Məhkəmə qərarları › İş №2(043)-2775/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2775/2021

18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2775/2021 18.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin 50 faizi miqdarında yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(043)- 2866/2020 saylı qətnaməsi ilə 21 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 1/4 hissəsi miqdarında tutulan alimentin 50 faiz məbləğində uşağın adına açılmış bank hesabına köçürməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək, izahatında göstərdi ki, tərəflər 28 aprel 2015-ci il tarixdə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 21 mart 2016-cı ildə İnci adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından 2018-ci ildən ayrılmışlar, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(043)-2866/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulmuş, 21 mart 2016-cı il təvəllüdlü İnci anasının yanında qalmış və yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. 09 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay iddiaçının qazancından 1700 manatdan artıq aliment tutularaq Cavabdeh xeyrinə ödənilir. Azyaşlı İncinin saxlanması üçün tutulan alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan on dəfədən artıqdır. Gələcəkdə yetkinlik yaşana çatmayan İncinin tam və hərtərəfli inkişafının (yüksək səviyyəli təhsil və s.) təmin olunması üçün iddiaçının qazancından tutulan alimentin 50 faizi miqdarında yetkinlik yaşana çatmayan X1 adına açılmış bank hesabına köçürülməsi azayşlının əmlak hüquqlarını pozmur və onun mənafeyinə zidd deyildir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə evli olan zaman iddiaçının maddi vəziyyəti yaxşı olmuş və övladını həmin maddi imkanları əsasında saxlamışlar. Hal-hazırda iddiaçının əmək haqqı azalmış və 800 manat aliment ödəyir. Ödənilən alimenti uşağın maddi ehtiyaclarının qarşılanmasında, təhsilində istifadə edir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(043)-2866/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, 21 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. X6 istimai birliyi tərəfindən verilmiş 06.04.2021-ci il tarixli 001/91 nömrəli arayışdan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(043)-2866 nömrəli icra sənədinə əsasən “X6” İctimai Birliyi İddiaçı qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimet tutaraq Cavabdeh ödəyir: 10.12.2020-ci il tarixdə 3452 manat (oktyabr və noyabr ayları üçün), 03.03.2021-ci il tarixdə 1737 manat (dekabr ayı üçün), 10.03.2021-ci il tarixdə 1725 manat (yanvar ayı üçün) və 06.04.2021-ci il tarixdə 1730,25 manat (fevral ayı üçün). Cəmi 8644,25 (səkkiz min altı yüz qırx dörd manat 25 qəpik) manat ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 55-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.(AM.mad.55.1,55.2,55.3) “Uşaq Hüquqları Haqqında”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Elsholzun işi ilə bağlı qərarında qeyd etmişdir ki,uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Cavabdeh ödənilən aliment məbləğinin uşağın maddi ehtiyaclarının qarşılanmasında və təhsilində istifadə etdiyini göstərsə də bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının ödədiyi alimentin məbləği uşaqlar üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə yüksək məbləğ olmaqla hazırki ödənilən alimentin məbləğinin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi uşağın mənafeyinə uğun olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(043)- 2866/2020 nömrəli qətnaməsi ilə 21 mart 2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının 1/4 hissəsi miqdarında tutulan alimentin məbləğinin 50 faizi azyaşlı X1 adına açılmış bank hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar