Məhkəmə qərarları › İş №2(043)-3013/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3013/2021

06.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3013/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı “kooperativ üzvlüyündən çıxarılma” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı “kooperativ üzvlüyündən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və X3 adlarının kooperativ üzvlüyündən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi inzibati orqan olan 12 saylı Ərazi Vergilər İdarəsinə yönəlmiş, tələb isə X4 və X1 üzvlüyündən çıxarılması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli,136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası 12 saylı Ərazi Vergilər İdarəsi inzibati orqan sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati orqana qarşı verilmiş tələb mülki icraat qaydasında icraata götürülməsindən imtina edilməli, inzibati orqana qarşı iddia tələbi aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət olunmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsi: 109-1.3. Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxilolma barədə qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu Məcəllənin 111-ci maddəsini müddəalarını nəzərə almaqla kooperativin idarəetmə orqanlarını formalaşdırır. 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. 112.2. Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. 112.3. Əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 112.4. Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Qeyd edilən mülki qanunvericiliyin tələbində göründüyü kimi, kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırır ki, kooperativ üzvünün kooperativdən çıxarılması kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada ümumi yığıncağın qərarı ilə həll edilən məsələ olaraq Mülki qanunvericilikdə göstərilmişdir. İddiaçının bu tələbi irəli sürməkdə hüquqi marağı kooperativ üzvlüyündən çıxarma, yəni kommersiya mübahisəsi olmaqla belə mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı “kooperativ üzvlüyündən çıxarılma” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilsin. Ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar