Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2863/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız yaranmış aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu Cavabdeh qarşı “əsassız yaranmış aliment borcunun silinməsi” tələbi ilə məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin xeyrinə ondan tutulan alimentin bu günə toplanmış miqdarının qismən, yəni 2017-ci ilin oktyabr ayından 2019-cu ilin dekabr ayına kimi olan müddət üçün toplanmış 7103,2 manat hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxxx 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Nikahlarından iki övladları, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X16 doğulmuşdur. Cavabdehin iddası əsasında Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin az bir müddət sonra cavabdehlə barışaraq, ailə münasibətlərini bərpa etmişdilər. Lakin təkrar rəsmi nikah bağlamamışdılar. Cavabdeh həmçinin adı çəkilən qətnamə ilə az yaşlı övladları Murad üçün təyin edilmiş alimentdən imtina etmişdir. Daha sonra cavabdeh 2017-ci ilin oktyabr ayında evi tərk edərək ata evinə getmiş və xx xxxxxxx 2017-ci il tarixdə hər iki uşaq üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan iddiaçının xeyrinə 136,60 manat, cəmi 273,20 manat alimentin tutulması qət edilmişdir. Lakin həmin ilin dekabr ayında cavabdehlə təkrar barışmışdılar və ailə münasibətlərini bərpa etmişlər, bir ailə olaraq yaşamağa davam etmişlər. Həmin müddət ərzində cavabdeh və övladları ona məxsus evdə yaşamışlar, onlar birgə təsərrüfat aparmışlar, həmçinin cavabdehin tələbi ilə o, həmin mənzilə qeydiyyata düşmüşdür. 2019-cu ilin dekabr ayına qədər normal ailə münasibətləri davam etmişdir. Cavabdeh alimentlə əlaqədar olaraq Gəncə şəhəri üzrə icra İdarəsinə ərizə ilə müraciət edərək alimentin tutulması barədə icra sənədinin icra edilmədən geri qaytarılmasını xahiş etmiş və icra vərəqəsi icra edilmədən geri qaytarılmışdır. 2019-cu ilin dekabr ayında isə cavabdeh yenə evi tərk edərək atası evinə getmiş və həmin vaxtan hazırki vaxta qədər onlar ayrı yaşayırlar, uşaqlar isə cavabdehin yanındadır. Cavabdeh daha sonra Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə icra sənədi yenidən icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək 7376,4 manat borcun ondan alınmasını xahiş etmişdir. Hesab edir ki, cavabdehin ondan 7376,4 manat məbləğində pulu tələb etməsi əsassızdır. Belə ki, cavabdeh 2017-ci ilin oktyabr ayında evdən getdikdən sonra, dekabr ayında yenidən onunla barışmış və həmin vaxtdan 2019-cu ilin dekabr ayına kimi onlar bir yerdə ona məxsus mənzildə yaşamışdılar, birgə təsərrüfat aparmışlar və normal ailə münasibətlərinə davam etmişdilər. Həmin müddət ərzində o ailə başçısı və valideyn olaraq ailəsinə baxmış, ailəsinin, uşaqlarının maddi və digər ehtiyaclarını ödəmişdir. Cavabdehlə bir yerdə mehriban şəkildə yaşamışdılar. Cavabdeh barışdıqları üçün yenə alimentdən imtina etdiyini, icra idarəsinə imtina barədə ərizə verdiyini bildirmişdir. Ərizə isə onun nümayəndəsi kimi atası tərəfindən verildiyindən həmin ərizənin məzmunundan məlumatı olmamışdır. Sonradan məlum olmuşdur ki, ərizənin məzmunu alimentdən imtina deyil, icra sənədinin geri qaytarılması olmuşdur. Yəni bu məqsədli şəkildə edilmişdir. Ərizənin məzmununun mahiyyəti isə daha sonra vəkili tərəfindən ona izah edilmişdir. Nəticədə isə cavabdeh yaranmış vəziyyətdən sui-istifadə edərək əsassız şəkildə yaranmış aliment borcunu ondan tələb edir. Bundan başqa cavabdeh 2019-cu ilin dekabr ayının sonu ondan ayrıldığı üçün həmin müddətdən bu günə qədər olan dövr üçün almentin ondan tutulmasına etirazı yoxdur. Çünki həmin müddət ərzində onlar bir yerdə yaşamamışdılar. Göründüyü kimi, aliment tutulandan sonra cavabdehlə barışıb bir yerdə yaşamaqla ailəsini və uşaqlarını saxladığı üçün 2019-cu ilin dekabr ayına kimi olan müddət ərzində ondan aliment tutulması əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlandığı Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2018-ci il tarixli ərizə icra məmurunun təklifi ilə olmuşdur. Belə ki, icra məmuru Cahid Qasımov onunla telefon vasitəsilə əlaqə saxlayaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməyinin xahiş etmişdir. O İcra İdarəsində olarkən icra məmuru ona tərəflər barışdığı üçün ərizə yazmağını xahiş etmişdir. O da icra məmurunun təklifi ilə razılaşaraq ərizə tərtib etmişdir. Lakin o elə başa düşmüşdür ki, tərtib etdiyi ərizə icra məmurunun iş yükünün azaldılması üçündür. Hesab edir ki, hazırki iddia tələbi icra sənədinin icrasından yayınmaq məqsədi ilə qaldırılmışdır. Buna görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəl keçirilmiş iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o bir neçə dəfə iddiaçı ilə ayrılıb barışmışdır. Barışıdqdan sonra yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Bir müddət Rusiya Federasiyasında yaşadıqdan sonra iddiaçı yenə ailəsinə baxmadığına görə onlar ayrılmaq məcburiyyətində qalmışdırlar. 2011-ci ildə məhkəmənin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Az müddət sonra iddiaçı ilə barışıb yenidən birgə yaşamışlar. 2017-ci ilin sonlarında münasibətləri yenidən pozulmuş, bundan sonra o, məhkəməyə aliment tələbi ilə müraciət etmişdir. Həmin vaxtdan sonra valideynlərinin yanında yaşamışdır. 2017-ci ilin sonlarında o, atasının evində olan zaman iddiaçının atası gəlib onları barışdırmış və o yenə də iddiaçının evinə getmiş, 1 ay həmin evdə yaşadıqdan sonra yenə münasibətləri korlanmışdır. O, bundan sonra yenə atasının evinə qayıtmışdır. Sonradan yenidən barışsalar da iddiaçı ilə birlikdə mütəmadi yaşamamışdır. Gah atasının evində, gah da iddiaçının evində qalmışdır. 2018-ci ilin mart ayında atası aliment barədə icra sənədinin geri qaytarılması haqqında ərizə yazsa da hesab edir ki, onların birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq iddiaçı aliment ödəməlidir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısı oğludur. Tərəflər arasında ara-sıra ailə münaqişələri olmuş, lakin onlar sonradan barışmışdır. Daha əvvəl onlar bir dəfə də ayrılmış, sonradan barışaraq Rusiya Federasiyasına getmişlər. Rusiyadan qayıtdıqdan sonra onların arasında yenə mübahisə yaranmışdır. 2017-ci ilin sonlarında onlar ayrılmış, lakin həmin ilin dekabr ayında yenidən barışmışlar. Bundan sonra cavabdeh iddiaçı ilə yaxın vaxtlara qədər birlikdə yaşamışdır. Tərəflər həmişə bacısı Aqiləyə məxsus evdə yaşamışdırlar. Sonuncu dəfə iş üzrə cavabdehi bacısının ad günündə xx.xx.2019-cu il tarixdə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, iddiaçı onun doğma oğludur. Tərəflərin nikahından doğulmuş 1-ci uşaqları doğulduqdan sonra cavabdeh onun oğlundan küsərək atası evinə getmişdir. Cavabdeh 1 il atasının evində yaşadıqdan sonra yenidən iddiaçı ilə barışmışdır. Həmin ərəfədə o, oğlu ilə X5 şəhərində yaşayırdılar və cavabdeh də onların yanına gəlmişdir. Daha sonra tərəflərin 2-ci uşaqları Moskva şəhərində doğulmuşdur. 2017-ci ildə oğlu ilə cavabdehin münasibətləri yenə pozulmuş, cavabdeh məhkəməyə müraciət edərək aliment tələb etmişdir. Lakin həmin vaxt cavabdehin aliment tələb etdiyindən məlumatları olmamışdır. Bundan qısa müddət sonra oğlu ilə cavabdeh barışaraq onunla birlikdə yaşamağa davam etmişlər. Cavabdeh xx.xx.2019-cu ilədək ona məxsus evdə yaşamışdır və uşaqların bütün tələbatlarını oğlu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşu olmaqla yanaşı, yaxın dostdurlar. Buna görə də ailəni yaxşı tanıyır. O mütəmadi olaraq iddiaçıya məxsus evdə olur. Tərəflərin nikahından Murad və Ziya adında uşaqları var. Dəqiq vaxtını xatırlamasa da, tərəflərin 2-3 il bundan qabaq küsülü olduqlarının şahidi olmuşdur. Lakin sonradan onlar barışıb birlikdə yaşamışdırlar. Cavabdehi hazırda 1 ilə yaxındır ki, iddiaçıya məxsus evdə görmür. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, cavabdehin nümayəndəsi X1 şəhəri üzrə İcra İdarəsinə ünvanlandığı icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2018-ci il tarixli ərizəni onun yanında yazmışdır. Ərizənin yazılmasında tələbkarın nümayəndəsinə heç bir təzyiq göstərilməmişdir. Belə ki, qnunun tələblərinə uyğun olaraq icra sənədinin icra edilməsi məqsədilə o iddiaçının telefon nömrəsini tapa bilmədiyindən iddiaçının bibisi oğlu Elçinlə telefon vasitəsilə əlaqə saxlamış və Elçin ona tərəflərin barışdığını bildirmişdir. Bundan sonra o məsələni aydınlaşdırmaq üçün cavabdehin atası X3 ilə əlaqə saxlayaraq onu İdarəyə dəvət etmişdir. Bir neçə gün keçdikdən sonra cavabdehin nümayəndəsi İdarəyə gələrək həqiqətən də tərəflərin barışdıqlarını və birlikdə yaşadıqlarını bildirmişdir. O da öz növbəsində tələbkarın hazırda alimenti tələb etməməsini rəsmiləşdirmək üçün ona ərizə yazmalı olduğunu izah etmiş və cavabdehin nümayəndəsi icra sənədinin geri məhkəməyə qaytarılması barədə ərizə yazmışdır. Tələbkarın nümayəndəsinin ərizəsinə əsasən xx xxxx 2018-ci il tarixdə qərar qəbul edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədini Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə qaytarmışdır. İcra sənədi geri qaytarıldıqdan sonra tələbkar xx.xx.2020-ci il tarixədək alimentin yenidən tələb edilməsi ilə bağlı nə şifahi, nədəki yazılı qaydada idarəyə müraciət etməmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx xxxxxxxx 2009-cu ildə doğulmuş X7 və xx xxxxxx 2013-cü ildə doğulmuş X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər bir uşağa 136,60 manat olmaqla, iki uşağa görə cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə verilməsi, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxxx 2017-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlandığı xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, alimentin ödənilməsi barədə tərəflər qarşılıqlı razılığa gəldiyindən, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədinin geri qaytarılmasına göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2018-ci il tarixli “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarın surətindən görünür ki, tələbkar Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı hazırda 7376,40 manat məbləğində aliment borcunun olduğunu, borclu borcunu ödəməkdə müxtəlif bəhanələrlə yayındığını və buna görə də yaranmış 7376,40 manat borcun və hər ay aylıq 273,20 manat məbləğində alimentin onun hesabına ödənilməsinə köməklik edilməsi, borclu borcunu ödəməyəcəyi təqdirdə onun barəsində qanuna müvafiq icra tədbirlərinin görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının surətindən görünür ki, icra sənədinin yenidən icraya yönəldilməsinə dair icra sənədi üzrə tələbkar Cavabdeh nümayəndəsi X2 ərizəsi təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsi yenidən icraya yönəldilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8(043)-77/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Cavabdeh 2008-ci ildən 2019-cu ilin dekabr ayına kimi ünvan 3 ünvanda yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, o cümlədən şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(043)-7825/2017 nömrəli qətnaməsi ilə aliment məbləğinin tutulması qət edildikdən sonra tərəflər qısa müddət ayrı yaşadıqdan sonra barışaraq 2019-cu ilin dekabr ayına qədər birlikdə yaşamışdır. Cavabdehin (icra işində tələbkarın) nümayəndəsi xx xxxx 2018-ci ildə icra məmuruna ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmiş, xx xxxxxx 2019-cu il tarixdə isə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin 2018-ci ilin mart ayından 2019-cu ilin dekabrına qədər qısa müddət birlikdə yaşamalarını, birgə təsərrüfat aparmamalarını, buna görə də iddianın əsassız olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlillər şahidlərin ifadələri ilə və tədqiq edilmiş sübutlarla uzlaşmır. Belə ki, şahidlər cavabdehin həmin müddət ərzində iddiaçı ilə birlikdə yaşadığını göstərmiş, cavabdehin özü şahidlərin ifadələrini təkzib edəcək hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının qeyd etdiyi kimi tərəflərin faktiki ayrılmasından dərhal sonra cavabdehin nümayəndəsi icra sənədinin yenidən icraya yönəldilməsi barədə həm məhkəməyə, həm də icra orqanına müraciət etsə də bundan daha əvvəl belə bir müraciət nə yazılı, nə də şifahi qaydada olmamışdır. Bununla yanaşı iddiaçı 2017-ci ilin dekabr ayından barışıb birlikdə yaşadıqlarını iddia etsə də məhz həmin tarixdən cavabdehlə barışmaları və birgə təsərrüfat aparmaları mötəbər sübutlarla təsdiqini tapmamışdır. Buna görə də məhkəmə tərəflərin birlikdə yaşamağa başlamalarının əvvəlinin cavabdehin nümayəndəsinin icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə verdiyi tarixdən götürülməsini əsaslı hesab edir. Tədqiq edilən bütün bu faktlar tərəflərin həqiqətən də 2018-ci ilin mart ayından 2019-cu ilin dekabr ayınadək birlikdə yaşadıqlarını və cavabdehin həmin dövr üçün aliment ehtiyacının olmadığını təsdiq edir. Bu isə iddiaçının həmin dövrdə uşaqların saxlanması üçün xərcləri çəkdiyini göstərir. Alimentin təyin edilməsində məqsəd valideynin yetkinlik yaşına çatmamış uşağın saxlanmasında iştirak etməsini təmin etmək olduğundan uşaqları ilə birlikdə yaşamış və onların saxlanmasında iştirak etmiş valideyndən təkrarən həmin dövr üçün alimentin tutulması ədalətli və qanuni deyildir. Buna görə də məhkəmənin qənaətinə görə tərəflərin birlikdə yaşadıqları xx xxxx 2018ci il tarixdən 2019-cu ilin dekabr ayınadək keçən 21 ay müddət üçün hesablanmış 5737,20 manat aliment borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7825/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ondan tutulmalı olan, xx xxxx 2018-ci il tarixdən 2019-cu ilin dekabr ayınadək keçən 21 ay müddət üçün hesablanmış 5737,20 (beş min yeddi yüz otuz yeddi tam, yüzdə iyirmi) manat aliment borcunun ödənilməsindən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2863/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2863/2020
19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver