Məhkəmə qərarları › İş №2(043)-347/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-347/2021

18.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-347/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X2, Cavabdeh2 oğlu və onun vəkili Vəkil Sərdar qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisi və Cavabdeh2 oğluna qarşı “mirasdan imtina barədə ərizələrin etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisi və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasdan imtina haqqında xx.xx.2020-ci il tarixli ərizələrin etibarsız hesab edilməsi və onları X3 qanun üzrə vərəsi kimi tanıyıb, ondan qalan və kütləsi iddia ərizəsində ayrıca siyahıda göstərilən mirasda 2/5 paylarının müəyyən edilməsi xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Aida İmanquliyeva (Muxtar Hacıyev) küçəsi, 5 №-li evin 29-cu mənzili onların olmuş, qarşılıqlı razılıq əsasında onu xx.xx.2015ci il tarixdə övladları X3 adına keçirsələr də, həmin mənzil onların yeganə yaşayış yerləri olmuşdur, qızları Günel isə ailəsi ilə Gəncə şəhəri, H.Əliyev prospekti, 1-ci döngə, 43 №-li evdə yaşamışdır. Cavabdeh Hüseynov X8 həyat yoldaşıdır, onların Sevil və Şəbinə adlı 2 azyaşlı uşaqları var. Qızları Günel xx.xx.2020-ci il tarixdə qəflətən vəfat etmişdir. Ondan bahalı əşyalar, o cümlədən təxminən 30 min manat dəyərində cehiz əşyaları, 15 min manat dəyərində qızıl-brilyant zinət əşyaları, bir də hazırda təxminən 11 min manat dəyərində olan “Şevrolet” markalı avtomaşının 1/2 hissəsi miras qalmışdır. Qızları Günelin qanun üzrə vərəsələri sırasında onlar 2 nəfər, onun həyat yoldaşı Samir və övladları Sevil və Şəbinə, yəni 5 nəfər var. Bütün vərəsələr mirası qəbul etdikləri halda qanuna görə mirasın 2/5 onlara düşür. Mərhum Günelin ailəsinin ehtiyacını nəzərə alıb, onlar miras əşyalardan (qızıllardan, cehizdən və avtomaşının miras olan yarısından) imtina etmək qərarına gəlmişlər. Mənzildən isə imtina etməmişlər, çünki yeganə yaşayış yerləri elə həmin mənzildir. Lakin, notarius Məhərrəm Talıbov onları qoca görüb, mirasın bir hissəsindən (zinət əşyalarından və avtomobildən) imtina yazmaq əvəzinə kürəkəninin öyrətməsi ilə onların ərizəni oxumamalarından istifadə edib, bütün mirasdan imtina yazdırmışdır. Bu hadisə xx.xx.2020-ci il tarixdə, yəni övladları Günelin ölümündən 3 ay 2 gün sonra baş vermişdir. Evdə onların adından yazılmış ərizə ilə tanış olub, aldadıldıqlarını bilən kimi, notariusa müraciət edib, tərtib etdiyi mirasdan imtina ərizəsini ləğv edib, ərizənin istəklərinə uyğun tərtib etməsini tələb etsələr də, onların tələbinə məhəl qoyulmamışdır. Ona görə də, mirasdan imtina ərizələrinin etibarsız hesab edilməsi və vərəsəliyə dair iddia qaldırmaq zərurətində qalmışlar. Onlar miras mənzilə faktiki sahiblik etmiş, həm də onu idarə etmişlər. Mirsdan imtina ərizəsi vərəsəlik açılandan 3 ay 2 gün sonra tərtib və təsdiq edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, notariusa verdikləri ərizələrin etibarsız hesab edilməsi və qızlarından qalmış mirasdan hər birinin 1/5 payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 oğlu iddianı qəbul edərək izahatında bildirdi ki, o, iddiaçıların notariat orqanına verdikləri mirasdan imtina olunmasına dair ərizələrin etibarsız sayılması və iddiaçıların hər birinin X1 miras qalmış əmlakda 1/5 hissədə payının müəyyən edilməsinə etiraz etmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Gəncə “ASAN xidmət” mərkəzində notarius ofisi məhkəməyə ərizə təqdim edərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və qanuna uyğun qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, cavabdehin müraciətini nəzərə alaraq, mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 1988-ci il tarixli 139 nömrəli orderin surətindən görünür ki, X4 ailə üzvləri arvadı - İddiaçı1, qızı-X5 ilə birlikdə Gəncə şəhəri, İddiaçı2 küçəsi (indiki Aida İmanquliyeva küçəsi), ev 5 ünvanında yerləşən 29 saylı mənzil ilə təmin olunmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, xx.xx.1987-ci ildə doğulmuş X3 atası İddiaçı2 qızı, anası İddiaçı1dır. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 2 29 ünvanında yerləşən mənzil xx.xx.2015-ci ildən X3 xüsusi mülkiyyətindədir. İş materillarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X5 ilə Cavabdeh2 oğlu arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahından xx.xx.2016-cı ildə X7 və xx.xx.2019-cu il X6 doğulmuşdur. İş materiallarına əlavə edilən AZ-İİ seriyalı 083332 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 689 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan İddiaçı2 tərəfindən “Gəncə Asan Xidmət” Mərkəzinin Notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdə vəfat etmiş qızı X3 vəfatından sonra ona məxsus olan bütün miras əmlakdan ona çatası paydan imtina etmişdir. İş materiallarında olan İddiaçı1 tərəfindən “Gəncə Asan Xidmət” Mərkəzinin Notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdə vəfat etmiş qızı X3 vəfatından sonra ona məxsus olan bütün miras əmlakdan ona çatası paydan imtina etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ünvan 4 29 ünvanında yerləşən mənzil sosial kirayə müqaviləsi əsasında İddiaçı2 və onun ailə üzvlərinə verilmişdir. Daha sonra həmin mənzil ailə üzvlərinin qarşılıqlı razılığı əsasında X3 adına özəlləşdirilmiş və onun həmin mənzil üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X5 xx.xx.2015-ci il tarixdə Cavabdeh2 oğlu ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.2016-cı ildə X7 və xx.xx.2019-cu il X6 doğulmuşdur. X5 ailə həyatı qurduqdan sonra da iddiaçılar ünvan 5 29 ünvanında yerləşən mənzildə yaşamağa davam etmişlər. X5 xx.xx.2020-ci il tarixdə ölmüş, onun ölümü elə həmin tarixdə iddiaçılara bəlli olmuşdur. X3 ölümündən bugünə kimi onun mülkiyyətində olan mənzildə iddiaçılar yaşayırlar. İddiaçılar xx.xx.2020-ci il tarixdə Notariat Ofisinə müraciət edərək, qızları Günel Hacıyevadan mirasdan qalmış bütün əmlakdan imtina etmələrinə dair ərizə təqdim etmişlər. Hazırda isə iddiaçılar ərizələrin məzmununu başa düşmədən imzaladıqlarını, eləcə də mirasdan imtina etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdükdən sonra müraciət etdikləri üçün sözügedən ərizələrin etibarsız sayılmasına isnad edərək, onların Günel Hacıyevadan miras qalmış əmlakda hər birinin payının müəyyən edilməsini xahiş etmişlər. Cavabdeh2 oğlu isə iddianı qəbul edərək, iddiaçıların mirasdan imtina etmələrinə dair ərizələrinin etibarsız hesab edilməsi və Günel Hacıyevadan miras qalmış əmlaklarda onların hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Günel Hacıyeva xx.xx.2020-ci il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçılara bəlli olmuşdur. Buna baxmayaraq, onlar vərəsəliyə çağırıldıqlarını bildikləri gündən 3 ay 2 gün keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə mirasdan imtina etmələrinə dair ərizə ilə notariat ofisinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 369.3-cü maddəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. 371.1-ci maddəsinə əsasən əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Məhkəmə qeyd edir ki, notariat ofisi iddiaçıların mirasdan imtina etmələrinə dair ərizələrini qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinin tələbinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən üç ay ərzində mirasdan imtina edə bilər. Həmin müddət keçdikdən sonra mirasdan imtinanın qəbul edilməsi yolverilməzdir. Mirasdan imtina müddəti üzrlü səbəblər olduğu halda, yalnız məhkəmənin qərarı ilə uzadıla bilər. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçıların mirasdan imtina etmələrinə dair notariat ofisinə təqdim etdikləri xx.xx.2020-ci il tarixli ərizələr qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə etibarsız sayılmalı, iddia həmin hissədə təmin edilməlidir. Digər tərəfdən, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, mirasın açıldığı vaxtdan bugünədək iddiaçılar Günel Hacıyevadan miras qalmış əmlaklardan biri – ünvan 5 29 ünvanında yerləşən mənzildə yaşamaqla, həmin əmlaka sahiblik və idarə etməyə davam etməklə, miras qəbul etdiklərini şəksiz nümayiş etmişlər. Miras qoyan Günel Hacıyevanın ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi beş nəfər şəxsin olması müəyyən edilir: Valideynləri (iddiaçılar), əri (cavabdeh) və iki uşağı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların miras qoyandan miras qalmış əmlaklardan birinə münasibətdə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələri məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə öz təsdiqini tapdığından, onların hər birinin Günel Hacıyevadan miras qalmış əmlaklarda 1/5 hissədə payının olması müəyyən olunmalıdır. Digər tərəfdən, iddia həmçinin ona görə təmin edilməlidir ki, iddia tələbi cavabdeh tərəfindən qəbul edilmişdir və o, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, iddiaçıların mirasdan imtina etmələrinə dair notariat ofisinə təqdim etdikləri xx.xx.2020-ci il tarixli ərizələr etibarsız hesab edilməli, X1 miras qalmış əmlaklarda İddiaçı2 və İddiaçı1 hər birinin 1/5 hissədə miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı2 və İddiaçı1 tərəfindən “Gəncə Asan Xidmət” Mərkəzinin notariat ofisinə təqdim edilmiş mirasdan imtina haqqında xx.xx.2020-ci il tarixli ərizələr etibarsız hesab edilsin. xx.xx.2020-ci il tarixdə ölmüş X1 miras qalmış əmlaklarda İddiaçı2 və İddiaçı1 hər birinin 1/5 hissədə miras payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar