Məhkəmə qərarları › İş №2(043)-3217/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3217/2021

29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3217/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat məbləğində maddi ziyanın, habelə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 1000 (min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehdən 700 (yeddi yüz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, 30.07.2021-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi Volswagen Golf minik markalı **-CF-***qeydiyyat nömrə nişanlı avotmobillə Bakı-Qazax dairəvi yolunun 7-ci kilometrində sağa '‘Lukoil” yanacaqdoldurma məntəqəsinə dönüb yanacaq doldurma ərazisində hərəkət edərkən, soldan “Mercedec Benz” markalı **-BZ-*** qeydiyyat nömrə nişanlı avtomobil yüksək sürətlə qarşısına keçib idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə yerinə gələn Yol Patrul xidməti əməkdaşı olan baş inspektor polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən hadisənin sxemi çəkilərək "Mercedes Benz” markalı **-BZ-*** avtomobili idarə edən şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, hadisədən sonra avtomobilinə dəymiş ziyanın ödəməsini inzibati xəta törədən şəxs Cavabdeh öhdəsinə götürsə də, sonradan ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmış və məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək 700 manat məbləğində dəymiş zərəri iddiaçıya ödəməyə razıolduğunu bildirərək bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Mülki işə əlavə edilmiş 30.07.2021-ci tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol nəqliyat hadisəsinin törədilməsində təqsirli bilinərək İXM-in 327-ci maddəsi ilə 40 manat inzibati qaydada cərimə edilmişdir. 05.08.2021-ci il tarixli ziyan aktından görünür ki, Volswagen Golf minik markalı 99CF475 qeydiyyat nömrə nişanlı avtomobilə, 1705 manat dəyərində ziyan vurulmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının məxsus Volswagen Golf minik markalı 99CF475 qeydiyyat nömrə nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 700 (yeddi yüz) manat pul tutularaq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 700 (yeddi yüz) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir ) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar