqını vəsaiti qəbul edəcək şəxs və ya onun nümayəndəsi ödəyir. Razılaşdırılmış pul məbləğinin depozit hesabına mədaxil edilməsi üçün alıcıya banka ünvanlanmış məktub verir və ödəniş tapşırığına əsasən depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı tərəfindən həmin vəsaitin hesabına ödənilməsi barədə bank qəbzi təqdim etdikdən sonra müqavilə təsdiq edilir. Pulu ödəmiş şəxsin xahişi ilə bu barədə qəbzin surəti təsdiq edilərək ona verilir. Müqavilə üzrə pul məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aşağı həddən az olduğu hallarda da notarius müvafiq notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin xahişi ilə həmin məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə tədbir görə bilər. Müqavilə rəsmiləşdirildikdə notarius depozit hesabına mədaxil edilmiş müqavilə məbləğinin götürülməsi üçün satıcıya müştərinin istəyindən asılı olaraq pul çeki və ya hesablaşma çeki (çek kitabçaları ilə notariusu müvafiq bank təmin edir) verir. Göstərilən işin düzgün və dəqiq qurulması üçün notariat ofisində depozit hesaba mədaxil və məxaric edilən məbləğin, həmçinin onun qalığının uçotu aparılır. Hər ay başa çatdıqda növbəti ayın birinci iş günü təsdiq edilmiş müqavilələr üzrə depozit hesabı vasitəsilə ödənilmiş məbləğlər barədə bank hesabından çıxarışla üzləşmə aparılır və rübdən sonra ayın 5-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçının cavabdehə pul verməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar