Məhkəmə qərarları › İş №2(043)-3414/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3414/2020

25.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3414/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə bağlanmış Gəncə şəhəri, Nizami küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində yerləşən 16 saylı ticarət obyektinin 14 m2 qeyri-yaşayış sahəsinə icarəsinə dair müqavilənin ləğv olunması və cavabdehə məxsus əşyaların həmin qeyri yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddiaçı cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi qanunvericilikdə müqavilənin ləğvinin ilk növbədə tərəflərin razılığı ilə məhkəmədən kənar həlli qaydası müəyyən edilmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadıqda bu mübahisəyə məhkəmə tərəfindən baxıla bilər. İddiaçı iddia ərizəsinə müqavilənin ləğv edilməsi barədə cavabdehə təklifin verilməsi və cavabdehin bu təklifdən imtina etməsi və ya müəyyən edilmiş müddətdə təklifə cavab verməməsini təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267, 268ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar