Məhkəmə qərarları › İş №2(043)-276/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-276/2020

17.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-276/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdə olan payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanda yerləşən mülkün paylarına uyğun olaraq naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Yaqub Hacıyev küçəsində yerləşən 28 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 238/384 hissə ilə ona, 73/384 hissə ilə Cavabdeh1, 48/384 hissə ilə mərhum Cavabdeh2 və 25/384 hissə ilə Cavabdeh3 məxsusdur. Sözü gedən mülkün öz aralarında naturada bölünməsi barədə razılığa gələ bilmirlər. Ancaq evin naturada bölünməsini tələb edir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçının başqa yerdə evi vardır və evin naturada bölünməsi onun həmin evdən istifadə etməsini məhdudlaşdırır. Digər Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş:-Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 238/384 hissədə İddiaçı, 73/384 hissədə Cavabdeh1, 48/384 hissədə mərhum Cavabdeh2 və 25/384 hissədə Cavabdeh3 mülkiyyətindədir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 aprel 2020-ci il tarixli, 1719 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin tərəflərin 238/384, 73/384, 48/384 və 25/384 paylar nisbətində təcrid mənzillər şəklində dörd hissəyə bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətində olmaqla, 238/384 hissədə iddiaçıya, 73/384 hissədə Cavabdeh1, 48/384 hissədə mərhum Cavabdeh2 və 25/384 hissədə Cavabdeh3 məxsusdur. Azərbaycan Respubllikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin mübahisə olunmayan hallarından isə görünür ki, hazırki işdə payın real surətdə ayrıla bilməməsi mövcud olsa da iddiaçı öz payının dəyərini digər mülkiyyətçilərdən tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan payın naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan payın naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı Hı̇dayətov Akı̇f Seyı̇dəhməd oğlundan alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində x1 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar