Məhkəmə qərarları › İş №2(043)-2652/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2652/2021

02.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2652/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka 1/3 hissədə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X4 miras qlamış, ünvan 1 ünvanda yerləşən 57 saylı mənzilə görə mirası qəbul etməsi faktının müəyyən edilməsi və miras mənzilin 1/3 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mübahisəli mənzil onun anası X7 məxsus olmuşdur. X2 14 dekabr 1994-cü ildə, anası X11 28 noyabr 2020-ci ildə vəfat etmişdir. X1, Cavabdeh1 və İddiaçı adlı üç övladı olmuşdur. Anası vəfat etdikdən sonra ondan ünvan 1 ünvanda yerləşən 57 saylı mənzil miras qalmışdır. Miras mənzili qardaşı Bəxtiyar orada yaşamaqla faktiki qəbul etmişdir. Qardaşı Mehman notariusa ərizə verərək mirasdan pay istədiyini bildirmişdir. O da notariat ofisinə 24 iyun 2021-ci il tarixdə ərizə verərək qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almaq istəmişdir. Gəncə “ASAN” Xidmət Mərkəzində notariat ofisinin notariusu qanunla nəzərdə tutulmuş müddəti ötürməsi ilə əlaqədar ona şəhadətnamə verməkdən imtina etmişdir. Lakin o, bununla razılaşmır, mərhum anası xəstə yatarkən ona qulluq etmişdir. Anası vəfat edərkən özünə məxsus qızıl əşyaları şifahi olaraq ona vəsiyyət etmiş, anasının ölümündən sonra həmin qızıl əşyaları götürərək onlara sahiblik etmişdir. Odur ki, anasının vərəsəsi kimi miras əmlaka mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 və X13 onun qardaşlarıdır. Anasının birinci növbədən başqa vərəsəsi yoxdur. O, güman etmişdir ki, anası vəfat etdikdən sonra ondan qalan miras əmlakın hamısı anası ilə birlikdə yaşamış qardaşı Bəxtiyara çatacaqdır. Digər qardaşı Mehman Bakı şəhərində yaşayır. Mehman analarının ölümündən sonra notariusa ərizə verərək miras əmlakda pay tələb etdiyindən o da miras əmlakdan öz payını tələb etmişdir. Anası sağlığında həmin mənzildə qardaşı Cavabdeh1 və onunla birlikdə yaşamışdır. Anasının vəfatından sonra da həmin mənzildə qardaşı Bəxtiyar öz ailəsi ilə birlikdə yaşamaqda davam etməkdədir. Özü isə ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Anası vəfat etməzdən əvvəl şifahi olaraq mənzilin üçünün arasında bölünməsini vəsiyyət etmişdir. Eyni zamanda öz qızıl-zinət əşyalarını da ona vəsiyyət etmiş, həmin qızıl zinət əşyalarını anası vəfat etdikdən sonra götürüb istifadə edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı onun bacısıdır. X15 28 noyabr 2020-ci il tarixdə koronavirusa yoluxma səbəbindən vəfat etmişdir. Anası vəfat edərkən mənzili hər üçünə vəsiyyət etmişdir. O və bacısı notariusa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə ərizə verməmişdir. Lakin qardaşları Mehman İbrahimov notariusa ərizə ilə müraciət edərək mirası qəbul etmişdir. O, anasının sağlığında anası ilə birlikdə anasına məxsus mənzildə yaşamış, hazırda da həmin mənzildə yaşamaqda və mənzili idarə etməkdə davam edir. Anası vəfat etdikdən sonra ona məxsus qızıl-zinət əşyalarını bacısı Mahirə götürüb istifadə etmişdir. Buna görə də miras əmlakın üçünün arasında bölünməsinə eitraz etmir. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X13 məhkəməyə yazılı etiraz təqdim edərək həm yazılı formada həm də şifahi formada iddia tələbinə etiraz edərək bildirmişdir ki, anası koronovirusdan vəfat etdiyindən öləcəyini özü də bilməmişdir. Onun müalicəsi koronovirusdan müalicə qaydalarına uyğun olaraq xəstəxanada aparılıb. Anasının heç bir vəsiyyəti olmayıb. Sadəcə bacısı Mahirə və qardaşı Bəxtiyar onun payının azalması üçün hazırkı iddianı irəli sürüblər. O, miras əmlakdan bacısına pay verilməsini qəbul etmir, çünki bacısı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etməmişdir. O isə anasının ölümündən sonra üç ay keçmədən notariat orqanına ərizə verməklə mirası qəbul etmişdir. Həmçinin qardaşı Bəxtiyar miras əmlakı anasının ölümündən sonra faktiki qəbul edib sahiblik və idarə etmişdir. Buna görə də miras əmlak onların ikisinin arasında bölünməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Zülfüqar Ağcayev məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə notariusun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 21308 reyestr nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ünvan 3 ünvanda yerləşən 57 saylı mənzil mülkiyyət hüququ əsasında X7 məxsus olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİ 110780 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 28 noyabr 2020-ci ildə Gəncə şəhərində COVİD-19 virusunun səbəb olduğu xəstəlikdən ölmüşdür. İş materiallarına əlavə olunmuş АЗ ******* saylı və АЗ ******* saylı doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, xx xxxxxxxx 1967-ci il tarixdə Gəncə şəhərində doğulmuş Cavabdeh1 və xx xxxxxx 1965-ci il tarixdə Gəncə şəhərində doğulmuş X5 X2, anası X8r. İş materiallarına əlavə edilmiş AZ-İİ 177073 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 14.12.1994-cü ildə Gəncə şəhərində hipertoniya xəstəliyindən ölmüşdür. İş materiallarına əlavə edilmiş ЖГ 372977 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 ilə X12 27 noyabr 1972-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra X9 Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Zülfiqar Ağcayev tərəfindən İddiaçı ünvanlanmış 24 iyun 2021-ci il tarixli 1855 saylı məktubdan görünür ki, İddiaçı mirasın qəbul edilməsi üçün müddəti ötürməsi ilə əlaqədar ona mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Məhkəmə mübahisə ilə əlaqədar olaraq öz mövqeyini aşağıdakı əsaslarla izah edir: Mübahisə işdə iştirak edən şəxslərin anasından mirasın qəbul edilməsi ilə bağlıdır. Mirasın qəbul edilməsi mirasqoyanın ölümündən sonra üç ay müddətində notariat kontoruna ərizə vermək və ya miras əmlaka sahiblik və faktiki idarə etmək yolu ilə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mümkündür. İddiaçı notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmişdir. Eyni zamanda iddiaçı miras əmlaka sahiblik etməsi və faktiki idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı miras mənzildə anasının ölümündən sonra qardaşı Cavabdeh1 yaşadığını və əmlakı idarə etdiyini, özünün isə həmin mənzildə yaşamadığını bildirmişdir. Bununla yanaşı iddiaçı anasının sağlığında özünün qızıl-zinət əşyalarını ona vəsiyyət etdiyini və anasının ölümündən sonra həmin əşyaları götürüb istifadə etdiyini bildirmişdir. İddiaçının bu əşyaları miras kimi qəbul etməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin əşyaların konkret hansı əşyalar olması, iddiaçının həmin əşyaları nə vaxt və hansı şəkildə əldə etməsi, bu əşyaların məhz mirasqoyana məxsus olması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlaka sahibliyi və miras əmlakı idarə etməsinin elə forması nəzərdə tutulur ki, bu zaman mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilir və heç kəsdə şübhə doğurmur. Hazırkı mülki iş üzrə isə iddiaçı mirası faktiki qəbul etməsini sübuta yetirə bilməmişdir. Buna görə də iddia əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar