Məhkəmə qərarları › İş №2(043)-3489/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3489/2021

27.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3489/2021 27.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı «istifadə etdiyi yolda olan qapının sökülüb götürülməsi, yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gediş-gəlişin təmin edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə etdiyi yolda olan qapının sökülüb götürülməsi, cavabdeh tərəfindən onun yoluna yığılmış əşyaların və maşının götürülməsi, yolda it saxlanmasının qarşısının alınması və yolda normal gediş-gəlişin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə əsasən iddia ərizəsində iddiaçının tələbi dəqiq və aydın olmalıdır. İddiaçı tələbində istifadə etdiyi yolda olan qapının sökülüb götürülməsi, cavabdeh tərəfindən onun yoluna yığılmış əşyaların və maşının götürülməsi, yolda it saxlanmasının qarşısının alınması və yolda normal gediş-gəlişin təmin edilməsini tələb ediyini bildirsə də, onun qeyd etdiyi “istifadəsində olan yolun” hansı ərazidə (hansı küçədə, hansı ünvanda və s.) yerləşməsini iddia ərizəsində dəqiq göstərmədiyindən, onun tələbini müəyyənləşdirmək mümkün deyil. Bundan başqa iddia ərizəsində iddiaçı kimi “İddiaçı” qeyd edilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddia ərizəsinin məzmununda qeyd edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “X2” adlı şəxsə məxsusdur, həmçinin iddia ərizənə əlavə edilmiş dövlət rüsumu barədə qəbzdən görünür ki, dövlət rüsumu da İddiaçı tərəfindən deyil, məhz X2 tərəfindən ödənilmişdir. Belə olan vəziyyətdə iddiaçı özü hazırki iddia ərizəsi üzrə faktiki olaraq dövlət rüsumunu ödəməmiş hesab olunur. Bundan başqa, iddiaçı iddia ərizəsində X1 onun həyat yoldaşı olduğunu bildirərək, iddia ərizəsinə əlavə olunmuş sənədlər siyahısına “nikah haqqında şəhadətnamənin surəti”nin əlavə olunduğunu qeyd etsə də, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi dəftəxanasının işçiləri tərəfindən tərtib edilmiş 23.09.2021-ci il tarixli aktdan görünür ki, nikah haqqında şəhadətnamənin surəti faktiki olaraq iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı «istifadə etdiyi yolda olan qapının sökülüb götürülməsi, yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gedişgəlişin təmin edilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bununla yanaşı məhkəmə prosessual qənaət prinsipi baxımından qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına qeydə alındığına görə, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmaqla cavabdehə qarşı hazırki iddia tələbinin də məhz Kəmalə Məmmədova tərəfindən irəli sürülməsi daha məqsədəuyğundur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı «istifadə etdiyi yolda olan qapının sökülüb götürülməsi, yığılmış əşyaların və maşının götürülməsi, it saxlanmasının qarşısının alınması və normal gediş-gəlişin təmin edilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar