Məhkəmə qərarları › İş №2(043)-2935/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2935/2021

29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2935/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin uçarılması və torpağın zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən qanuni sahibliyində olan torpaq sahəsinin 200 kv.m hissəsindən cavabdehin çıxarılması və cavabdehin həmin torpaq sahəsində inşa etdiyi evin uçurulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, izahatında göstərdi ki, Gəncə şəhərində aparılan abadlıq işləri ilə bağlı 2017-ci ildə Kəpəz rayon İcra Hakimiyyəti onun Gəncə şəhəri, Həsən Əliyev küçəsi 1E nömrəli ünvanda yerləşən yaşayış evini sökdürmüş, qarşılıqlı razılıq əsasında Məhsəti qəsəbəsində, Sadiq Qurbanov küçəsində 400 kv.m torpaq sahəsində 68,9 kvm-dan ibarət ev tikdirmişdir. Bundan əvvəl 03 aprel 2017-ci il tarixli 604 nömrəli sərəncamla ona qəsəbənin həmin sahəsində evinin yerləşdirilməsinə (lavihələndirilməsinə) icazə verilmişdir. O, həmin evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istərkən aydın olmuşdur ki, torpağın 200 kvm hissəsi zəbt edilmiş, orada Sadıq Qurbanov küçəsi 35 nömrə altında ev tikilmişdir. Bu səbəbdən də daşınmaz əmlakın dövlət reyestri xidməti 29.06.2021-ci il tarixdə ona həmin 400 kvm sahədə yerləşən evinə dair çıxarış verməkdən imtina etmiş, şifahi qaydada onun zəbt edilmiş 200 kvm sahənin məsələsini bu və ya başqa qaydada həll etmək tövsiyə edilmişdir. Belə vəziyyətdə sahibliyinə verilən torpaq sahəsində inşa edilmiş evin uçurulmasına və torpağın zəbtdən azad edilməsinə dair iddia vermək məcburiyyətində qalmışdır. Cavabdehin onun sahibliyinə verilən torpaq sahəsinə hər hansı hüququ yoxdur. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının mübahisələndirdiyi evi və həmin evin altında yerləşən torpaq sahəsini 2017-ci ildə Kifayət adlı qadından tikili vəziyyətdə satın almışdır, göstərilən tarixdən də sahibliyində və istifadəsində olmaqla ailə üzvləri ilə həmin evdə yaşayır.İddiaçının hər hansı torpağını zəbt etməmişdir və hüququnu pozmamışdır. İddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi.Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 03.04.2017-ci il tarixli, 604 saylı sərəncamından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayonu Məhsəti qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən mülk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-cimaddəsində imperativ qaydada göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndində qeyd olunmuşdur ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 03 aprel 2017-ci il tarixli, sərəncamına əsasən ona Məhsəti qəsəbəsində 400,0 kv.m torpaq sahəsinin ayrılmasını iddia etsə də sərəncamda həmin torpaq sahəsinin ayrılması, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri göstərilməmişdir. Belə olan halda iddiaçının 400,0 kv.m torpaq sahəsinin onun sahibliyində və istifadəsində olmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməməsi məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı evin uçarılması və torpağın zəbtdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar