Məhkəmə qərarları › İş №2(043)-2781/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2781/2020

20.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2781/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mirasa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Həsən Əliyev küçəsi, 4 dalan, 4 saylı evin 2 saylı mənzilinə dair verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və həmin mirasa mülkiyyət hüququnu tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, mübahisə predmeti olan mənzil Kirovabad şəhər İcraiyyə Komitəsinin xx xxxxxxxx 1990-cı il tarixli 13 nömrəli protokolu əsasında 245 saylı orderlə X1 verilmişdir. Həmin mənzil Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 5 saylı MİS-in xx.xx.2013-cü il tarixli 1599 saylı arayışına əsasən Cavabdeh adına özəlləşdirilmişdir. İddiaçı həmin mənzildə qeydiyyatda olmuş, yaşamış və mənzilin orderində digər şəxslərlə yanaşı onun adı da qeyd edilmişdir. Hesab edir ki, özəlləşdirmə zamanı onun razılığı alınmadığı üçün özəlləşdirmə qanunsuz olmuşdur. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, işə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı dövlət mənzil fonduna daxil olan mənzilin Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsini tələb edir. İddiaçı bilavasitə özəlləşdirmənin qanunsuz olmasına istinad etməklə etibarsız sayılmasını tələb etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 31.1.4.-cü bəndində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanların sırasına aid edilmişdir. Qeyd olunan normalardan göründüyü kimi özəlləşdirmə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən qərar həmin inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan fəaliyyətindən irəli gəlir və inzibati akt hesab olunur. İddiaçının iddia ərizəsindəki mövqeyindən belə anlaşılır ki, o, mübahisəli əmlakın inzibati orqan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi) tərəfindən Cavabdeh adına özəlləşdirilməsini və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən bu əmlaka mülkiyyət hüququnun qeydə alınmasını qanunsuz hesab edir. Bu mübahisə mülki-hüquqi əqdlərdən yaranan mübahisə olmadığından mülki mühakimə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1 və 2.2.5-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2013cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən “inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: • ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; • ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mirasa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia ərizəsində göstərdiyi məsələ ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli olduğu izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar